Firudin Qurbanov: “Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir”
Son illərin qlobal çağırışları ali təhsil sistemində sürətli dəyişikliklərin aparılmasını zərurətə çevirib. Ali təhsil sistemində keyfiyyət dəyişiklikləri, rəqabətliliyin təmin olunması isə ilk növbədə universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır.
Son illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən doktorant və gənc tədqiqatçıların elmi konfransları universitet təhsili qarşısında duran bir sıra hədəflərə çatmaqda mühüm rol oynayır. Bu silsilədən mayın 29-31-də UNES-də ali məktəbin 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların Beynəlxalq elmi konfransı” öz əhatəliliyinə və məzmununa görə fərqlənirdi.
Konfransda çıxış edən rektor, professor Ədalət Muradov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyətinin artırıldığı, milli təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası istiqamətində zəruri addımların atıldığı, müvafiq dövlət proqramları və strategiyanın qəbul edildiyini bildirib. Tədrislə yanaşı, elmi tədqiqatların keyfiyyətinin artırılmasının da əsas vəzifə kimi qarşıya qoyulduğunu deyən rektor UNEC-də bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. O, dərəcəsindən asılı olaraq, impakt faktorlu jurnallarda çap olunan məqaləyə görə müəllim, magistr və doktorantlara 4000 manatadək qonorar verildiyi, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə universitetdə 31 elmi-tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi, UNEC Tədqiqat Fondunun təsis edildiyini diqqətə çatdırıb. Magistrlərin ikinci beynəlxalq konfransının UNEC-də keçirilməsinin təsadüfi olmadığını vurğulayan Ə.Muradov ölkədə təhsil alan bütün magistrlərin 22 faizinin, MBA proqramı üzrə təhsil alan magistrlərin isə 67 faizinin UNEC-in payına düşdüyünü qeyd edib. Rektor ölkədə ilk dəfə olaraq beynəlxalq konfrans standartlarına cavab verən rəsmi conferences.az saytının yaradıldığını, dünyanın müxtəlif ölkələrinin magistr və doktorantlarını bir platformada toplayan konfransın beynəlxalq təcrübəyə uyğun olaraq təşkil edildiyini bildirib.
Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilməlidir
Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın açılışı münasibətilə iştirakçıları salamlayan Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müvafiq ixtisaslar üzrə təhsil alan magistrlərin və doktorantların iştirak etdiyi belə bir beynəlxalq konfransın ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilməlidir. “Hesab edirəm ki, konfransın həm gənc tədqiqatçıları, həm də iqtisadiyyat və idarəetmə üzrə ixtisasları əhatə etməsi bu tədbiri fərqləndirən mühüm amillərdir. Əminliklə demək olar ki, UNEC-in təşkilatçılığı və “Paşa Holdinq” şirkətinin dəstəyi ilə keçirilən magistrlərin və doktorantların ikinci beynəlxalq elmi konfransı mühüm əhəmiyyət kəsb edir”.
F.Qurbanov qeyd edib ki, konfransın onlayn formatda keçirilməsi dünyada koronavirus pandemiyasının (COVID-19) geniş yayılması ilə əlaqadardır. Koronavirus pandemiyasının təsirinin azaldılması istiqamətində Azərbaycan dövləti, Azərbaycan Respublikasının Prezidenti tərəfindən atılan ciddi addımlar ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınmasını təmin edib. Ölkəmizdə virusa yoluxanların sayının az olması görülən tədbirlərin faydalılıq əmsalının yüksək faizini təsdiq edir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək bunu bir daha təsdiq edib.
Əsas hədəf: təhsil-tədqiqat-innovasiyalar
Təhsil nazirinin müavini F.Qurbanov qeyd edib ki, insan kapitalının inkişafı, ilk növbədə, elm və təhsilin keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə adekvat olan, müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ali təhsil müəssisələrində təhsil-tədqiqat-innovasiyalar formatında inkişafın təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu, elmin ən müasir nailiyyətlərindən tədris prosesinin məzmununun təkmilləşdirilməsində istifadə etməyə imkan yaradıb. F.Qurbanov əlavə edib ki, sözügedən istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin davamı olaraq “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 10 yanvar 2019-cu il tarixli sərəncamını ayrıca qeyd etmək lazımdır. Bu sərəncamda nəzərdə tutulan məsələlərin icrası bütövlükdə ölkəmizdə, o cümlədən ali təhsil müəssisələrində innovativ inkişafın və eləcə də startap layihələrinin dəstəklənməsi baxımından müstəsna əhəmiyyət daşıyır. F.Qurbanov bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb. “Məlum olduğu kimi, Dövlət Proqramının əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması və Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Əminliklə söyləyə bilərik ki, bu Dövlət Proqramı ölkəmizdə elmi fəaliyyətin modernləşdirilməsi və onun səmərəliliyininin artırılması baxımından müstəsna rol oynayacaq”.
