Məlumdur ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif fənn olimpiadalarının, bilik yarışlarının mühüm əhəmiyyəti var. Təhsil Nazirliyi tərəfindən istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları, bir qayda olaraq, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Builki yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. 33 minə yaxın şagirdin iştirak etdiyi builki Respublika fənn olimpiadalarında 298 nəfər qalib elan olunub. Fənn olimpiadalarının nəticələrinə əsasən, qızıl medala layiq görülmüş 8 məktəbli həm də “Birincilərin birincisi” adını qazanıb. Şagirdlərimizdən Ramil Babazadə kimya, Emil Qasımov riyaziyyat, Zahir Məmmədzadə coğrafiya, Vüqar Rufulla tarix, Günay Quliyeva Azərbaycan dili və ədəbiyyat, Günel Mahmudova biologiya, Məhəmməd Yusifov fizika, Ziya Muxtarov informatika fənləri üzrə “Birincilərin birincisi” nominasiyasında qalib olublar. Onlarla daha yaxından tanış olaq.
“Fənn olimpiadaları obyektiv və maraqlı keçdi”
Ramil Babazadə,
Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin XI sinif şagirdi
2001-ci il mayın 6-da Şəki şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 74 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub, VI sinifdə imtahan verərək “İstək” liseyində oxumaq şansı qazanıb. IX sinifdə oxuyarkən 50-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirakçı diplomu, Respublika fənn olimpiadalarında gümüş, Gürcüstanda keçirilən 48-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc, X sinifdə İndoneziyanın Denpasar şəhərində keçirilən Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasında bürünc, 2017-ci ilin mart ayında keçirilən 51-ci Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medallara sahib olub. 2017-ci ildə Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolis olimpiadasında, eləcə də Tailandda təşkil olunan 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medallara layiq görülüb.
- Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika fənn olimpiadaları hər il olduğu kimi, bu il də obyektiv və maraqlı keçdi. 3 turdan ibarət olan fənn olimpiadasına 8 fənn üzrə ölkəmizin müxtəlif regionlarından şagirdlər qatılmışdı. Artıq 3-cü il idi ki, mən də bu olimpiadada böyük həvəslə iştirak edirdim. 2016-cı ildə gümüş, 2017-ci ildə qızıl medal qazanaraq “Birincilər birincisi” nominasiyasına layiq görülmüşdüm. Bu il də bu estafeti qoruyub saxlamağı qarşıma məqsəd qoydum və hədəfimə nail olaraq 2-ci dəfə bu nominasiyaya layiq görüldüm. Qaliblərin mükafatlandırılması mərasimi mayın 15-də Təhsil Nazirliyi tərəfindən çox yüksək səviyyədə təşkil olundu. Nəticə göstərən hər bir şagirdin əziyyəti diplom və qiymətli mükafatlarla dəyərləndirildi. Bu cür yarışlar şagirdlərin müxtəlif sahələri daha dərindən mənimsəməsinə və məktəblilər arasında sağlam rəqabət mühitinin yaranmasına səbəb olur.
11-ci sinif olaraq bu il Respublika fənn olimpiadaları karyerama 1 gümüş və 2 “Birincilər birincisi” nominasiyası ilə son qoydum. Qarşıda Çexiya və Slovakiya respublikalarının birgə təşkilatçılığı ilə keçiriləcək 50-ci Beynəlxalq Kimya Olimpiadası gözlənilir. Hədəfim keçən il olduğu kimi bu il də Azərbaycan bayrağını digər qızıl medal alan ölkələr sırasında - ən yüksək zirvədə dalğalandırmaqdır.
“Bu, əldə etdiyim üçüncü qızıl medal oldu”
Emil Qasımov,
Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin XI sinif şagirdi
19 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda Nərimanov “İstək” liseyinin XI sinif şagirdidir. Bu il Cənubi Koreyanın KAIST (Korea Advanced Institute of Science and Technology) Universitetinə tam təqaüdlə qəbul olunub.
2015-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medala layiq görülüb. Junior Balkan Riyaziyyat Olimpiadasında (Serbiya) iştirak edib. 2016-cı ildə Beynəlxalq Zhautykov Olimpiadasında riyaziyyat fənni üzrə bürünc, 2017-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medallara, Beynəlxalq Riyaziyyat Olimpiadasında (Braziliya) həvəsləndirici mükafata (honorable mention), riyaziyyat fənni üzrə Respublika Olimpiadasında “Birincilərin birincisi” adına layiq görülüb. Bu il Balkan Riyaziyyat Olimpiadasında iştirak edib.
- 2018-ci il Respublika fənn olimpiadaları mənim üçün çox uğurlu keçdi. Final mərhələsində təqdim olunan 5 sualın hər birini tam cavablandırmaqla maksimum bal olan 25 balı əldə etdim. Bu mənim Respublika fənn olimpiadalarında əldə etdiyim 3-cü qızıl medal oldu, ancaq ilk dəfədir ki, “Birincilərin birincisi” adına layiq görülürəm. Əldə etdiyim bu uğura görə valideynlərimə, müəllimlərimə və mənim üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm.
“Ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm”
Məhəmməd Yusifov,
Gəncə şəhəri 26 nömrəli məktəbin eksperimental pilot siniflərin IX sinif şagirdi
2003-cü ildə Tovuz rayonunda anadan olub. İlk I-VI sinifləri Tovuzda təhsil aıb. Daha sonra isə Gəncə “İstək” liseyində təhsilini davam etdirməyə başlayıb.
- Builki respublika fənn olimpiadaları mənim üçün uğurlu keçdi. Düzdür, builki suallar gözümdə keçən ildəkindən çətin idi, bu isə ən güclülərin seçilməsində daha böyük effektə sahib oldu. Ümumi nəticələri keçən ildəkindən daha yaxşı olaraq dəyərləndirirəm (9-cu siniflər nümunəsində), ortalama bal keçən ildəkindən daha yüksək olub. İmtahana başlayanda “Birincilərin birincisi” olmağı güman etmirdim, düşünürdüm ki, birinciliyə yetişə bilməyəcəyəm, lakin imtahanda təmkinli davranıb axıracan gözlədim ki, unutduğum bir sey varsa xatırlayım, buna görə də nəticəm yüksək oldu. Məncə, imtahanda layiqincə iştirak etdim və “Birincilərin birincisi” adına layiq görüldüm. Qaliblərin mükafatlandırılma mərasimi çox yüksək səviyyədə keçdi. Gələcəkdə IT sahəsində ali təhsil almağı planlaşdırmışam, bunun əsrin ən vacib sahələrindən olduğunu deyə bilərəm. Ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm. IT sahəsinə maraq göstərsəm də, fizika olimpiadaçısıyam, fizika fənni üzrə “Birincilərin birincisi” seçilmişəm.
“Azərbaycanın adını daim ucaltmağa çalışacağam”
Ziya Muxtarov,
Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi
2001-ci il mayın 21-də Bakı şəhərində anadan olub. IX sinfə qədər təhsilini Bakıdakı 283 nömrəli tam orta məktəbdə alıb. 2015-ci ildə imtahan verərək akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul olunub. Hazırda təhsilini həmin liseydə davam etdirir.
- İnformatika fənninə marağım kiçik yaşlarımdan başlayıb. İllər keçdikcə bu maraq daha da güclənib, bu sahədə heç bir yeniliyi nəzərimdən qaçırmamağa çalışmışam. İnformatika fənni üzrə bir çox beynəlxalq və respublika olimpiadalarında iştirak etmişəm. Olimpiadalarda qazandığım uğurlara görə təkcə bir müəllimin adını qeyd edə bilmərəm. Mənə ilk gündən qələm tutmağı, əlifbanı öyrədən, elmin dərinliklərini mənimsədən bütün müəllimlərimə dərindən təşəkkür edirəm. Builki olimpiadada müxtəlif məktəblərdən şagirdlər iştirak edirdilər. Olimpiadanın yüksək səviyyədə təşkil olunması da qələbəmizdə müəyyən rol oynadı. İnformatika fənni üzrə olimpiadada verilən suallar yetərli qədər çətin idi. Lakin illərlə qazandığım biliklər bu çətinliklərin öhdəsindən gələrək “Birincilərin birincisi” olmağıma şərait yaratdı.
2018-ci il respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırma mərasimində müxtəlif elm sahələrində çalışan ziyalılar iştirak edirdi. Təhsil naziri Ceyhun Bayramovun bizi şəxsən təbrik edərək qiymətli hədiyyələr təqdim etməsi biz qalibləri çox sevindirdi və qürurlandırdı.
Gələcəkdə arzum orta məktəbi bitirdikldən sonra ali təhsilimi proqramçı ixtisası üzrə xarici ölkələrin birində almaqdır. Harada olmağımdan asılı olmayaraq həmişə vətənim Azərbaycanın adını daim ucaltmağa çalışacağam.
“Qalib gəlmək hər bir şagirdin arzusudur”
Vüqar Rufulla,
Bakı şəhəri 261 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi
2002-ci il yanvarın 6-da Bakı şəhərində anadan olub. 2008-ci ildə 261 nömrəli məktəb-liseyin 1-ci sinfinə qəbul olub. Hazırda həmin məktəbin X sinfində təhsil alır.
- Respublikamızda keçirilən fənn olimpiadalarının çox böyük əhəmiyyəti vardır. Belə müsabiqələr şagirdlər arasında rəqabəti artırmaqda, istedadlı şagirdlərin aşkar edilməsində böyük rol oynayır. Bu cür mötəbər yarışlarda iştirak etmək və orada qalib gəlmək hər bir şagirdin arzusudur. Bu il keçirilən olimpiadada bu arzuma çatdım və tarix fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Belə bir yarışda qalibiyyət məndə böyük sevinc və fərəh hissi yaratdı. Olimpiada qaliblərinin mükafatlandırma mərasimi çox gözəl keçdi.
“Biologiya Dünya Olimpiadasında iştirak edəcək 4 şagirddən biriyəm”
Günel Mahmudova,
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi
2000-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub. İbtidai təhsilini paytaxtdakı 38 nömrəli tam orta məktəbdə bitirdikdən sonra V sinifdən təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirməyə başlayıb.
