Koronovirus (Covid-19) infeksiyasının ölkəmizdə geniş yayıl­masının qarşısının alınması ilə bağlı Azərbaycan hökumətinin təhsil müəssisələrində elan etdiyi karantin tədbirləri şəraitində Təhsil Nazirliyi orta ümumtəhsil və ali təhsil pillələrində, təhsilin digər sahələrində məsafədən təlim texnologiyalarının geniş və davamlı tətbiqini tövsiyə, təşviq etməklə yanaşı, həm də bu işə ciddi tədris-metodiki, təşkilati və proqram dəstəyi verməkdədir.

 

Distant təhsilin universitetlərdə tətbiqi imkanlarının araşdırılması və real vəziyyətin öyrənilməsi ilə əlaqədar mart ayının əvvəlində Təhsil nazirinin müavini Firudin Qurbanovun sədrliyi ilə keçirilən müşavirədə dinlənilən təkliflər respublikanın aparıcı universitetlərinin məsafədən təlim üçün müəyyən imkanlara, müvafiq təlim-treninq, tədris bazasına malik olmaları barədə təsəvvür yaratdı. Məsafədən təhsilin, xüsusilə də ERASMUS+, ERASMUS PETRA, TWINNINQ beynəlxalq proqramları çərçivəsində universitetlərimizin Avropa təhsil məkanına sıx inteqrasiyası məqsədilə  Avropa Şurasının dəstəklədiyi layihələrdə iştirak edən ali məktəblərdə ciddi çətinliklər olmadan reallaşdırılmasının mümkünlüyü aydınlaşdı. Təhsil Nazirliyi bu məsələdə universi­tetlərin müstəqil iş aparmasının vacibliyini, onlara təhsil proqramlarını həyata keçirməkdə muxtariyyət hüququna malik olmalarını xatırlatdı.

 

Fikrimizcə, belə bir məcburi və gözlənilməz tədris şəraitinin ortaya çıxması 10 ildən artıq bir zaman kəsiyində kredit sistemi ilə tədrisin təşkilinə keçmiş Azərbaycan universitetlərinin hansı müsbət dəyişikliklərə, hansı innovativ yanaşmalara, elmi-metodiki yeniliklərə, tədris-təlim-məlumat resurs bazalarına, insan (kadr-mütəxəssis) resurslarına, maddi-texniki-internet imkanlarına, müəllim-tələbə mobilliyi təcrübə və düşüncəsinə, tədrisdənkənar maliyyə cəlbetmə qabiliyyətinə malik olduğunu üzə çıxartdı.

 

İllərdən bəri orta və ali təhsildə böyük səy və israrla beş ildən bir tətbiq etdiyimiz yeni tədris standartları, kurikulumlar, müxtəlif təhsil pillələri və səviyyələrinin məzunları üçün kompetensiyalar, valideynin tədris prosesinin üç əsas iştirakçısından biri olması, şagird və tələbənin əlinin altında olan dərsliklərin və digər tədris vəsaitlərinin, eləcə də elektron mənbələrin minimum tədris standartları tələblərinə cavab verib-vermədiyi və sair məsələlərin hansı vəziyyətdə olduğu barədə də düşünmək imkanı qazandıq...             

 

Bakı Slavyan Universitetində (BSU) distant təlim texnologiyalarının yenicə başlanılmış tədris semestri ərzində tətbiqi ilə bağlı rektor, professor Nurlana Əliyevanın imzaladığı müvafiq əmrdə bu müddətdə tələbələrin tədris prosesinə məsafədən könüllü şəkildə qoşulmasını motivasiya edən tədbirlər nəzərdə tutulmuşdu. Bəzi bölgələrdə internetin zəif olması, kiminsə digər səbəblərdən internetdən yararlana bilməməsi və digər səbəblər araşdırılaraq, fakültə, həmçinin şöbələrə gündəlik dərs cədvəlinin yerinə yetirilməsi istiqamətində tövsiyə və tapşırıqlar verildi; ilkin mərhələdə, yəni 10-28 mart tarixlərində tedris-uni@bsu.az,  Skype, Moodle, Google meets, Zoom, Ms Teams, WhatsApp və sair platformalar üzərindən dərslərin təşkilinə imkan yaradıldı.

