Dövlət İmtahan Mərkəzi (DİM)1 mart 2020-ci il tarixində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının nəticələri ilə bağlı yaradılmış Apelyasiya komissiyasının məlumatını açıqlayıb.

 

Bildirilib ki, imtahanda 40 minə yaxın şagird iştirak etmiş və onların ümumilikdə 1000000-dan (bir milyondan) çox tapşırıq üzrə yazı işi olmuşdur. Hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) 2000000-dan (iki milyondan) çox yoxlama işi həyata keçirilmişdir.

 

İmtahanın nəticələri aprel ayının 15-də elan olunmuş və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olmuşdur. Bundan əlavə, imtahanda istifadə olunmuş sual kitabçaları (mətnlər, tapşırıqlar) və dinləmə mətnlərinin audiofaylları DİM-in internet saytında yerləşdirilmişdir. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən 20 gün ərzində imtahanda iştirak etmiş 39672 nəfərdən 21082-i öz nəticələrinə, 8484-ü isə cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxmışdır.

 

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya komissiyası fəaliyyət göstərmiş və müraciətlər araşdırılmışdır. Apelyasiya komissiyasına ərizə qəbulu 20-22 aprel tarixlərində onlayn şəkildə (DİM-in saytı vasitəsilə) həyata keçirilmişdir. Apelyasiya komissiyasına 435 şagird (bütün imtahan verənlərin 1,09%-i) 1800-ə yaxın tapşırıq (bütün tapşırıqların 0,18%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Onlardan 72 şagirdin (bütün imtahan verənlərin 0,18%-i,) cəmi 95 tapşırıq (bütün tapşırıqların 0,009%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir. 72 şagirddən 30 şagirdin işində edilən düzəlişlər onların imtahan zamanı bir tapşırığın həllini (cavabını) başqa tapşırıq üçün ayrılmış sahəyə yazmaları səbəbindən baş vermişdir. Qeyd edək ki, xüsusi karantin rejiminə uyğun olaraq apelyasiya prosesi də onlayn təşkil edilmişdir. Belə ki, elektron ərizələrində “Zoom” proqramı vasitəsilə izah almaq istəyən 166 şagirdlə videobağlantı yaradılmış və yazı işləri müzakirə edilmiş, 260-dan çox şagirdlə isə seçimlərinə uyğun olaraq telefon vasitəsilə müzakirə aparılmışdır. Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilmişdir.