YUNESKO-nun məlumatına görə, koronavirusun yayılmasının qarşısının alınması tədbirləri sayəsində 186 -dan çox ölkədə təhsilanların 90 faizdən çoxu üçün məktəblər qismən və ya tamamilə bağlanıb. Pandemiya səbəbindən məktəblər bağlandıqdan sonra Danimarka və Yaponiya kimi bir neçə ölkə təhsil müəssisələrini yenidən açmağa başladı. Yeni təhlükəsizlik tədbirləri havalandırma üçün pəncərələrin açıq saxlanması, partaların bir-birindən 2 metr məsafədə yerləşdirilməsi və müəyyən yaş qrupuna aid təhsilalanlar üçün dərslərin yenilənməsinə qədər dəyişir.
Çin: məktəbin girişində temperatur yoxlaması
Çində bəzi məktəblər mart ayından sonra yenidən açılmağa başladı, baxmayaraq ki, çoxları üçün təhsil müəssisələri hələlik qapalı qalır. Yanvar ayının sonunda Çin koronavirus alovunun baş qaldırdığı Uhan şəhərinin 11 milyon sakini üçün təcrid rejimini tətbiq etdi. Tezliklə təcrid rejmi ölkənin 15 şəhərini, 20 əyalət və bölgəsini əhatə etdi. "Vaşinqton Post"-un yazdığına görə, karantin tədbirləri nəticəsində təxminən 200 milyon tələbə fevral ayında onlayn təlimlər keçib. Martın 18-də Çin koronavirusun baş qaldırdığı ilk gündən sonra ilk dəfə yeni yoluxma hallarının olmadığını bildirdi və bundan sonra bir neçə həftə ərzində məhdudiyyətləri tədricən aradan qaldırdı. Aprel ayının əvvəlində bir çox əyalətdə məktəblər məzunların üzünə açıq olsa da, YUNESKO-nun məlumatları əksər regionlarda məktəblərin çoxunun qapalı olduğunu göstərir. Pekin, Şanxay və Quançjou şəhərlərində yuxarı sinif şagirdləri ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün aprelin 27-də məktəbə geri dönüblər. “Bi-bi-si”-nin məlumatına əsasən, Çin Təhsil Nazirliyi şagirdlərin məktəbin girişində temperaturlarının yoxlanmasını tələb edir.
Tayvan: plastik arakəsməli parta arxasında
Tayvan qış tətillərini on gün uzatdıqdan sonra 25 fevral tarixində məktəbləri yenidən açıb. Tayvanda şagirdlər infeksiyanın yayılmaması üçün plastik arakəsməli parta arxasında əyləşiblər. Koronavirusun baş qaldırmasından sonra Tayvan onun yayılmasının qarşısını almaq üçün operativ tədbirlər görüb. Hökumət heç vaxt rəsmi olaraq məktəbləri bağlamayıb. Lakin fevral ayında təhsil müəssisələrini dezinfeksiya etmək, tibbi ləvazimatları məktəblərə çatdırmaq və məktəblər üçün yeni prosedurlar tətbiq etmək məqsədilə qış tətilləri 10 gün müddətinə uzadılıb. Məktəblər indi şagirdlərin temperatur yoxlamalarını həyata keçirir və bəziləri əlavə təhlükəsizlik tədbiri kimi plastik masa arakəsmələrindən istifadə edirlər.
Yaponiya: məktəblərin təxminən 40%-i yenidən açılıb
Yaponiyadakı məktəblər yeni dərs ili üçün aprelin əvvəlində açıldı. Fevralın 27 - də baş nazir Şinzo Abe virusun yayılmasının qarşısını almaq üçün bütün məktəblərin mart ayının 2-dən aprelin əvvəlinə, yeni dərs ilinin başlanmasına qədər bağlamağa çağırıb. Ş.Abe yaz tətillərində olan universitetlər üçün konkret göstəriş verməyib, çünki onlar ayrıca semestr sisteminə əməl edirlər. Martın 24-də Yaponiya məktəblərin bağlanması ilə bağlı öz qərarını dəyişmək niyyətində olmadığını elan edib və məktəblərin açılmasının məqsədyönlü olub-olmadığı barədə qərarın yoluxma hallarının təhlili əsasında yerli bələdiyyələr tərəfindən qəbul olunacağını bildirb. Səhiyyə Nazirliyi, həmçinin siniflərin havalandırılması üçün pəncərələrin açılmasını, fiziki məsafənin saxlanmasını, gündəlik temperaturun yoxlanmasını və üz üçün maskalardan istifadəni ehtiva edən yeni bir təlimat yayımlayıb.
