Honkonqda tez-tez "Şərqin Nobel mükafatı" və yaxud "Asiya Nobel mükafatı" adlandırılan nüfuzlu "Şou" elmi mükafatının (The Shaw Prize) qalibləri elan olunub. Bu mükafat 17 ildir ki, ardıcıl olaraq astronomiya, tibb və həyat, riyaziyyat elmləri sahəsində görülən işlərə görə verilir. Bu il astronomiya sahəsində mükafat qalaktikaların aktiv nüvələrinin nəzəri modellərinə, tibb sahəsində optogenetika metodunun yaradılmasına, riyaziyyat üzrə isə təsəvvürlər nəzəriyyəsi sahəsindəki işlərə görə verilib. Laureatların hər bir qrupu öz aralarında 1,2 milyon ABŞ dolları məbləğində mükafatı bölüşəcəklər.
Astronomiya üzrə Şao mükafatı nəzəri astrofizikaya fundamental töhfəsinə, xüsusən də qalaktikanın aktiv nüvələrinin fundamental dərki, relativist şırnaqların formalaşması və kollimasiyası, qara dəliklərdən enerji çıxarılması mexanizmi, zərbələrdə hissəciklərin sürətləndirilməsi və onlara müvafiq radiasiya mexanizmləri sahəsində işlərinə görə ABŞ-ın Stanford Universitetindən olan Rocer Blendforda təqdim olunacaq.
Tbb və həyat elmləri sahəsində mükafat "optogenetika, neyroelmlərdə inqilab yaradan texnologiyanı inkişaf etdirdiklərinə görə" Berlindəki Humboldt Universitetindən Peter Hegemann, Oksford Universitetindən Gero Misenbok və Vürsburq Universitetindən Georg Nagel arasında bölüşdürüləcək.
Riyaziyyat sahəsində mükafata "təqdimat nəzəriyyəsinə böyük təsirlərinə və dərin töhfələrinə, eləcə də riyaziyyatın bir çox digər sahələrində tədqiqatlarına görə" İsrailin Yəhudi Universitetindən David Kajdan və ABŞ-ın Çikaqo Universitetindən Aleksandr Belinson layiq görülüblər.
Xatırladaq ki, Şou mükafatı dünyanın ən nüfuzlu elmi mükafatlarından biridir və onun sahibləri tez-tez Nobel mükafatı laureatlarına çevrilirlər. Belə ki, son illərdə "Asiya Nobeli" almış məşhur alimlərdən Ceyms Pibles, Mişel Mayor, Sol Perlmutter, Adam Ris, Brian Şmidt , Rayner Vayss, Robert Lefkovits , Sinya Yamanaka , Jül Hofman, Brüs Betler, Ceffri Holl, Maykl Rosbaş, Maykl Yanq sonradan Nobel mükafatına layiq görülüblər.
Honkonqlu mediamaqnat, mesenat Ran Ran Şou-nun (Run Run Shaw) himayəsi altında 2002-ci ilin noyabr ayında təsis edilən mükafat irqindən, milliyyətindən, cinsindən, dini inancından asılı olmayaraq, elm və elmi-tədqiqatlar sahəsində əhəmiyyətli irəliləyişlər əldə edən şəxslərə bəşəriyyətin inkişafına töhfələr verən işlərinə görə verilir.
“Şou” elmi mükafatı Honkonqda yerləşən Şou Mükafatları Fondu (The Shaw Prize Foundation) tərəfindən idarə olunan beynəlxalq mükafatdır.
Məlumat üçün bildirək ki, R. Şou iki xeyriyyə təşkilatı yaradıb: təhsil, elm və texnoloji tədqiqat, tibbi və sosial xidmətlər sahəsində Honkonqda Şao Fondu, eləcə də mədəniyyət və incəsənətin inkişafına həsr olunmuş Ran -Ran Şou Xeyriyyə Fondu.
R. Şou 2014-cü ildə 106 yaşında vəfat edib.
Oruc MUSTAFAYEV