Dövlət İmtahan Mərkəzi (DİM) yeni elektron xidmət istifadəyə verib. Yeni xidmət ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq edən, lakin hər hansı səbəbdən ərizənin təsdiqini ləğv etmək istəyənlər üçündür.
Belə ki, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edir. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişdirilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək lazımdır. Bu zaman mobil telefon nömrəsinə göndərilən təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini sıxmaq lazımdır.
Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.
DİM abituriyentlərə elektron ərizəni yenidən doldurarkən diqqətli olmağı və onu təsdiq etməyi unutmamağı da tövsiyə edib.
Xatırladaq ki, müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.
Qeyd edək ki, abituriyentlər mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Elektron ərizələrin qəbulu 5 iyun saat 23:59-dək davam edəcək.