Böyük Britaniya hökuməti may ayından başlayaraq, məktəbləri açmaqla  karantin rejimini yumşaltmağı planlaşdırmır. Bu barədə Britaniyanın təhsil naziri Gavin Uilyamson özünün twitter səhifəsində yazıb.

 

Rusiyanın "TASS" agentliyinin  yaydığı məlumatda qeyd olunur ki,  təhsil naziri açıqlamasında məktəblərin açılması məsələsinə toxunub: "Hələlik məktəblərin açılması ilə bağlı heç bir qərar yoxdur.  Valideynləri və müəllimləri əmin etmək istəyirəm ki, belə bir qərar üçün doğru anın gəldiyini göstərən elmi məlumatlarımız olduqdan sonra məktəblər yenidən açılacaq".

 

Qeyd edək ki, bundan əvvəl "The Sunday Times" qəzeti və Krallığın bir sıra digər KİV-ləri Britaniya Nazirlər Kabinetinin mayın 11-dən  məktəblərin işini bərpa etmək imkanını nəzərdən keçirdiyinə dair məlumatlar yayıblar. Təhsil müəssisələrinin açılmasına martın 23-dən ölkədə tətbiq edilən karantin rejiminin yumşaldılması istiqamətində atılan addımların ilkin mərhələsi kimi baxılır. Britaniya qəzetlərinin məlumatına görə, Nazirlər Kabineti  sosial təcrid rejiminin yumşaldılmasına dair tədbirlər planı hazırlayıb. Koronavirus infeksiyasına yoluxan baş nazir Boris Conson hazırda Çekersdəki şəhərətrafı iqamətgahında tibbi reabilitasiya keçir. Və bərpa prosesindən sonra sənədlə tanış olmalıdır.

 

"The Sunday Times"-in yazdığına görə, bəhs olunan plan çərçivəsində ilkin mərhələdə ibtidai və buraxılış sinif şagirdlərinin təhsilə qaytarılması nəzərdə tutulur.  Bundan əlavə, insanlar arasında  sıx əlaqənin azaldılması üçün dərs məşğələləri həftənin bütün günləri olmayacaq.

 

Nəşrin məlumatına görə, mayın  sonu,  ya da iyunun əvvəllərində tətbiq olunacaq  ikinci mərhələ daha çox mağazanın açılmasını nəzərdə tutur. Yayın sonuna, ya da payızın əvvəlinə isə, ola bilsin, kafe və restoranlar yenidən işə başlaya biləcək.  Eyni zamanda, yaşlı insanlar və risk qrupuna daxil olan digər şəxslər üçün qüvvədə olacaq  karantin  rejiminin ləğv edilməsi  koronavirus peyvəndinin istifadəyə verilməsindən əvvəl gözlənilmir.

 

(Mənbə: tass.ru/obschestvo/8281375)

 

Oruc MUSTAFAYEV