Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun İctimai Nəzarət Şurasının üzvləri ilə onlayn görüşü keçirilib.
UNEC-dən bildirilib ki, görüşün məqsədi İctimai Nəzarət Şurasının üzvləri ilə distant tədrisin yekunu və imtahan sessiyasının müzakirəsini təmin etmək olub.
Millət vəkilləri- Hikmət Babaoğlu, Arzu Nağıyev, Etibar Əliyev, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun iştirakı ilə keçirilən görüşdə rektor Ə. Muradov pandemiya dövründə UNEC-də təşkil olunan distant dərslər barədə məlumat verib.
UNEC Ekstern Mərkəzində başlanılan distant dərslərin karantin rejiminin tətbiqindən sonra evlərdə davam etdirildiyini diqqətə çatdıran rektor tədris ilinin əvvəlində nəzərdə tutulan akademik cədvəl əsasında gün ərzində 900-1100 distant dərsin təşkil olunduğunu, ümumilikdə isə tədris ilinin sonunadək dərslərin təşkilinin 100% yerinə yetirildiyini deyib. Ə.Muradov virtual dərslərin videoyazılarının, mühazirələrin, tövsiyə olunan materialların siyahısının, eləcə də sınaq imtahanlarının və test suallarının tələbələrin şəxsi kabinetlərinə göndərildiyini bildirib.
UNEC-də imtahanların proktorinq sistemi əsasında aparılacağını deyən rektor, universitetin 420 əməkdaşına (proktorlara) imtahana nəzarət təlimlərinin keçirildiyini bildirib. Distant təhsillə bağlı tətbiq olunan iki yeniliyi də şura üzvləri ilə bölüşən Ə.Muradov UNEC-də Distant Ali Təhsil üzrə Beynəlxalq Forumun təsis olunduğunu və xaricdə yaşayan nüfuzlu alimlərin iştirakı ilə birinci forumun keçirildiyini, eləcə də UNEC Distant Təhsil Tədqiqat İnstitutu yaradıldığını diqqətə çatdırıb.
Millət vəkili Hikmət Məmmədov pandemiyadan öncə də UNEC-də distant təhsil təcrübəsinin olduğunu və distant təhsilin tətbiqi zamanı universitetin ölkə ali təhsil müəssisələri arasında öndə olduğunu bildirib. UNEC-in bu istiqamətdə təcrübəsinin təhsilimizə yeni keyfiyyət qazandıracağını deyib.
Millət vəkili Etibar Əliyev ölkədə distant təhsil mədəniyyətinin formalaşmasının vacibliyindən danışaraq, distant imtahanların təşkilində qarşılıqlı inam və etimadın əsas rol oynadığını vurğulayıb.
Millət vəkili Arzu Nağıyev UNEC-də təşkil olunan distant təhsil barədə Milli Məclisdə müsbət fikirlər səsləndirildiyini, bu təcrübənin parlament üzvləri tərəfindən yüksək qarşılandığını deyib. Millət vəkili UNEC-lə yanaşı, Maliyyə İqtisad Kollecində də dərslərin distant təşkilinin yüksək səviyyədə aparıldığının şahidi olduğunu deyib.
Görüşün sonunda İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri göndərilib. Şura üzvləri iyunun 8-dən başlanacaq yazılı və şifahi distant imtahan sessiyasını izləmək üçün müvafiq linkə daxil olmaqla, cədvəl üzrə istənilən vaxt imtahanları müşahidə edə biləcəklər.