- Biologiya fənninə olan marağım mənim IX sinifdə Respublika fənn olimpiadalarına qatılmağıma səbəb oldu. Nəticədə gümüş medalla respublika 2-cisi oldum. Bundan sonra, respublika olimpiada hazırlıq mərkəzində keçilən dərslərə qatıldım və biologiya fənnini daha dərindən öyrənməyə çalışdım. Buna görə yenə məhz biologiya haqqında müxtəlif xarici ədəbiyyatları oxumağa başladım. Əməyimin bəhrəsini isə bu il “Birincilərin birincisi” adına layiq görülməyim və qızıl medal almağımla əldə etdim. Hal-hazırda ölkəmizi 29-cu Biologiya Dünya Olimpiadasında (İBO) təmsil etmək üzrə seçilən 4 şagirddən biriyəm. Gələcək planlarım çoxdur. Bunlardan ən birincisi qardaş ölkə Türkiyədə tibb ali təhsili almaq və bu təhsilin sonrakı magistratura pilləsini Amerikada davam etdirməkdir.
“Anama və müəllimlərimə təşəkkürlərimi çatdırıram”
Günay Quliyeva,
Qazax rayonu Kommuna kənd S.Həsənov adına tam orta məktəbin IX sinif şagirdi
2003-cü il oktyabrın 7-də Qazax rayonunun Kommuna kəndində anadan olub. 2009-cu ildə S.Həsənov adına Kommuna kənd tam orta məktəbin I sinfinə qəbul olunub. Hazırda həmin məktəbin IX sinfində oxuyur.
- Fənn olimpiadalarına qatılmağımda və uğurlu iştirakımda təhsil aldığım məktəbin kollektivinin dəstəyini qeyd etmək istəyirəm. İbtidai sinif müəllimim Vəfa xanım qayğı ilə mənə Vətəni sevməyi öyrədib, məni bilik əldə etməyə həvəsləndirib. Digər müəllimlərim də həm mənə, həm də sinif yoldaşlarıma kitab oxumağı, olimpiada və bilik müsabiqələrində iştirak etməyi məsləhət görüblər. Mən də onların dəstəyi ilə bu il “Ədəbiyyat biliciləri” müsabiqəsində və Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika fənn olimpiadasında iştirak etdim. Rayon mərhələsini keçdikdən sonra “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsində iştirak etmişəm. Respublika fənn olimpiadasında isə IX siniflər arasında birinci yeri tutmuş və “Birincilərin birincisi” nominasiyası üzrə mükafatlandırılmışam. Bu cür olimpiadaların keçirilməsi şagirdlərin biliklərinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Olimpiadalar bizi dərslərimizi daha məsuliyyətlə öyrənməyimizə sövq edir, həvəsləndirir. Belə əhəmiyyətli tədbirlər təşkil etdiyi üçün Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Məni hər zaman dəstəklədikləri üçün anama və məktəbimizin bütün müəllim kollektivinə təşəkkürlərimi çatdırıram.
“Birincilərin birincisi” olmağım mənim üçün sürpriz oldu”
Zahir Məmmədzadə,
Bakı şəhəri 239 nömrəli tam orta məktəbin X sinif şagirdi
2002-ci ildə Bakıda anadan olub. 2008-ci ildə 236 nömrəli tam orta məktəbə daxil olub. 2012-ci ildən təhsilini 239 nömrəli tam orta məktəbdə davam etdirir.
- Builki respublika fənn olimpiadaları mənim üçün çox böyük uğurlara imza atmağıma səbəb oldu. Coğrafiya fənni üzrə qatıldığım yarışda ilk tur olan rayon (şəhər) və ikinci tur olan yarımfinal mərhələlərini yüksək ballarla keçərək final mərhələsinədək yüksəldim. Final mərhələsində isə 50 ballıq sistemdən 49 bal toplayaraq nəinki 10-cu siniflərin birincisi, hətta ümumilikdə coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Final turunda nəticələr açıqlanmazdan əvvəl 1-ciliyi gözləməsəm də yer tutacağımdan əmin idim. “Birincilərin birincisi” nominasiyası isə mənim üçün, sözün əsl mənasında, sürpriz oldu. Bu olimpiadada artıq ənənə halını almış məqamlardan biri də hər fəndən ölkə üzrə ən güclü şagirdin “Birincilərin birincisi” nominasiyası üzrə təltif edilməsidir. Təbii ki, bu nominasiyanı əldə etmək hər şagird kimi mənim də arzum olub. Nəhayət, bu il arzuma çataraq respublika fənn olimpiadalarının coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. 33 min şagirdin qatıldığı bilik yarışmasında fənnim üzrə 8 nəfərdən biri olmaq məni çox qürurlandırdı. 15 may tarixində keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Təhsil Nazirliyi tərəfindən 1-cilik medalı və qiymətli hədiyyə ilə mükafatlandırıldım. Ümumiyyətlə, olimpiada zamanı və qalibiyyəti əldə etdikdən sonra yaşadığım hisslər sözlə ifadə edilməyəcək qədər gözəl idi.
Oruc MUSTAFAYEV