Fransa prezidenti Emmanuel Makron  təhsil naziri Jan -Mişel Blankerin müşayiəti ilə  Paris ətrafındakı  Pouassi ibtidai məktəbinə baş çəkib.

 

"Euronews" kanalının məlumatına əsasən,  E.Makron əvvəlcə sinif otağında sabunla əllərini yuyub, uşaqlarla hal-əhval tutaraq, onlarla  söhbətləşib. Prezident sinif otağını tərk etdikdən sonra həyəcanlı bəyanat verib:  "Biz virusa qarşı döyüşü qazanmadıq, virus hələ də var,  biz onun yayılmasını zəiflətdik. Biz hamımız kollektiv məsuliyyət daşıyırıqsa, virusla mübarizədə yeni mərhələ açacağıq; əminəm ki, biz məktəbə dönəcəyik”.  

 

Dövlət  başçısı  müəllimlərin, valideynlərin  və merlərin etirazlarına baxmayaraq,  uşaqların tədricən  məktəblərə, böyüklərinsə işə qayıdacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, bu addımla iqtisadi yüksəliş başlamalıdır. Bununla belə, məktəblərə dönüş bir sıra zəruri təhlükəsizlik  standartlarından istifadə edilmədən baş verməyəcək.
 

Məktəblərin mayın 11-dən sonra açılmasının  mümkünsüzlüyü ilə əlaqədar şəhər merlərinin müraciətinə münasibət bildirən prezident  məktəblərin açılma tarixinin dəyişməyəcəyini bildirib.  Məktəblərin mərhələli şəkildə açılacağını deyən prezidentin  sözlərinə görə, iki ay ərzində evdə qalma uşaqlar üçün travmadır. Bundan əlavə, karantin dövründə sosial bərabərsizlik artıb. E.Makron hesab edir ki, uşaqları məktəbə qaytarmaq lazımdır və  bu hal  valideynlərə də işləməyə imkan verəcək. O, karantin dövründə göstərdiyi səylərə görə, müəllimlərə və valideynlərə minnətdarlığını bildirib.

 

"Opinion Way" tədqiqat şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, valideynlər karantinin aradan qaldırılmasına qarşı çıxıb.  "France 3" telekanalının məlumatına əsasən, sorğular hər iki valideyndən birinin məktəblərin açılmasına qarşı çıxdığını açıqlayıb.  Sorğuya əsasən, respondentlərin 77% - i orta məktəblərin açılması tarixinin daha sonrakı müddətə keçirilməsində israr edir. "M6" telekanalı da valideynlərin 67% -nin mayın 11-də uşaqların məktəbə göndərilməsinin əleyhinə çıxdığını xəbər verib.
 

 

Fransanın təhsil naziri Jan-Mişel Blanke 11 may 2020-ci il tarixindən etibarən məktəbə geri dönməyin tədricən olacağını açıqlayıb. Əvvəlcə dərslər aşağı siniflərdə, bir həftədən sonra  orta, daha bir həftədən sonra isə yuxarı siniflərdə başlayacaq. Hakimiyyətin fikrincə, məktəblilər karantin müddətində  qeyri-bərabər şəraitdə qalıb, onların bir qismi müxtəlif səbəblərdən distant təhsil almaq imkanına malik deyil.
Bununla belə, müəllimlərin həmkarlar ittifaqları məktəblərin açılmasına qarşı çıxıblar və bunu məktəblərin infeksiyanın aktiv ötürülmə yeri olması ilə izah ediblər. Milli Səhiyyə və Tibb Tədqiqatları İnstitutu isə  təhsil müəssisələrinin payızdan əvvəl açılmamasının vacibliyini bildirib.

 

www.euronews.com

 

Oruc MUSTAFAYEV