...Mentalitet baxımından Türkiyə təcrübəsi
Respublikamızda sağlamlıq imkanları məhdud, kimsəsiz və aztəminatlı uşaqlar həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Son illər bu sahəyə ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət yetirilərək, onların sosial rifahının yüksəldilməsi, sağlam böyüyüb təhsil almaları istiqamətində xeyli işlər görülüb, bir sıra dövlət proqramları həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” isə uşaqların müdafiəsi sahəsində həyata keçirilən ən vacib dövlət proqramlarından biridir. Məhz həmin Dövlət Proqramının icrasının nəticəsi olaraq, ölkəmizdə Ailə tipli kiçik qrup evləri yaradılmışdır. Qeyd edək respublikamızda hazırda iki Ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Bunlardan biri paytaxtda, digəri isə Lənkəran şəhərindədir. Kiçik qrup evlərinin yaradılmasında əsas məqsəd uşaqlara ev şəraitində qayğı göstərməkdir. Qrup evlərinin əsas vəzifələri isə uşaqlar üçün ev şəraitində qayğını təmin etmək, uşağın yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onun mənəvi, fiziki, psixoloji və sosial inkişafını, müxtəlif vərdiş və bacarıqlarını formalaşdırmaqdan ibarətdir. Bundan başqa, uşağın hüquq və mənafelərini müdafiə etmək, müstəqil həyata və cəmiyyətə inteqrasiya olması üçün hazırlamaq da qrup evlərinin əsas vəzifələrindəndir.
Nəzərə çatdıraq ki, Bakıdakı 1 nömrəli Ailə tipli kiçik qrup evi 2012-ci ildən Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın çərçivəsində yaradılan ilk belə müəssisədir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Beynəlxalq Təşkilatın birgə layihəsi əsasında yaradılıb. Müəssisə Dövlət Proqramının icrası olaraq model kimi Avstriya, mentalitet baxımından isə Türkiyə təcrübəsinə istinadən yaradılıb. Buna səbəb isə Avropa ölkələrində oğlan və qızların eyni qrup evində tərbiyə alıb yaşadığı halda, Türkiyədə 10 yaşından yuxarı yaşda olan qız və oğlanlar üçün ayrı-ayrı qrup evlərinin təşkil olunmasıdır. Qrup evində 12 nəfər qız uşağı yaşaya bilər. Burada kimsəsiz uşaqlar 18 yaşadək qayğı ilə əhatə olunaraq yaşayır. Lakin 18 yaşdan sonra təhsillərini davam etdirdikləri təqdirdə də onların kiçik qrup evində yaşamasına icazə verilir. Kiçik qrup evində yaşayan məktəb yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumtəhsil məktəbində təhsil alır. Oxucularımızı bu müəssisələrlə yaxından tanış etmək məqsədilə paytaxtda yerləşən 1 nömrəli Ailə tipli kiçik qrup evinə yollandıq. Bu evin kiçik sakinləri üçün yaradılan şəraitlə tanış olduq. Burada çalışanlarla söhbətləşdik.
“Məqsədimiz bu uşaqları layiqli bir vətəndaş kimi yetişdirməkdir”
Ailə tipli kiçik qrup evinin direktoru Süsən Nəbiyeva bizimlə söhbətində bildirdi ki, burada uşaqların ev mühitində yaşaması üçün hər bir şərait mövcuddur. Məqsədimiz bu uşaqları cəmiyyətə layiqli bir vətəndaş kimi yetişdirməkdir: “Beynəlxalq təcrübədə uğurlu model hesab edilən Ailə tipli kiçik qrup evində uşaqlara ev şəraitində yaşamaq imkanı yaradılır. İlkin olaraq, Kiçik Qrup Evi fəaliyyətə başladığı dövrdən öncə həm Türkiyədə, həm də Vyanada 2 həftəlik təcrübə səfərində olmuşam. Belə ki, bütün iş günü ərzində müəssisənin iş fəaliyyəti ilə, uşaqlara qayğının göstərilməsi, onun bio-psixo-sosial qiymətləndirilməsi və bunun əsasında uşaqlara fərdi inkişaf planın tutulmasını öyrənmişəm. Qrup