 

Bütün tədris materiallarının (elektron mühazirə mətnləri, sillabuslar, sərbəst işlərin mövzuları, imtahan sualları, ayrı-ayrı ixtisaslar üzrə dərslik vəsaitləri və s.) tedris-uni@bsu.az platformasına yüklənməsi universitetdə məsafədən təlimin təşkilinə ciddi dəstək verdi. Bunlarla yanaşı, BSU-nun xarici tərəfdaşlarla (A.S.Puşkin adına Rus Dili İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti,  Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanası, Moskva Dövlət Linqvistik Universiteti, REA-nın Rus Ədəbiyyatı İnstitutu, Sofiya Universiteti, Veliko-Tırnovo Universiteti, Torn Universiteti və s.) bağladığı müqavilələrə uyğun olaraq, təhsilalanların və təhsilverənlərin müxtəlif tədris-məlumat bazalarına ödənişsiz qoşulması təmin edildi.     

 

Təhsil Nazirliyi tərəfindən universitetlərin mərkəzləşdirilmiş qaydada lisenziyalı “Microsoft  Teams” platformasına keçirilməsi təşəbbüsünə qoşulan uni­ver­sitetimiz  martın sonu-aprelin əvvəlində qısa müddət ərzində müəllim və tələbələrin qeydiyyatını həyata keçirdi.  "MS Teams" platformasında artıq BSU-dan 4000-dək istifadəçi (müəllim və tələbə) qeydiyyatdan keçdi. Bu platformanın üstün cəhəti onun geniş və müxtəlif funksiyalı tədris imkanlarına malik olmasıdır. Digər əsas məqam isə, təhsilalanların online tədris fəaliyyətinin mütəmadi olaraq qiymətləndirilməsi, testdən və sorğudan keçirilməsinin mümkünlüyüdür. Bizə elə gəlir ki, bu, tələbələrin cari fəaliyyətinin qiymətləndirilməsi və gələcəkdə aralıq qiymətləndirmədə nəzərə alınması vacib məqamdır. Biz iki aya yaxın müddətdə virtual təlimdəyiksə, bunun ali təhsil qanunvericiliyi üzrə hüquqi-normativ aktlarda təsbitinə ehtiyac var. Nəzərə alaq ki, hər bir tədris proqramının müddəti var və bu müddətin vaxtında tamamlanması, ilk növbədə, təhsilalanların və onların valideynlərinin marağında olmalıdır.      

 

Universitetin Elektron informasiya texnologiyaları (EIT) şöbəsi tərəfindən hər bir parametr və mövzu üzrə müəllimlər üçün  yazılı və videotəlimatlar hazırlanıb. Bundan əlavə, "AnyDesk" proqrramı vasitəsilə hər bir müəllimə dərs cədvəllərinin qurulmasında texniki dəstək göstərilıb. Platformaya əvvəlcə müəllimlər daxil olur, tədris materialları "OneDrive" vasitəsilə sistemə yüklənır. Daha sonra elektron dərs cədvəlləri tərtib edilir, əsas qruplardan fənnin xüsusiyyətinə uyğun yarımqruplar və qrup birləşmələri yaradılır.

 

Növbəti mərhələdə isə tələbələrə "MS Teams" platformasında daxil olmaları üçün login və parollar təqdim olundu, onlar həmçinin yazılı və video formada təlimatlandırıldı. Artıq tələbələr "MS Teams" vasitəsilə ilk dərslərdə iştirak edib, əksər müəllimlər apardıqları audio və videodərslərin təkrarını tələbələrin yenidən dinləməsi üçün yaddaşa yazıb.

 

BSU-nun tələbələrinin "MS Teams" platformasının bütün imkanlarından maksimum faydalanması üçün dəstək davam edir. Karantin müddətində universitetin rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü ilə yaşı 65-dən yuxarı müəllimlərə və sosial yardıma ehtiyacı olan tələbələrə yardımların edilməsi, tələbələrimizin müxtəlif sosial və yaradıcılıq layihələrinə könüllü qismində fəal şəkildə qoşulması tədrislə yanaşı, tərbiyə və ideoloji işin də diqqətdə saxlanılmasına kömək edir.  

 

Telman Cəfərov

BSU-nun tədris işləri üzrə prorektoru, professor, Əməkdar müəllim