Koronavirusun nəticələrinin aradan qaldırılması zamanı bir sıra təhsil sistemlərində məktəblərlə valideynlər arasında əlaqə güclənib. Məktəblərin valideynlər və müəllimlər üçün bağlanması ilə bağlı çoxsaylı problemlər yaransa da, pandemiyanın nəticələri aradan qalxandan sonra hər iki tərəf arasında daha möhkəm əlaqələrin qurulması və möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edəcək.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar idarəsinin layihə rəhbəri Rovena Feyr qeyd edir ki, qurumun son tədqiqatlarında həm beşyaşlılar, həm də 15 yaşlı uşaqlar üçün təhsil müəssisələrinin işində valideynlərin iştirakı ilə şagirdlərin təhsili və rifahı arasında aydın əlaqə müşahidə edilir. Valideynləri aktiv və orta dərəcədə olan məktəb, yaxud məktəbəqədər təhsil müəssisələrinin işində iştirak edən 5 -15 yaşlı uşaqlar valideynləri məktəblərə az cəlb edilmiş təhsilalanlara nisbətən daha yüksək koqnitiv və sosial-emosional bacarıqlara malikdirlər.
Təcrid məktəb və valideynlər arasında əlaqələri gücləndirdi
Son həftələr və aylar ərzində məktəblərin bağlanması ona gətirib çıxardı ki, bir çox təhsil sistemləri həm valideynlərə, həm də müəllimlərə dəstək verməyə başladı. Latviyadan nümunə kimi şagird və müəllimlərlə yanaşı, valideynlərə hesablanmış təhsil telekanalını - Tava Klase ("sizin sinfiniz") göstərmək olar. Belə ki, valideyn qrupu kanalın yaradılmasında və işə başlamasında iştirak edib.
Latviyada keçirilən bir sorğu əsasında məktəb rəhbərləri üçün hazırlanan məruzədə deyilir:"Tədrisə komanda fəaliyyəti kimi baxan məktəblər, sadəcə, köhnə məktəb cədvəllərini onlayn rejimdə yerləşdirənlərdən daha asan tədris cədvəli əldə edəcəklər".
Daha möhkəm məktəb –valideyn əlaqələri təlimdə yaranan boşluqları aradan qaldırmağa kömək edəcək
Məktəblər və valideynlər arasında daha möhkəm münasibətlər təcrid dövründə yaranmış boşluqların aradan qaldırılması məqsədilə tədris prosesini sürətləndirməyə çalışan təhsil sistemləri üçün mühüm əhəmiyyət kəsb edəcək. Məsələn, müəllimlər evdə dərinləşdirilmiş təhsili təmin etmək üçün valideynlərə dəstək verə, onları istiqamətləndirə, o cümlədən uşağın hazırkı təlim məqsədlərini və nailiyyətlərini dəstəkləyən fəaliyyətləri izah edə bilərlər. Eyni zamanda, valideynlər müəllimlərə təcrid dövründə bir uşağın içində olan hər hansı bir problemi, eləcə də uşağın ev kontekstini, maraqlarını və problemlərini başa düşməyə kömək edə bilərlər. Şagirdlərə yönəlmiş bu cür yanaşmalar daha çox "ailə məktəbləri" və "məktəb ailələri"nın inkişafına kömək edir.
Məktəb və valideynlər arasındakı daha möhkəm bağlantılar bütün şagirdlərə fayda gətirsə də, evdə təhsil şərtləri, ümumiyyətlə ,varlı ailələrə nisbətən daha imkansız ailələrin uşaqları üçün bərabərliyi artırmağın ən səmərəli yollarından biridir.
Rovena Feyr hesab edir ki hazırda qarşıda duran başlıca sual təhsil sistemlərinin valideynlər və məktəblər arasında daha sıx əlaqələri qorumağa və inkişaf etdirməyə çalışıb-çalışmaması ilə bağlıdır. Təhsil müəssisələrinin yenidən açılmasından sonra məktəb-valideyn münasibətlərini həqiqətən fəal şəkildə qurmağa çalışanlar daha yaxşı öyrənmə və şagird rifahını dəstəkləyəcəklər.
Oruc MUSTAFAYEV