Evində işləmək üçün internat məktəblərində iş təcrübəsi olan tərbiyəçi-müəllimlər müsabiqə yolu ilə seçilərək 9 aylıq xüsusi ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunduq. Bu kursları bitirdikdən sonra Türkiyə Respublikasında təcrübədə olduq. Türkiyədəki təcrübə proqramı Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi tərəfindən elə təşkil edilmişdi ki, 1 saatımız belə səmərəsiz keçmirdi. Türkiyədə təcrübələrdə olduqdan sonra Kiçik Qrup Evində işləyəcək sosial işçilərin işə qəbul ilə bağlı xüsusi testlərdən keçdik. Bu testlər bizim xarakterimizi, psixologiyamızı, liderlik qabiliyyətimizi və digər xüsusiyyətlərimizi üzə çıxarmaq üçün idi. Testlərdən sonra fərdi müsahibəyə dəvət olunduq, bu müsahibədən də uğurla keçərək işə qəbul edildik”. Qrup evlərinə uşaqların qəbul edilməsi haqqında da danışan S.Nəbiyeva müəssisədəki qızların uşaq evlərindən və internat məktəblərindən seçilərək götürüldüyünü dedi: Kiçik qrup evinə qəbul edilən uşaqlar tamamilə kimsəsiz uşaqlardır. İllərlə həmin uşaqların valideynləri onlarla maraqlanmamış, arxalarınca gələn olmamışdır. İndi həmin qızların əksəriyyəti artıq övladlığa verilib. Övladlığa verilən uşaqlarımızın hər biri ilə indi də sıx əlaqəmiz var. Hələ ki, haqlarında yalnız xoş sözlər eşidirik. Bu da bizim daha çox həvəslə və səmərəli işləməyimizə stimul yaradır. Ailəyə verilməsi mümkün olmayan qızlar isə dövlət tərəfindən bütün şəraitlə təchiz edilmişdir. Belə ki, onlar “Məzun Evi” sosial xidmət müəssisəsində yaşayış sahəsi ilə də təmin olunurlar. Kiçik qrup evində elə bir şərait yaradılıb ki, uşaqlar ailə mühitinə tam adaptasiya olunurlar”. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, Kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları və yazı masaları olduğunu deyən S.Nəbiyeva onların asudə vaxtlarının sərbəst şəkildə, istədikləri kimi qurulmasına şərait yaradıldığını, qızların tərbiyəsi ilə növbəlilik qaydasında sosial işçilərin məşğul olduğunu bildirdi. Uşaqlar müəssisəyə gələn kimi ilk işlərinin onların qiymətləndirilməsini aparmaq olduğunu və bunun çox vacib əhəmiyyət kəsb etdiyini deyən direktor qiymətləndirmənin 5 sahə üzrə aparıldığını diqqətə çatdırdı: “Qiymətləndirmə 5 sahə üzrə aparılır: Tibbi, sosial, pedaqoji, psixoloji və hüquqi. Tibbi qiymətləndirmə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının sahə həkimi, sosial qiymətləndirmə sosial işçilərimiz, hüquqi qiymətləndirmə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin hüquqşünası, pedaqoji qiymətləndirmə isə məktəbin müəllimləri tərəfindən aparılır. Bütün nəticələr haqqında yazılı və şifahi məlumatlar sosial işçi tərəfindən uşağın qiymətləndirmə vərəqəsinə qeyd edilir. Sonra qiymətləndirməyə əsasən hər bir uşaq üçün fərdi xidmət və inkişaf planı hazırlanır (1, 3, 6 aylıq və ya 1 illik). Uşaqlarla iş məhz bu planda nəzərdə tutulan sahələr üzrə aparılır. Hansı sahə üzrə problem təcili həll edilməlidirsə, ilk olaraq həmin sahə üzrə iş
başlandı. Məsələn, sağlamlıqla bağlı problemi varsa birinci mütləq həkimə yönəldilir, müalicə başlanır. Digər problemlərlə də məhz ardıcıl və paralel olaraq məşğul olunur”. Belə bir müəssisədə çalışdığı üçün qürur hissi keçirdiyini qeyd edən S.Nəbiyeva uşaqlara bu cür şərait yaradıldığına görə ölkə Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi.
