Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi "Turizm və otelçilik" ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

 

Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.

 

Sözügedən nailiyyət Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan  hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

 

1998-ci ildə təsis olunan  “UNWTO.TedQual” Sertifikasiya Sistemi turizm sahəsində təhsil, təlim və tədqiqatların ən qabaqcıl keyfiyyət standartı hesab olunur və ÜTT Akademiyası tərəfindən nizamlanır. Bu keyfiyyət sistemi ali təhsilin turizm ixtisası üzrə proqramlarının pedaqoji məzmununu və təşkilinin səmərəliliyini qiymətləndirir. Keyfiyyət sisteminin əsas tələblərindən biri də turizm sənayesinin, vətəndaş cəmiyyətinin və tələbələrin ehtiyaclarının proqramın təşkilində nəzərə alınmasıdır.

 

ATMU “UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşularaq, akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak etmək hüququ əldə etməklə bərabər, həmçinin bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı da qazanıb. ABŞ-ın Corc Vaşinqton Universiteti, Kanadanın Kvebek (Monreal) Universiteti, Türkiyənin Boğaziçi və Akdeniz universitetləri, Çinin Sun Yat-sen Universiteti və Honq Konq Politexnik Universiteti kimi tanınmış ali təhsil müəssisələri bu mötəbər şəbəkənin üzvləridir.

 

Xatırladaq ki, ötən il layihə çərçivəsində ATMU turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatını əldə edib.