Uğur qazanan namizədlər işə qəbul müsabiqəsində iştirak edərək müddətli müqavilə əsasında ikinci iş yerini seçə biləcəklər
İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
7539 vakant yerə 6871 müəllim
2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılıb. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.
Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri üzrədir. Azərbaycan bölməsində musiqi fənni üzrə 1421, təsviri incəsənət üzrə 788, rus dili üzrə 694, kimya üzrə 672, informatika üzrə 487, ingilis dili üzrə 453, texnologiya üzrə 318, riyaziyyat üzrə 309, biologiya üzrə 290, fiziki tərbiyə üzrə 287, fizika üzrə 275, Azərbaycan dili və ədəbiyyat üzrə 203, ibtidai sinif üzrə 167, coğrafiya üzrə 157, tarix üzrə 134, fransız dili üzrə 13, alman dili üzrə 12 vakant yer var.
Rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir. Belə ki, ibtidai sinif üzrə 135, informatika üzrə 83, fiziki tərbiyə üzrə 66, musiqi üzrə 63 vakant yer çıxarılıb. Rus bölməsində müəllimə tələbatın ən az duyulduğu fənlər fransız dili, alman dili və tarix üzrədir. Fransız dili üzrə 9, alman dili üzrə 26, tarix üzrə 27 vakant yer müsabiqəyə çıxarılıb.
Bakı məktəblərində rus bölməsi üzrə 299, Azərbaycan bölməsi üzrə 395 vakant yer müsabiqəyə təqdim edilib. Bakıda Azərbaycan bölməsi üzrə ən çox vakant yer rus dili (91 yer), fiziki tərbiyə (60 yer), informatika (43 yer) üzrədir.
Paytaxt məktəblərində rus bölməsi üzrə 30 fiziki tərbiyə, 29 informatika, 28 ibtidai sinif müəlliminə ehtiyac var.
Yerdəyişmə zamanı bunlar nəzərə alınır
Xatırladaq ki, Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı bir sıra sosial amilləri nəzərə alır. Məsələn, ər və ya arvadın hərbçi olması, şəhid ailəsinin üzvü olma, namizədin iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirilir. Bu sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə tələb olunan bəzi sənədləri yükləyirlər. Əri və ya arvadı hərbçi olduqda namizəd nikah haqqında şəhadətnamənin surətini, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, şəhid ailəsinin üzvü olduqda şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini, şəhidlə yaxın qohumluğunu təsdiq edən sənədin surətini, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini, qeyd olunan bu şərtləri ödədikdə sosial amilləri təsdiq edən bütün sənədlərin surətini sistemə əlavə edirlər.
Müsabiqəyə üstünlük verdikləri balla qatılırlar
Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdirilir. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatılırlar.
Bu il müsabiqə şərtlərində müəllimlərin xeyrinə dəyişiklik də edilib. Belə ki, ötən il yerdəyişmə müsabiqəsində iştirak edənlər ikinci iş yerini seçə bilmirdilər. Bu il belə bir məhdudiyyət nəzərdə tutulmur. Yerdəyişmə müsabiqəsində uğur qazanan namizədlər işə qəbul müsabiqəsində iştirak edərək müddətli müqavilə əsasında ikinci iş yerini seçə biləcəklər.
Ruhiyyə DAŞSALAHLI