Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin tələbələri üçün dərslərin çəkilişi həyata keçirilir.

 

Dərslər geyim üzrə dizayner, mebel istehsalı, informasiya texnologiyaları və proqramlaşdırma, eləcə də digər istiqamətlər üzrə peşə təlimlərini əhatə edir. Sözügedən dərslər də "Mədəniyyət" kanalında "Dərs vaxtı" proqramı çərçivəsində yayımlanacaq. Bütün dərslər Təhsil Nazirliyinin video dərslər (https://video.edu.az) portalında da yerləşdirilir.

 

Qeyd edək ki, dərslər Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanır.

 

2018-ci ildən bəri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində dülgər, üzlükçü-dizayner, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində geyim üzrə dizayner, isitmə və soyutma sistemlərinə xidmət, dağ-mədən sənayəsi kimi sahələrdə 460-dan çox tələbə üçün praktiki tədris həyata keçirilir. Bu günə qədər adıçəkilən iki layihə çərçivəsində 12 yeni ixtisas kurikulumu və 54 tədris modulu, bundan əlavə 10 qısamüddətli kurslar üçün kurikulum və modulların hazırlanmasına dəstək olunub.