Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

 

Səfər çərçivəsində BANM-ın rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet Karaca ilə müsahibəni təqdim edirik:

 

- İlk olaraq Bakı haqqında təəssüratlarınızı bilmək istərdik? 

- Bu, mənim Bakıya dördüncü səfərimdir. Hər dəfə gələndə Bakını çox fərqli rakurslardan kəşf edirəm. Bakı min illər əvvəl əsası qoyulmuş qədim şəhər ab-havası ilə müasirliyin hormoniyasını özündə sintez edir. Məhz bu cəhəti ilə Bakı məni təsirləndirir. Həmçinin şəhər geniş küçələri, mədəni və gülərüz insanları ilə göz oxşayır. Düşünürəm ki, Bakıya növbəti gəlişimdə də yenə fərqliliklərin şahidi olacam.  

 

- İstanbul Texnik Universitetini uğurlu edən nədir? 

- İstanbul Texnik Universiteti  Türkiyənin ən qədim və mühəndislik sahəsində ən prestijli universitetlərindəndir. Burada ciddi bir universitet ənənəsi formalaşıb. İstanbul Texnik Universiteti yeni nəsil universitetlər üçün nümunə sayılacaq ali təhsil müəssisəsidir. Belə ki bizim universitet dünya trendlərinə ən tez uyğunlaşan və yeniliklərə ən çox açıq universitetlər siyahısında qabaqcıl ali təhsil müəssisələrindəndir. İstanbul Texnik Universiteti Türkiyədə ciddi nüfuza sahib məzunların yetişdirilməsi ilə də diqqət çəkir. Bizim məzunlar içərisində tanınmış şirkət rəhbərləri, Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış və Türkiyə xalqının vizyonunu formalaşdırmış liderlərdən Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakan kimi nüfuzlu məzunları var. Bundan əlavə, Türkiydə tikinti podratçılarının yetişdirilməsində bizim universitet mühüm rol oynayır: 10 podratçıdan 8-i bizim məzunların payına düşür.  

 

- Bakı Ali Neft Məktəbində təhsil üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz? 

- Öncə onu deyim ki, ali məktəbinizdə olmaqdan qürur və şərəf duyuram. Başda rektor Elmar Qasımov olmaqla, bizi qarşılayan bütün əməkdaşlarınızın qonaqpərvərliyindən çox məmnun qaldım. Buna görə hamıya təşəkkür edirəm.

 

Xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft Məktəbi 8 ildə inanılmaz dərəcədə inkişaf edib, bir ali təhsil müəssisəsinin qazana biləcəyi uğurları çox qısa zamanda əldə edə bilib. Ən əsası, ali məktəb komandası ilə məni çox təsirləndirdi. Komandada olan insanlar qlobal düşüncəyə, vizyona sahibdir. Başda rektor olmaqla, bütün heyətin gözündə gələcəyə dair işıq gördüm, onların yeniliklər və inkişaf üçün açıq, həvəsli olduqlarını hiss etdim.  Ali Məktəbin qarşısına qoyduğu hədəflər və gözləntiləri də böyükdür. Düşünürəm ki, komandadakı insanlar bu enerji ilə qarşıya qoyulan hədəflərə də çatacaqlar. İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda də söz sahibi olacaq.

 

- İstanbul Texnik Universiteti Bakı Ali Neft Məktəbi ilə hansı istiqamətdə əməkdaşlıq edəcək? 

 

- Təbii ki əməkdaşlığımızın əsas ana xətti mühəndislik sahəsində olacaq. Bundan əlavə, bilgi texnologiyaları, süni zəka ilə bağlı işlər də planlaşdırılır.

 

Hələlik üç istiqamət müəyyən etmişik:

 

İlk istiqamət olaraq Bakı Ali Neft Məktəbində Kompüter mühəndisliyi ixtisasını formalaşdırmaq və onun icrası ilə bağlı bütün detallar üzərində işləməyi düşünürük.  

İkinci istiqamət kimi ortaq layihələr, birgə fəaliyyət imkanları, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi nəzərdə tutulur.

Üçüncü istiqamətsə odur ki, BANM-də Texnoparkla bağlı Startap Mərkəzi qurmağı hədəfləyirik.

 

BANM