“Çalışırıq ki, məktəbdə, cəmiyyətdə bu qızlar ayrı-seçkiliyə məruz qalmasınlar”
Kiçik qrup evinin sosial işçisi Pərixanım İsgəndərova müəssisədə sağlam mühitin olduğunu, uşaqların burada çox rahat və sərbəst şəkildə yaşadığını dedi: “Uşaqların hər bir problemi ilə yaxından maraqlanırıq. Onların təhsilini xüsusi nəzarətdə saxlayırıq. Uşaqların təhsil aldıqları məktəblə sıx əməkdaşlıq edirik. Biz sosial işçilər hər gün uşaqları məktəbə aparıb-gətiririk. Bununla yanaşı tez-tez müəllimlərlə görüşür, uşaqlar haqqında məlumat alırıq. Məktəbdə keçirilən valideyn iclaslarında iştirak edirik. Məktəb rəhbərliyi və bütün kollektiv iş prinsiplərimizi bilir və bizimlə birlikdə bu uşaqların təlim-tərbiyəsində bacardıqları köməkliyi göstərirlər. Çalışırıq ki, məktəbdə, ümumiyyətlə, cəmiyyətdə bu qızlar ayrı-seçkiliyə məruz qalmasınlar. Ona görə də uşağın şəxsi həyatı, hardan gəlməsi, sosial durumu haqqında məlumatların məxfiliyi qorunur, ehtiyac olduqda yalnız sinif rəhbərlərinə, əksər hallarda isə direktora veririk. Maksimum dərəcədə çalışırıq ki, ailədən gələn uşaqlarla bizim uşaqlar arasında fərqlilik hiss olunmasın. Bundan başqa, qızların istək və qabiliyyətləri nəzərə alınaraq onları ətrafda fəaliyyət göstərən dərnəklərə cəlb edirik. Onların içərisində rəqs, şahmat, rəsm, tikiş, bacarıqlı əllər və s. dərnəklərə cəlb olunan uşaqlar var”.
“Biz onların hər uğuruna bir ana kimi sevinirik”
Müəssisənin digər sosial işçisi Mətanət Ağazadə də bizimlə fikirlərini bölüşüb. O, Kiçik qrup evi yarandığı gündən burada çalışdığını və müəssisədə, sözün həqiqi mənasında, bir ailə mühitinin formalaşdığını deyir: “Buradakı uşaqları öz övladlarımız bilirik. Münasibətlərimiz səmimiyyət əsasında qurulub. Biz onlara yüksək qayğı ilə yanaşırıq. Uşaqlarımızın istər təhsilləri, istərsə də tərbiyələri ürəkaçandır. Bu, bizi həm sevindirir, həm də qürurlandırır. Biz onların hər uğuruna bir ana kimi sevinirik. Uşaqlarımız müxtəlif tədbirlərdə iştirak edirlər. Bundan başqa, təhsil aldıqları məktəbdə keçirilən fənn olimpiadası, müsabiqə və yarışlarda da onların iştirakını məktəb rəhbərliyi ilə birgə təmin edirik. Vaxtaşırı onları şəhər gəzintisinə, teatra və müxtəlif əyləncəli yerlərə aparırıq”. Ev tapşırıqlarının yerinə yetirilməsində uşaqlara kömək etdiklərini, istiqamət verdiklərini deyən M.Ağazadə bu işdən həm də böyük zövq aldığını da qeyd etdi.
“Məqsədimiz qızları həm də bir ana kimi cəmiyyətə hazırlamaqdır”
Kiçik qrup evinin aşpazı Dilarə Dadaşova uşaqların qidalanması üçün müxtəlif çeşiddə xörəklər bişirdiyini bildirdi. O, müəssisədə hər evdə olduğu kimi mövsümi və gündəlik xörəklərin hazırlandığını və uşaqların bu yeməkləri iştahla yediklərini dedi: “Qızlara yemək hazırlamağı, müxtəlif ev işlərində nələr etmək lazım olduğunu öyrədirəm. Çalışıram ki, onlar müstəqil həyata qədəm qoyanda evdarlığı, yemək bişirməyi bacarsınlar. Məqsədimiz qızları həm də bir ana kimi cəmiyyətə hazırlamaqdır. Qızlarımız da maşallah, yemək bişirməyə, süfrə açmağa çox həvəslidirlər. Bayramlarda və ad günlərində mənə yardımçı olurlar. Onlarla müxtəlif şirniyyatlar bişirir, salatlar hazırlayırıq. Onlar şirniyyatların hazırlanmasına daha həvəslə yanaşırlar. Yemək hazırlayarkən uşaqların xüsusi istəklərini də nəzərə alırıq. Artıq buradakı qızların hansı xörəyi daha çox xoşladıqlarını da bilirəm. Axı biz bir ailəyik”.
Niyazi RƏHİMOV