Mayın 23-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

 

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev brifinq iştirakçılarına məlumat verərək bildirib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  elan edilib. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.

 

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir.

 

Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri fevralın 14-dən martın 16-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 25 may 2018-ci il  saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

Müsabiqə müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı,  istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, eləcə də  sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması, psixoloji xidmətin təşkili və effektivliyinin artırılması, tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi, tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi, təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili ilə bağlı mövzular üzrə keçirilib.

 

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı:

 

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat

Fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat