Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi ilə bağlı imkanlar daha da təkmilləşdirilib. Belə ki, müəllimlər "Virtual məktəb" platformasında yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə deyil, Ümumi Təhsil İnformasiya Sistemi (ÜTİS) kodu ilə də qeydiyyatdan keçə biləcəklər.
Bunun üçün müəllim “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, burada ÜTİS kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir.
Portalda qeydiyyat zamanı sinif seçimi etməyən, sinfi dəyişdirmək istəyən və ya sinif əlavə etmək istəyən müəllim “Qeydiyyat” bölümünə qayıdaraq yenidən FİN/ÜTİS kodu və doğum tarixini qeyd etməlidir. Bu zaman açılacaq səhifədə müəllimin artıq qeydiyyatdan keçdiyi bildiriləcək və sinif seçimini etməsi xahiş olunacaq. “Davam et” keçidini sıxmaqla məktəbdə olan bütün siniflər siyahı şəkilində açılacaq və müəllim tədris etdiyi sinifləri qeyd edə biləcək. Sinif seçimi edildikdən sonra 24 saat ərzində virtual siniflər aktivləşdiriləcək.
24 saat sonra istifadəçi adı və şifrə daxil edilərək portala daxil olduqda “Teams” menyusu açılır və istifadəçi özünün tədris etdiyi sinifləri görür. Əgər istifadəçi tədris etdiyi digər sinifləri ümumi siniflər içərisində görə bilməsə, o zaman “Join and create team” bölməsi vasitəsilə dərs dediyi sinifləri öz səhifəsinə əlavə edə bilər. Bunun üçün açılan pəncərədə “Create team” düyməsi sıxılmalı, siyahıda görünən müvafiq siniflər işarələnərək “Choose group” düyməsi vasitəsilə səhifəyə əlavə edilməlidir.
Qeyd edək ki, aprelin 18-dən müəllimlər üçün “Virtual məktəb” portalında açıq qeydiyyat imkanı yaradılıb. Qeydiyyat könüllü xarakter daşıyır. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilər, həmçinin virtual.edu.az saytındakı “Virtual bələdçi” xidməti, teams@tsii.edu.az ünvanına məktub və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində yaradılmış texniki dəstək xidmətlərindən faydalana bilərlər.
Təlimatlar: