“Yeni texnologiyalar və tədris prosesinin idarə olunması”


Azərbaycan Dövlət Pedaqoji Universitetində videokonfrans formatında “Yeni texnologiyalar və tədris prosesinin idarə  olunması” mövzusunda Magistrantların III Respublika elmi konfransı keçirilib.

 

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş  “Elm günü”nə həsr olunub. Konfransı plenar iclasda giriş sözü ilə ADPU-nun rektoru, Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov açaraq, konfransın əhəmiyyəti, son zamanlar universitetin əldə etdiyi uğurlar, o cümlədən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə magistr hazırlığı sahəsində cari ildə imzalanmış beynəlxalq müqavilə barədə məlumat verib. Rektor konfrans iştirakçılarına müvəffəqiyyətlər arzulayıb və konfransın yüksək səviyyədə təşkilinə görə Təşkilat Komitəsinə təşəkkürünü bildirib.

 

ADPU-nun  elm və innovasiyalar üzrə prorektoru, Təşkilat Komitəsinin sədr müavini, professor Asəf Zamanov plenar iclasda məruzə ilə çıxış edərək universitetin elmi uğurları, o cümlədən  beynəlxalq və respublika səviyyəli elmi konfransları, dövri-elmi jurnalları, riyaziyyat, fizika, kimya, biologiya, informatika və digər elm sahələri üzrə ali təhsil ocağında hər il keçirilən olimpiada və  müsabiqələr barədə məlumat verib. Artıq üçüncü il keçirilən magistrantların respublika elmi konfransının onların elmi-tədqiqat fəaliyyətinə, həmçinin dissertasiya işlərinin səviyyəsinə müsbət təsirini qeyd edib. Universitet Elmi Şurasının nəzdində yaradılmış magistr dissertasiya işləri üzrə Ekspert Komissiyasının uğurlu fəaliyyəti, Polşanın müvafiq şirkəti ilə imzalanmış müqavilə əsasında universitetdə tətbiq edilən Antiplagiat proqramının müsbət nəticələri xüsusilə vurğulanıb. Qlobal pandemiya şəraitində videokonfrans formatında keçirilən respublika konfransının həm magistrantlar, həm də professor-müəllim heyəti üçün yaxşı təcrübə olacağı qeyd edilib. Plenar iclasda professor Fərrux Rüstəmov, professor İsa İsmayılov, professor Əbülfət Pələngov, professor Müseyib İlyasov və professor Mübariz Əmirov çıxış edib, belə konfransların magistrantların elmi-tədqiqat sahəsində formalaşdırılmasında əhəmiyyətini vurğulayaraq, konfransın səmərəli təşkilinə görə universitet rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndiriblər. ADPU-nun magistrantı Aygün Şərifova “Ümumi təhsil müəssisəsi rəhbərinin peşə səlahiyyətləri” və BDU-nun magistrantı Ədilə Məmmədova “Abşeron yarımadasının hava çirkləndiricilərdən  təmizlənməsində bitkilərin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

 

Konfrans iki gün ərzində “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Tədrisin müasir məsələləri”, “Təhsilin təşkili və idarə edilməsi”  və  “Təhsildə sosial-psixoloji xidmət” elmi bölmələrində işini davam etdirib. Konfransın proqramında nəzərdə tutulmuş məruzələrdən 250-yə qədəri müzakirə olunaraq müsbət qiymətləndirilib. Konfransın yekun iclasında bölmə rəhbərləri professor Fərrux Rüstəmov, professor İsa İsmayılov, professor İramin İsayev, dosent Yaqut Rzayeva müvafiq bölmələr üzrə hesabatları təqdim edərək videokonfransın uğurlu nəticələrinə görə universitet rəhbərliyinə minnətdarlıq bildiriblər. Professor Asəf Zamanov konfransın işini yekunlaşdıraraq, onun materiallarının yaxın günlər ərzində toplu şəkildə çap etdirilib iştirakçılara, həmçinin  müvafiq strukturlara çatdırılacağını bildirib. Sonda konfrans iştirakçılarına fəallıqlarına görə təşəkkür edib.