Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali məktəbin 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların Beynəlxalq elmi konfransı” keçirilib.

 

Universitetdən bildirilib ki, konfransın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, “Paşa Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər.

 

Rektor Ə.Muradov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyətinin artırıldığı, milli təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası istiqamətində zəruri addımların atıldığı, müvafiq dövlət proqramları və strategiyanın qəbul edildiyini bildirib. Tədrislə yanaşı, elmi tədqiqatların keyfiyyətinin artırılmasının da əsas vəzifə kimi qarşıya qoyulduğunu deyən rektor UNEC-də bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. O, dərəcəsindən asılı olaraq, impakt faktorlu jurnallarda çap olunan məqaləyə görə müəllim, magistr və doktorantlara 4000 manatadək qonorar verildiyi,  iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə universitetdə 31 elmi- tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi, UNEC Tədqiqat Fondunun təsis edildiyini diqqətə çatdırıb. Magistrlərin ikinci beynəlxalq konfransının UNEC-də keçirilməsinin təsadüfi olmadığını vurğulayan Ə.Muradov ölkədə təhsil alan bütün magistrlərin 22 faizinin,  MBA proqramı üzrə təhsil alan magistrlərin isə 67 faizinin UNEC-in payına düşdüyünü qeyd edib.

 

Rektor ölkədə ilk dəfə olaraq beynəlxalq konfrans standartlarına cavab verən rəsmi conferences.az saytının yaradıldığını,  dünyanın müxtəlif ölkələrinin magistr və doktorantlarını bir platformada toplayan konfransın beynəlxalq təcrübəyə uyğun olaraq təşkil edildiyini bildirib.

 

Konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov UNEC-in 90 illik yubileyinə həsr olunan Magistr və doktorantların Beynəlxalq konfransının aktuallığını vurğulayıb. Nazir müavini iqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini, Prezident İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.

 

“Paşa Holdinq”in Baş icraçı direktoru Cəlal Qasımov ölkədə elmi tədqiqatların inkişafına töhfə verən beynəlxalq elmi platformanın yaradılmasını yüksək qiymətləndirib. İqtisadiyyat və idarəetmə ixtisası üzrə dünya magistr və doktorantlarını bir araya gətirən beynəlxalq konfrasın ölkəmizin nüfuzu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.  

 

Konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (Azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olub.

 

Konfransın açılış mərasimi UNEC-in rəsmi Facebook səhifəsi, Youtube kanalı və konfransın rəsmi saytından canlı olaraq Azərbaycan və ingilis dillərində yayımlanıb.

 

Konfransa təqdim edilən 431 məruzədən 325-i çıxış üçün seçilib, həmçinin konfransın xülasələr kitabı hazırlanıb. Konfransda, ümumilikdə dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı 65 bölmədə məruzə ilə çıxış edəcəklər.

 

Mayın 31-dək davam edəcək beynəlxalq konfransın plenar müzakirələri Zoom proqramı vasitəsi ilə distant olaraq keçiriləcək. Məruzə ilə çıxış edən hər bir iştirakçıya seksiya bitdikdən dərhal sonra məruzəçi sertifikatı online olaraq göndəriləcək. Bundan başqa, seçilmiş keyfiyyətli tədqiqat işləri beynəlxalq ISBN nömrəsi ilə tam mətn məruzələr kitabı formatında online olaraq nəşr olunacaq və konfransın rəsmi internet səhifəsində yerləşdiriləcək.