Bakı Ali Neft Məktəbi (BANM) təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanlarını davam etdirir.

 

Ali məktəbdən bildirilib ki, ölkədə ilk dəfə olaraq BANM-də təşkil olunan onlayn imtahanlar may ayının 18-də yekunlaşacaq.

 

Onlayn imtahanların obyektivliyi və plagiatlığın qarşısının alınması beynəlxalq təcrübəyə uyğun olaraq təhsil ocağı tərəfindən hazırlanan Şərəf Kodeksi əsasında təmin edilir. İmtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırılır.

 

Qeyd edək ki, bu sistem yerli mütəxəssislər tərəfindən ilk dəfə olaraq BANM  üçün hazırlanıb.

 

Bundan əlavə, BANM-in tələbələri ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə ediblər.

 

Ümumilikdə proqram çərçivəsində kurslarda ali məktəbin 411 tələbə və müəllimi iştirak edib. Bura  proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi  ixtisaslarının II, III, IV və V kurs tələbələri (həm bakalavriat, həm də magistratura), Hazırlıq (“Foundation”) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetlərinin professor-müəllim heyəti tərəfindən distant formada aparılıb.

 

Kurslardan sertifikat əldə edən tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.

 

Qeyd edək ki, BANM-də təhsil Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarına əsasən həyata keçirilir, buna görə semestr dərsləri də digər ali təhsil müəssisələrinə nəzərən daha öncə başlayır və yekunlaşır.