“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İdarəetmə Komitəsinin 8-cı iclası keçirilib. Onlayn keçirilən iclasa Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı qoşulub. 

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini, həmçinin digər iclas iştirakçılarını salamladıqdan sonra layihənin 8-ci rübü ərzində görülmüş işlər barədə qısa məlumat verib. Yaqub Piriyev layihənin başlıca nailiyyətlərindən birinin kompetensiya əsaslı təhsil proqramlarının çərçivə sənədinin işlənib hazırlanması olduğunu nəzərə çatdırıb və faydalılığı barədə danışıb. 

 

Daha sonra Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək bildirib ki, karantin rejiminin elan olunmasına baxmayaraq, Tvinninq layihəsi fəaliyyətini davam etdirib, bir sıra sənədlər üzərində iş aparılıb.

 

Sonra layihənin Rezident Tvinninq Müşaviri Liza Bıdanova 8-ci rüb üzrə layihənin icrası istiqamətində aparılan işləri iştirakçıların diqqətinə çatdırıb.

 

Yekunda layihənin komponent rəhbərləri son rüb ərzində öz komponentləri çərçivəsində görülən işlər barədə qısa məlumat veriblər.