Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilir.
Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.
“Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.
Qeyd edək ki, "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə biləcəklər.
Təhsil Nazirliyi bütün şagirdləri və onların valideynlərini aprelin 2-dən başlayaraq virtual.edu.az onlayn portalında qeydiyyatdan keçməyə dəvət edir. Qeydiyyatdan keçmək üçün şagird və valideynlər təlimatla tanış ola bilərlər .
Xatırladaq ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən “Mədəniyyət” və “ARB Günəş” kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlanılıb. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edilir.
Teledərslər həmçinin həftədə bir dəfə canlı yayımlanır ki, bu da fənn müəllimlərinin şagirdlərin bu və ya digər mövzular üzrə suallarını birbaşa olaraq çəkiliş studiyasından cavablandırmasına və zəruri olan əlavə izahatları verməsinə imkan yaradır. Teledərslərin bütün ölkə ərazisinə yayımlanan televiziya kanalları vasitəsilə nümayiş etdirilməsində əsas məqsəd tədrisdə yaranmış fasilə zamanı hər bir şagird üçün əlçatanlığı təmin etməkdir. Bununla yanaşı, şagirdlər teledərsləri və hər bir fənn üzrə əlavə video materialları Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında onlara uyğun olan vaxtda da izləmək imkanına malikdirlər.