"Hər bir rayonun vəziyyəti fərqlidir və ümumi vəziyyətlə bağlı faktiki olaraq yerlərdəki yoluxma səviyyəsi əsasında hökm etmək daha təsirli olacaq", - deyə təhsil naziri Koiti Agiuda "Straits Times"-ə müsahibəsində bildirib . YUNESKO-nun məlumatına görə, bu gün məktəblərin, təxminən 40%-i yenidən açılıb. Bu, qismən Ş.Abenin yeni infeksiyaların sayının artmasından sonra aprelin 16-da elan etdiyi milli fövqəladə vəziyyətlə bağlı qəbul etdiyi qərarla bağlı ola bilər. Fövqəladə vəziyyət Yaponiyanın 47 prefekturasının və ya inzibati bölgələrin liderlərinə məktəblərin bağlanmasını tələb etmək və sakinlərdən evdə qalmalarını xahiş etmək səlahiyyəti verir. "Bloomberg" agentliyi xəbər verir ki, Abe artıq bəyan edib ki, mayın 6-da qüvvədən düşən fövqəladə vəziyyətin uzadılmasını elan edəcək.
Norvec və Danimarka: şahmat qaydası, 2 metr məsafə
Aprelin 15-də Danimarka uşaq bağçalarını və I-V sinif uşaqları üçün məktəbləri yenidən açan ilk Avropa ölkəsi oldu. Danimarkanın azyaşlı məktəbliləri mayın əvvəlində yeni infeksiyaların səviyyəsinin azalmasından sonra ölkədə həyatın normal məcraya daxil olması ilə bağlı məktəbə qayıdıblar. Yeni açılan məktəblərin sinif otaqlarında partaların bir-birindən 2 metr məsafədə, şagirdlərin isə şahmat qaydasında yerləşməsi təmin edilib. Digər tədbirlər arasında sosial distansiyanın hələ də qüvvədə olan rəhbər prinsiplərinə riayət etmək tələb olunur.
Danimarka ölkədə koronavirusdan hər hansı bir ölüm xəbəri yayılmamışdan əvvəl, martın 11-də təcrid rejiminə keçib, martın 16-da isə məktəbləri bağlayıb. Hazırda orta məktəblər və universitetlər qapalı olaraq qalır.
Norveç aprelin 20-də uşaq bağçalarını, aprelin 27-də isə I-IV sinif şagirdləri üçün ibtidai məktəbləri açmağa başlayıb. Norveç məktəblərində siniflər 15 şagirdən çox olmamaqla qruplar halında yenidən təşkil olunub.
Hökumət sosial distansiyanın təşviq edilməsi məqsədilə məktəbləri 15 nəfərdən çox olmayan qruplara bölməyə və partaların gündəlik yuyulmasını təmin etməyə, o cümlədən digər ehtiyat tədbirlərini də nəzərə almağa çağırıb.
Almaniya: məzunlara üstünlük verilir
Almaniya aprelin 20-də orta məktəbləri yuxarı sinif şagirdləri üçün yenidən açdı. Bəzi orta məktəblər isə bu mayın əvvəlində yenidən açıldı ki, yuxarı sinif şagirdləri buraxılış imtahanlarını verə bilsinlər.
Qeyd edək ki, Almaniyanın 16 əyalətindəki məktəb və uşaq bağçalarının əksəriyyəti mart ayının ortalarından etibarən bağlanıb. Bu müddət ərzində ölkə kansler Angela Merkelin sözlərinə görə, virusun yayılmasının azaldılmasında "kövrək bir aralıq müvəffəqiyyət" ədə edib.
Bundan sonra Merkel Almaniyanın blokadanı tədricən aradan qaldırmaq planı çərçivəsində məktəblərin mayın 4-də yenidən açılma prosesinə başlamasını və məzunlara üstünlük verilməsini tövsiyə edib.
www.weforum.org/agenda/2020/05/coronavirus-countries-schools-education-covid19-reopen-classroom
Oruc MUSTAFAYEV