Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramına qoşulub.

 

Bununla da  ali məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400  ixtisas üzrə təklif etdiyi 3800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz onlayn olaraq mənimsəmək imkanı əldə ediblər.

 

Qeyd edək ki, bu proqramın məqsədi koronavirus infeksiyasından təsirlənən  ölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.

 

Belə ki, tələbələr "Coursera for Campus" proqramı çərçivəsində İnformasiya texnologiyaları, kompüter elmləri və mühəndislik üzrə kurslardan yararlanırlar.

 

Kurs ingilis dilində tədris olunur və 150-dən çox BANM tələbəsi yararlanır. Kursu müvəffəqiyyətlə bitirən tələbələr sonda sertifikat əldə edəcəklər. Bu da onlara müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı verəcək.

 

Məlumat üçün bildirək ki, sözügedən kurslar universitet tələbələrinə, məzunlara, müəllim və işçi heyətinə yüksək keyfiyyətli onlayn təhsil təklif edir.