Təhsil Nazirliyinin  "SABAH qrupları" layihəsi və "Coca-Cola" şirkəti əməkdaşlığa başlayıb. Belə ki, SABAH tələbələri şəxsi və peşə inkişafı üçün şirkətin yaratdığı bir sıra imkanlardan yararlana biləcəklər.  

 

Əməkdaşlıq çərçivəsində tələbələrlə  “Xəyalındakı karyeraya necə hazır olmalı?" mövzusunda ilk onlayn görüş baş tutub. Görüşdə millət vəkili Şahin Seyidzadə bu təşəbbüsün tələbələr üçün faydasını yüksək qiymətləndirərək "Coca-Cola" şirkətinə təşəkkürünü bildirib, mövcud rejimdə belə bir fürsətin tələbələrin karyera hazırlığı üçün əhəmiyyətli olduğunu vurğulayıb. 

 

"Xəyalındakı karyeraya necə hazır olmalı?” mövzusunda vebinarın mühazirəçisi "Coca-Cola" şirkətinin Qafqaz və Orta Asiya regionunun Baş direktoru Eser Sevinc Manav şirkətin hər zaman gənclərin inkişafı üçün müxtəlif sahələrdə layihələrə dəstək olduğunu deyib, SABAH qrupları ilə başladılan onlayn əməkdaşlığın Azərbaycan tələbələrinin gələcək karyera imkanlarına töhfə verəcəyinə ümidvarlığını ifadə edib. 

 

Bildirək ki, mövcud əməkdaşlıq "Coca-Cola" şirkətinin Türkiyə, Azərbaycan, Qafqaz və Orta Asiya regionunun rəhbər heyətinin nümayəndələri tərəfindən SABAH tələbələri üçün müxtəlif mövzularda vebinarların keçirilməsini, həmçinin iqtisadiyyat və biznes sahəsində təhsil alan tələbələr üçün karyera hazırlığına dəstək, müxtəlif peşə sahələri ilə tanışlıq, tələbələrin iştirakı ilə biznes araşdırmaları, diplom və kurs işlərinin hazırlanmasında peşəkar mentor dəstəyi göstərilməsini əhatə edir. Bundan başqa, SABAH tələbələri şirkətdə təcrübə keçmək və "Coca-Cola Azərbaycan"ın birgə təşkilatçılığı ilə müxtəlif dərsdənkənar inkişaf fəaliyyətlərinə qoşulmaq imkanı da əldə edəcəklər. 

 

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.