Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və "Helind" şirkətinin təşəbbüsü ilə mərkəzin təhsilalanları üçün “Alternativ enerji mənbələri və bu sahədə karyera imkanları” mövzusunda maarifləndirici vebinar keçirilib.
Vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə avtomatika və elektrotexnika ixtisasları üzrə təhsilalanlar üçün alternativ enerji mənbəyi sahəsində istifadə olunan texnologiya və cihazlar haqqında müzakirələrin təşkilidir.
Alternativ enerji mənbələri mövzusunda baş tutan vebinarda təşkilatçılar enerji mənbələrinin istehsalında istifadə olunan texnologiyalar barədə təqdimatlarla çıxış ediblər. Vebinarda "Helind" şirkətinin İcraçı direktoru Tamerlan Quliyev bildirib ki, hazırda ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Bu istiqamət üzrə görülən işlərin genişlənməsi səbəbindən bir sıra ixtisaslı kadrlara ehtiyac yaranır.
Bununla yanaşı, mərkəzin təhsilalanları üçün gələcək karyera seçimi ilə bağlı tövsiyyələr də bölüşülüb.
Vebinar ərzində iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən şirkətlərlə birgə digər sahələr üzrə də vebinarların təşkili nəzərdə tutulur.