Səbəb koronavirusun yenidən yayılması göstərilir


Cənubi Koreya hökuməti koronavirusun yenidən yayılması səbəbindən məktəblərin açılması tarixini təxirə salıb. "Uçitelskaya qazeta"nın məlumatına əsasən, bu barədə ölkənin təhsil nazirinin müavini Pak Bom məlumat verib.

 

Cənubi Koreyada tədris ili iki semestrə bölünür. Birinci semest mart ayında başlayır və iyulun ortalarına qədər davam edir. Koronavirus səbəbindən hökumət bir neçə dəfə dərs ilinin başlanması tarıxini təxirə salıb və bütün təhsil qurumlarını məsafədən təhsilə keçirib.

 

Son üç həftə ərzində ölkədə gün ərzində, təxminən 10 yeni infeksiya halı qeydə alınıb, onların əksəriyyəti xaricdən gətirilib. Mayın 6-da ölkə "gündəlik həyatda sosial məsafə" rejiminə keçib.

 

Cənubi Koreyanın "Yonhap News" agentliyinin məlumatına əsasən, epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı əyani təhsilin bərpa olunması qərara alınıb. Bu, ilk növbədə, kolleclərə daxil olmaq üçün hazırlaşmalı olan yuxarı sinif şagirdləri üçün edilib. Qəbul imtahanlarının müddəti isə təxirə salınmayıb.

 

Mayın 10-u və 11-də yoluxanların gündəlik artımı müvafiq olaraq 34 və 35 nəfər təşkil edib, onların əksəriyyəti yerli mənşəli olub. COVID-19 infeksiyasının yeni bir epidemiyası bir gəncin Seulda ən izdihamlı rayon olan İtvonda bir neçə gecə klubunu ziyarət etməsindən sonra ortaya çıxıb.

 

Buna görə də valideynlərin bir qismi  məktəblərin bərpa olunması qrafikinə yenidən baxılmasını xahiş ediblər. İnternetdə yerləşdirilmiş bu xahiş üzrə 160 mindən çox imza toplanıb. Koreya  Təhsil Nazirliyində bu məsələni diqqətlə araşdırmağa söz veriblər.

 

"Təhsilalanların təhlükəsizliyi hər zaman bizim prioritetimiz olaraq qalır. Biz bütün riskləri diqqətlə izləyirik və müxtəlif mümkün variantları nəzərdən keçirərək ölçülüb-biçilmiş qərar qəbul edəcəyik", - deyə ölkənin təhsil naziri Yu In Xe özünün facebook səhifəsində bildirib.

 

Mayın 12-də təhsil nazirinin müavini Pak Bom yuxarı sinif şagirdlərinin dərslərinin başlanması tarixinin mayın 20-nə keçirildiyini xəbər verib. Kiçik və orta siniflərdə təhsil alan uşaqlar isə əyani dərslərə sonradan öz cədvəllərinə uyğun olaraq qayıdacaqlar.
 

Mənbə: http://ug.ru/news/30573

 

Oruc MUSTAFAYEV