Sağlamlıq imkanı məhdud uşaqların təhsil aldığı siniflərdə müasir tədris metodları ilə dərs deyən və uğurlu nəticələr əldə edən müəllimlər çoxdur
Sağlamlıq imkanlarının məhdud olması və ya başqa səbəblərdən təhsildən kənarda qalan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması son vaxtlar geniş vüsət alıb. İndi yalnız ölkəmizdə deyil, bütün dünyada çoxluq qəbul edir ki, fərqləndirici xüsusiyyətindən asılı olmayaraq bütün cəmiyyət üzvləri bir arada dinc yaşamalı, bir məktəbdə təhsil almalı, hətta bir sinifdə oxumalı, bir parta arxasında oturmalıdır. Buna baxmayaraq, müşahidələr göstərir ki, əlilliyi olan şəxslərə qarşı mövcud stereotiplərin aradan qaldırılması, onların da cəmiyyətin bərabərhüquqlu üzvü olmasının hamı tərəfindən qəbul olunması heç də asan olmayacaq. Məsələ bundadır ki, cəmiyyət inklüziv təhsillə nəzəri olaraq razılaşsa da, tətbiqə gələndə tərəddüdlər ortaya çıxır. Başqa sözlə, bunu qəbul etmək nəinki XX əsr, elə XXI əsr insanı üçün də asan olmayıb. Şəkinin Aşağı Güngüt kəndindən olan Ülkər Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetində Kompüter elmləri ixtisası üzrə magistr təhsili alır. Kənd mühitində böyüyən, orta və ali təhsilini rayonda alan, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının məzunu olan Ülkər kəndlə şəhərin münasibətini öz təcrübəsindən çıxış edərək belə fərqləndirir: “Məhdudiyyətli uşaqlar çoxdur və təəssüf ki, cəmiyyətdən öncə ailələri onlara görə utanır. 8 yaşımda bədbəxt hadisə yaşadım və o gündən bəri çətin bir dövrdən keçirəm. Ailə sarıdan şanslı olsam da, şəhərə gəldikdən sonra cəmiyyətlə münasibətdə problemlərim ortaya çıxdı. İstəyirəm hamı bilsin ki, hamımız bərabərik. Fərqliliklər insanları biri-birindən üstün, ya da aşağı etməməlidir. Fərqlərimiz, sadəcə insani keyfiyyətlərimiz, özümüzü necə formalaşdırmağımızla bağlı ortaya çıxa bilər”.
Beləliklə, insanlar uzun müddət əlilliyi olanlara fərdi qaydada verilən təhsilin, yoxsa sağlamlıq imkanları məhdud uşaqlardan ibarət sinifdə aldıqları təhsilin, ya da inklüziv sinifdə keçilən dərsin daha effektli olduğu üzərində düşündü. Maraqlıdır ki, dünyanın bir çox ölkələrində artıq müəyyən qənaət hasil olsa da, Azərbaycanda bu istiqamətdə tərəddüd edənlər hələ də vardır. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil mütəxəssisi, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində inklüziv təhsil üzrə məsləhətçi Fərid Süleymanovun sözlərinə görə, həyata keçirdikləri təlimlərdə də bu, ən çox müzakirə olunan məsələlərdən biridir.
Qəribəsi isə odur ki, o, cavabın təhsilin məqsədindən asılı olaraq dəyişdiyini iddia edir: “Biz bu məsələyə bir neçə fərqli mövqedən cavab axtara bilərik. Məsələ burasındadır ki, təhsilin məqsədi əgər elm verməkdirsə, bir, şəxsiyyət yetişdirməkdirsə, digər mövqe üstünlük təşkil edir. Hamı yaxşı bilir ki, uşaq cəmiyyətdə formalaşır. Biz niyə valideynləri uşaqlarını 3 yaşından bağçaya qoymağa təşviq edirik? Təbii ki, erkən yaşdan cəmiyyətə adaptasiya olunsun deyə. Birmənalıdır ki, insan sosial məxluqdur və cəmiyyətdən kənarda yetişən insan tapmaq mümkün deyil. Hər birimiz fərd kimi, şəxsiyyət kimi cəmiyyətdə formalaşırıq. Bu nöqteyi-nəzərdən yanaşanda aydın görünür ki, uşaq sinifdə daha çox öyrənir”.
