Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib ki, ölkə məktəbləri adi iş formatına qayıdacaq, distant təhsil təcrübəsindən isə gələcəkdə təhsil sisteminin təkmilləşdirilməsi üçün istifadə olunacaq.
"Biz görürük ki, məktəblilər parta arxasına qayıtmaq, müəllimlər isə yenidən siniflərində dərs keçmək istəyirlər. Məktəblər qapılarını açanda, əlbəttə ki, məktəbi distant təhsillə əvəz etməyəcəyik. Lakin əldə olunan təcrübədən təhsilin keyfiyyətinin yüksəldilməsi üçün istifadə edəcəyik. Təhsil mühitinin imkanlarını tamamlaya və genişləndirə bilərik", - deyə nazir vurğulayıb.
O bildirib ki, distant təhsil sahəsində əldə edilən nailiyyətlər gələcəkdə tədrisin keyfiyyətinin artırılması, eləcə də evdə məşğul olmaq məcburiyyətində qalan uşaqlar üçün tədrisin təşkilində istifadə oluna bilər. Nazir tədris prosesini dəstəkləyən müəllimlərə minnətdarlıq edib.
Oruc MUSTAFAYEV