M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, akademik Viktor Sadovniçi keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, koronavirus səbəbindən ali məktəblərin distant təhsilə keçməsi universitetlərin rəqəmsallaşdırma potensialının açılmasına kömək edib.
"Bu çətin vəziyyət rəqəmsal universitetin potensialının üzə çıxmasına yardım etdi. Ola bilsin ki, əvvəllər müxtəlif rəqəmsal imkanlardan o qədər də istifadə etməyən akademiklər, professorlar indi ilk dəfədir, bunun nə qədər güclü və mühüm olduğunu gördülər", — deyə o qeyd edib.
Rektorun sözlərinə görə, MDU karantin dövründə rəqəmsal formatdan daha geniş istifadə etməyi öyrəndi. Rəqəmsallaşdırma xarici amillərlə diktə edilmişdi, lakin başlanğıc potensialı sayəsində universitet bir neçə gün ərzində bu tədris formatına yenidən keçməyi bacardı.
Xatırladaq ki, ölkənin Elm və Ali Təhsil Nazirliyi martın 16-da koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə ali məktəblərin distant təhsilə keçməsi barədə tövsiyə verib. Bunun ardınca ali təhsil müəssisələri tələbələrə tədris korpuslarına girişi məhdudlaşdıran və təhsil prosesinin onlayn platformalara ötürülməsi imkanını müəyyən edən əmrlər verməyə başlayıblar.
Bundan əvvəl "Rəqəmsal universitet" proqramı mövcud idi; o, "Rəqəmsal iqtisadiyyat" milli proqramı və "Təhsil" milli layihəsi çərçivəsində maliyyələşdirilirdi. Ali məktəblərin rəqəmsallaşdırılması təşəbbüsü çərçivəsində təhsil prosesinə virtual reallıq, süni intellekt ilə bağlı kompüter texnologiyalarının tətbiqi nəzərdə tutulurdu. Kütləvi onlayn kursların təhsil planlarına tətbiqi artıq inkişaf etdirilib.
Oruc MUSTAFAYEV