Biliyi bacarığa çevirməyəndə əhəmiyyətini itirir
Beləliklə, fərqləndirici xüsusiyyətindən asılı olmayaraq hamı bir sinifdə təhsil almağa başlayır. Bu təhsilin onlara nə verdiyinə, nə öyrətdiyinə diqqət edək: “Xüsusən müasir təlim yanaşmaları, kurikulum daha çox interaktiv təlim üsuluna əhəmiyyət verir. Burada müəllimin fəaliyyəti arxa plana keçir. Şagirdlər qarşılıqlı münasibət, müzakirə, layihə işləməklə bir-birindən öyrənir və bir-birinə öyrədirlər. Sinifdə, sadəcə akademik bilik qazanmırlar. Biliyi əldə etməyi, onu başqa uşaqlarla birgə axtarmağı öyrənirlər. Belə olan halda əminliklə deyə bilərik ki, fərqli uşaqların bir yerdə öyrənməsi daha yaxşı nəticə verir. Unutmamalıyıq ki, fərdi hazırlıqda qazanılanı kollektiv hazırlıqda da əldə etmək olur. Ancaq insan kollektiv hazırlıqda öyrəndiklərinə fərdi hazırlıq zamanı nail ola bilmir. Uşaqlara münasibətlərlə bağlı nə qədər mühazirə desək də, onlar danışdıqlarımızdan deyil, təcrübə əsasında öyrənirlər. Biz uşaqlara akademik biliklər verə bilərik, ancaq o biliyi bacarığa çevirməyəndə, öz əhəmiyyətini itirir”.
Odur ki, birmənalı olaraq dünyada qəbul edilən qənaət ondan ibarətdir ki, əlilliyi olan və ya hər hansı səbəbdən təhsildən uzaqlaşan uşaqların ümumtəhsil məktəbinə cəlb olunması və fərqləndirici xüsusiyyətindən asılı olmayaraq, bütün cəmiyyət üzvlərinin bir sinifdə təhsil alması fərqləndirilənlər də daxil olmaqla, hamının xeyrinədir.
Maneəni aradan qaldırmağın yollarından biri maarifləndirmədir
Hamı üçün faydalı olan inklüziv təhsilin qarşısında duran ən böyük maneə isə bəzi valideynlərdir. Maraqlıdır, valideynlər niyə inklüziv təhsilə qarşı çıxır?
F.Süleymanovun sözlərinə görə, aparılan sosial tədqiqatlar bunun səbəbini açıq şəkildə ortaya qoyur: “Həyata keçirdiyimiz layihə çərçivəsində bunu da araşdırdıq. Apardığımız sosial tədqiqatın nəticəsi olaraq müəyyən qənaətimiz formalaşdı. 6 regionu - Bakı, Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxını əhatə edən həmin tədqiqatın nəticəsi olaraq hesab edirik ki, sözün əsl mənasında, inklüziv təhsil üçün ən böyük maneə əlilliyi olmayan bəzi uşaqların valideynləridir. Belə ki, valideynlər bu problemi olduğundan böyük göstərməyə çalışırlar. Məsələ çox vaxt sağlamlıq imkanı məhdud uşağın sinifdə, dərsdə problem yaratmağında da olmur. Valideynlər əlilliyi olan uşaqlara stereotipik yanaşırlar. Əslində, müşahidələrimiz onu deməyə əsas verir ki, həmin valideynlər də müəyyən qədər haqlıdırlar. Bütün narazılıqlar məlumatsızlıqdan qaynaqlanır. Odur ki, bu maneəni aradan qaldırmağın yollarından biri məhz maarifləndirmədir”.
Bunu nəzərə alaraq, həyata keçirdikləri layihələrdə valideynləri ön planda tuturlar: “Steqmatik düşüncələr uşaqları depressiyaya salır. Maarifləndirmənin ana xəttini bu təşkil edir. Valideynlər bilsinlər ki, bu uşaqlar qeyri-adi uşaqlar deyil. Övladları sinifdə həmin uşaqları olduğu kimi qəbul etməlidirlər. Bütün insanlar, hətta əkizlər belə biri-birindən fərqlənirlər. Odur ki, bəzi fərqləndirici xüsusiyyətə əlillik, yoluxucu xəstəlik kimi baxmaq, onlardan qorxmaq lazım deyil”.
