Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərini əhatə edən “Üç alov” adlı uşaq və gənclərin Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına start verilir.
Yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər, özfəaliyyət yaradıcılıq kollektivlərinin üzvləri arasında keçirilən festival 3 yaş qrupunda (9-11, 12 -14, 15 -17) aşağıdakı nominasiyaları əhatə edir:
-İnstrumental yaradıcılıq: milli, klassik, estrada, caz;
-Vokal yaradıcılığı: milli vokal, akademik vokal, estrada vokal;
-Xoreoqrafiya yaradıcılığı: milli rəqslər, milli stilizasiya, klassik rəqs, estrada rəqsi, müasir rəqs (caz, müasir, kontemp, çivi, step və s.), müasir rəqs (hip-hop, brek-dans, robot rəqsi); müasir eksperimental rəqs, bal rəqsləri, müasir və klassik balet.
İştirakçılar müxtəlif yaş qrupları üzrə tək (solo), cüt (duet) və kollektiv (qrup) qatıla bilərlər. İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə və həmin nominasiya üzrə bir nömrədən ibarət videoçarx təqdim edə bilər. İfa müddəti 3 dəqiqədən çox olmamalıdır.
Festivalda iştirak etmək istəyənlər ərizə formasını mayın 20-dək 3alovfest@gmail.com elektron poçt ünvanına göndərməlidirlər. Qeydiyyat zamanı bütün videoçarxlarda iştirakçı adı, soyadı, təmsil etdiyi müəssisənin adı, ifa etdiyi mahnının (rəqsin və s.) adı, müddəti qeyd edilməlidir. Bütün nominasiyalar üzrə ifa müddəti 1-3 dəqiqədən artıq olmamalıdır.
Festivalın beynəlxalq mərhələsi 1-3 iyun 2020-ci il tarixlərində keçiriləcək.
Qaliblər “Qran Pri”, diplom, kubok və medallarla mükafatlandırılacaq.