Təhsil və Elm Nazirliyi 2 müstəqil nazirliyə ayrıldı
Rusiyada yeni Nazirlər Kabinetinin strukturu məlum olub. Bu günə kimi elm və təhsili bir araya alan Təhsil və Elm Nazirliyi 2 yerə ayrılıb. Bundan sonra elm və məktəblərlə ayrı-ayrı idarələr məşğul olacaq. Ümumi, əlavə və peşə təhsili sahələri ilə yeni yaradılacaq Maarif Nazirliyi məşğul olacaq. Qəyyumluq, himayədarlıq və tərbiyə məsələləri də bu nazirliyə verilib. Elm və ali təhsil məsələləri ilə Elm və Ali Təhsil Nazirliyi məşğul olacaq. Bütün elmi-texniki və innovasiya fəaliyyəti bu qurumda cəmlənəcək. Elm Nazirliyinin bir qanadı kimi innovasiyaları İqtisadi İnkişaf Nazirliyinin yerinə yaradılan Sənaye və Ticarət Nazirliyi inkişaf etdirəcək. Təhsilə nəzarət və Gənclər nazirliyi müstəqil qurumlar kimi hökumətin tərkibinə verilir. Prezident Vladimir Putinin sərəncamları ilə Olqa Vasilyeva Rusiya Federasiyasının maarif naziri, Mixail Kotyukov isə elm və ali təhsil naziri təyin olunub.
Struktur dəyişikliyindən sonra ilk açıqlamasında maarif naziri Olqa Vasilyeva qeyd edib ki, prezident tərəfindən Rusiyanın dünyanın 10 ən yaxşı ümumtəhsil sistemində təmsil olunmaq kimi ciddi vəzifə qoyulub. "Mən düşünürəm ki, bu çox ambisiyalı, ancaq əldə edilə bilən vəzifədir", - deyə Olqa Vasilyeva bildirib.
Oruc MUSTAFAYEV