F.Qurbanov bildirib ki, hazırda bu proqram çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq ikili diplom proqramlar üzrə müqavilələr imzalanmışdır ki, bunun da nəticəsi olaraq bir neçə ildən sonra ölkə iqtisadiyyatına yüksəkrəqabətli mütəxəssislər cəlb olunacaq. Eyni zamanda, dünyanın nüfuzlu universitetlərində təhsilini doktorantura səviyyəsində davam etdirmək üçün bu ilin yanvarında müraciət etmiş namizədlərin təhsili maliyyələşdiriləcək. Onlardan 10 nəfərə yaxını iqtisadiyyat üzrə dövlət vəsaiti hesabına doktorantura səviyyəsində təhsil alacaq.
Ali təhsildə elmin davamlı inkişafı
Təhsil nazirinin müavini Azərbaycan ali təhsilində elmin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxaq elmi bazalara çıxışının asanlaşdırılması, magistrant və doktorantların, alimlərimizin elmi məqalələrinin nüfuzlu elmi nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində atılmış mühüm addımlardan da danışıb. Nazir müavini 2015-ci ildə Təhsil Nazirliyi və dünyanın ən böyük elektron elmi analitik informasiya bazası olan Clarivate Analytics (Thomson Reuters) şirkəti arasında əməkdaşlıq sazişinin imzalanmasını xüsusi qeyd edib. Sazişə əsasən ölkəmizin 40 ali təhsil müəssisəsi, o cümlədən UNEC “Web of Science” elmi platformasına çıxış əldə ediblər. “Xüsusi vurğulamaq istəyirəm ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı çərçivəsində tarixi uğur əldə olunub. Azərbaycan “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb”.
Nazir müavini əlavə edib ki, Amerika, Fransa, Almaniya, Kanada, Çin, Türkiyə, Rusiya, Yaponiya və digər ölkələrdə təhsil alan magistr və doktorantların qatıldığı bu konfrans Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyinə həsr olunub. “Tam cəsarətlə demək olar ki, bu universitet ali təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin məzmununun təkmilləşdirilməsi, universitet idarəçiliyində səmərəliliyin artırılması və gənclərin ali təhsil prosesinə daha aktiv cəlb olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edərək yenilikçi və təşəbbüskar olması ilə fərqlənir. Atılmış addımlar UNEC -in həm ali təhsil sistemində, həm də beynəlxalq arenada nüfuzununun davamlı şəkildə yüksəlməsinə imkan verib. Bu ənənələrə sahib olan UNEC-də belə bir beynəlxalaq konfransın keçirilməsini magistratura və doktorantura səviyyələrində təhsilin məzmununun təkmilləşdirilməsi, magistr və doktorantların elmi-tədqiqat fəaliyyətinə yeni yanaşma gətirilməsi baxımından yüksək qiymətləndirmək olar”.
F.Qurbanov əmin olduğunu bildirib ki, magistr və doktorantların elmi fəaliyyət nəticələrinin təhlil olunması və elmi diskussiyaların aparılması üçün səmərəli platforma kimi təqdim olunan bu konfrans yeni nəsil mütəxəssislərin formalaşmasına və gələcəkdə müxtəlif ölkələri təmsil edən gənclər arasında birgə tədqiqatların aparılmasına öz mühüm töhfəsini verəcək.
“Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov çıxışında ölkədə elmi tədqiqatların inkişafına töhfə verən beynəlxalq elmi platformanın yaradılmasını yüksək qiymətləndirib. O, iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan yerli, həm də xarici ali təhsil müəssisələrinin magistr və doktorantlarını bir araya gətirən elmi konfransın əsas məqsədinin multidissiplinar tədqiqatların inkişafına töhfələr vermək, tədqiqatların nəticələrini bölüşmək, fikir mübadiləsi aparmaq və eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədilə beynəlxalq elmi platformanın yaradılması olduğunu bildirib. C.Qasımov beynəlxalq konfransın ölkəmizin nüfuzu üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Təhsilin “Paşa Holdinq”in korporatov məsuliyyət siyasətinin mühüm istiqaməti olduğunu bildirən C.Qasımov şirkətin bəzi təhsilyönümlü layihələri barədə məlumat verib.
Konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (Azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olub. Azərbaycandan Kamal Mirzəyev “Strateji insan resursları sistemində təmin fəaliyyətinin ölçülməsi və qiymətləndirilməsi”, ABŞ-dan Corc Vaşinqton Universitetinin doktorantı Sevinc Məmmədova “Təhsil və təlimin iqtisadiyyata təsiri”, Türkiyədən Sezgin Uysal “Siyasi risk və enerji qiymətləri arasındakı əlaqə” və Rusiyadan Aleksandr Lyaş “Maliyyə texnologiyalarına əsaslanan effektiv nağd idarəetmə” mövzularında plenar çıxışlarını onlayn təqdim ediblər. Tədbirin açılış mərasimi UNEC-in rəsmi “Facebook” səhifəsi, “YouTube” kanalı və konfransın rəsmi saytından canlı olaraq Azərbaycan və ingilis dillərində yayımlanıb.
Oruc MUSTAFAYEV