Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş “Sən əbədi bir günəşsən, Azərbaycan!” mövzusunda onlayn tədbir keçirilib.

 

Onlayn tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və şagirdlər iştirak ediblər.

 

Tədbirin keçirilməsində əsas məqsəd məktəbliləri Milli Qurtuluş Gününün tarixi barədə məlumatlandırmaq, onlarda dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaqdan ibarətdir.

 

BŞTİ-nin müdiri Rəşad Tağıyev tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayıb. Azərbaycan tarixində mühüm rol oynayan bu günün tarixi barədə ətraflı məlumat verən R.Tağıyev ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısının alındığını bildirib.

 

İdarə müdiri ulu öndər Heydər Əliyevin digər sahələrdə olduğu kimi, təhsil sektorunda da misilsiz işlər gördüyünü, məktəb infrastrukturunun əsaslı şəkildə yeniləndiyini, dünya təhsilinə inteqrasiya yönündə əsaslı islahatlara yol açdığını, ən əsası bütün cəmiyyətdə sabaha inam, daha xoşbəxt gələcək üçün çalışmaq əzminin artmağa başladığını diqqətə çatdırıb. R.Tağıyev ulu öndərin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu və əhəmiyyətini həmişə nəzərə aldığını, yüksək dəyərləndirdiyini də söyləyib.

 

Həmçinin R.Tağıyev bu tarixi günün, həm də ölkədə ənənəvi tədris ilinin başa çatması ərəfəsinə düşdüyünü vurğulayaraq məzunların hər birini  təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

 

Onlayn tədbir paytaxt məktəblilərinin və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi və idman nömrələri, ədəbi-bədii kompozisiyalar və rəqslərlə davam edib. Çıxış edən məktəblilər ulu öndərin həyat və fəaliyyətindən bəhs edib, ölkəmizin bugünkü uğurlarının onun adı ilə bağlı olduğunu söyləyiblər.