İnklüziv təhsilə qarşı çıxanlar, sadəcə sağlam uşaqların valideynləri deyil. F.Süleymanov deyir ki, inklüziv təhsilin vəziyyəti bir çox aspektdən qiymətləndirilib: “Nəticə ondan ibarətdir ki, hər kəs özünü inklüziv təhsil tərəfdarı kimi göstərməyə çalışsa da, bunun belə olmadığını bəzi kateqoriyalarla iş zamanı aydın görmək olur. Məsələn, açıq etiraz edənlər arasında evdə təhsil verən müəllimlər də var”.
Bəs, müəllimlər narazılığını nə ilə əsaslandırırlar? Yəni sağlamlıq imkanı məhdud uşağın təhsil aldığı sinifdə tədrisdə keyfiyyətə nail olmaq mümkün deyil?
Uğurlu nəticələr əldə edən müəllimlər çoxdur
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırlması” layihəsində müəlimlərin narazılıqlarının səbəbləri də araşdırılıb. Belə məlum olur ki, inklüziv sinifdə təhsilin keyfiyyəti müəllimə görə dəyişir: “Müəllim uşağı təlimə cəlb edə və nəticə etibarilə uğur əldə edə bilmir. O da sağlamlıq imkanı məhdud uşaqla hansısa nəticəyə nail olmağın mümkünsüzlüyü qənaətinə gəlir. Çünki o, uğursuzluğunun səbəbini özündə yox, sağlamlıq imkanı məhdud şagirdində axtarır. Düşünmür ki, nəticə əldə etməməsi uşaqla deyil, onun özü ilə əlaqəlidir. Uşağı dərsə cəlb edə bilmir və s. Halbuki, sağlamlıq imkanı məhdud uşaqların təhsil aldığı sinifdə müasir tədris metodları ilə tədris aparan və uğurlu nəticələr əldə edən müəllimlər çoxdur. Həmin müəllimlər öz təcrübələrini çox həvəslə paylaşırlar. Bir sözlə, reallıq budur ki, əzmkarlığı və səriştəsi olan müəllimlər təlim prosesini qurur və uğur əldə edirlər. Əlilliyin tərifinin də əsas predmetini məhz bu təşkil edir. Əslində, əlillik fərddə deyil, cəmiyyətdədir. Buna da “əlilliyin sosial modeli” deyirik. Daha dəqiq desək, məhdudiyyətləri şəxslərdə axtarmaq əlilliyin tibbi modeli, məhdudiyyətləri ətraf mühitdə axtarmaq isə əlilliyin sosial modeli hesab edilir. Sinifdə müəllim fərdin fəaliyyətinə mane olan səbəbləri aradan qaldırmalıdır. Bir müəllim məhdudiyyətlərin məhz uşaqdan qaynaqlandığını düşünürsə, əlilliyin tibbi modelinə istinad etmiş olur. Bunun əksinə, müəllim əlilliyi olan şagirdin inkişafında müsbət nəticəyə nail ola bilməməsinin səbəblərini araşdırır, effektivlik üçün yollar axtarırsa, o müəllim əlilliyin sosial modelinə istinad etmiş olur ki, bu daha mütərəqqi yanaşmadır. Düzdür, bəzən bu yanaşma daha çox enerji, emosional stabillik tələb edir, ancaq nəticə müsbət olur”.
F.Süleymanovun sözlərinə görə, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi məhz bu problemin həllinə yönəlib: “Bu istiqamətdə fəaliyyət çərçivəsində Avropa Birliyinin maliyyə dəstəyilə 2018-ci ilin may ayından həyata keçirilən layihənin məqsədi müəllimlərin inklüziv təhsil sahəsində tədris imkanlarını artırmaq, eyni zamanda əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını və adaptasiyasını təmin etmək üçün tədbirlər görməkdir”.
2020-ci ilin sentyabrında başa çatacaq layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu məqsədlərə uyğun olaraq müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına xidmət edir. Layihə çərçivəsində xarici ekspertlərin iştirakı ilə təlim modulu hazırlanıb. 1000 ibtidai sinif, 400 ali təhsil müəllimi, 250 məktəb direktoru və 1500-dən çox tələbə təlimlərə cəlb edilib. Eyni zamanda valideynlər və layihənin əhatə dairəsinə daxil olan rayonların digər icma üzvləri ilə maarifləndirici seminar və görüşlər təşkil olunub. Layihə çərçivəsində ali təhsil müəssisələri üçün dərslik tərcümə edilib, valideyn və müəllimlər üçün çoxsaylı broşürlər, vəsaitlər çap olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4 ixtisasının tədris proqramına inklüziv təhsil fənni inteqrasiya edilib.
Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bəzi təkliflər də hazırlanıb: “Layihə çərçivəsində işə cəlb olunmuş beynəlxalq ekspert və yerli məsləhətçi tərəfindən inklüziv təhsil sahəsinə aid olan qanunvericilik aktlarının geniş təhlili aparılıb. Ümumilikdə 35 qanunvericilik aktı təhlil olunub. Təhlil çərçivəsi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın inklüziv təhsil hüququ haqqında 24-cü maddəsinin tələbləri və həmin maddəyə 4 saylı ümumi şərhdə öz əksini tapan inklüziv təhsilin əsas indikatorlarıdır. Bura, inklüziv təhsilə yanaşmanın sistemli olması, təhsilin bütün pillələrini əhatə etməsi, müəllimlərə müvafiq dəstək sistemlərinin mövcudluğu, bütün təhsilalanların öyrənməsi üçün əlverişli mühitin mövcudluğu, inklüziv təhsilin tətbiqində müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq mexanizmlərinin mövcudluğu və s. göstəricilər aiddir”.
Təhlil nəticəsində qanunvericiliyin konvensiyanın tələblərinə uyğunlaşdırılması üzrə tövsiyələr və ölkədə inklüziv təhsilin tətbiqinə dair tədbirlər planı hazırlanıb: “Hesab edirik ki, sənəd əlilliyi olan şəxslərin təhsili ilə bağlı siyasətin təkmilləşdirilməsi və konvensiyanın tələblərinə uyğunlaşdırılması üçün əhəmiyyətli istinad mənbəyi olacaq”.
İnklüziv təhsil fasiləsiz bir prosesdir
F.Süleymanovun fikrincə, təlimlərin əsas komponentlərindən biri inklüziv dəyərlərdir: “Biz humanizm, qarşılıqlı anlayış, sevgi, mərhəmət kimi hisslərin formalaşdırılmasına çalışırıq. Bunun üçün nə qədər vaxt lazım olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu, bir şəxsin, bir ailənin işi deyil, hamının işidir. Məsələ bundadır ki, bütün baryerləri aradan qaldırmağa yönələn inklüziv təhsil, sadəcə əlilliyi olan uşağın məktəbdə təhsil almasından ibarət deyil. Bu, sonuncu mərhələdir. Ondan əvvəl görüləcək çox iş var. İnklüziv təhsil fasiləsiz bir prosesdir. Ən vacib mərhələ uşağın məktəbə gəlməsi olsa da, bu mərhələyədək çox vacib başqa mərhələlər də var. Odur ki, bu mərhələyədək mövcud olan maneələr aradan qaldırılmalıdır. Tədris resursları, məktəbin infrastrukturu, müəllimlərin və məktəb rəhbərliyinin prosesə hazırlığı təmin olunmalıdır. Bu şərtlər təmin olunduqdan sonra əlilliyi olan şəxsin məktəbdə təhsil alması digər uşaqlara mənfi təsir göstərməyəcək”.
Bunun üçün ölkəmizdə qanunvericilik bazası mövcuddur. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsindən sonra bu istiqamətdə bir çox işlər görüləcək. Burada praktiki olaraq bütün addımlar göstərilib. Görüləcək tədbirlər və onların nəticəsi bəllidir. İnklüziv təhsil üçün maneələrin aradan qaldırıldığı, inklüziv dəyərlərin bərqərar olduğu bir cəmiyyət çox da uzaqda deyil.
Ruhiyyə DAŞSALAHLI