Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

 

R. Mehdiyev Azərbaycanla İtaliya arasındakı münasibətlərin uzun tarixi dövrü əhatə etdiyini bildirib. Prezident İlham Əliyevin bu yaxınlarda İtaliyaya səfərini xatırladan Akademiya rəhbəri ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini və bütün sahələrdə qarşılıqlı əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb. AMEA prezidenti yeni elmi layihələrin işlənib hazırlanmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İtaliyanın elmi qurumları ilə AMEA arasında əlaqələrin miqyasının artırılmasının vacibliyini xüsusi qeyd edən R. Mehdiyev hazırlıq ərəfəsində olan əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən danışıb. Bu günlərdə İtaliyanın məşhur “Sandro Teti”  nəşriyyat evinin rəhbəri ilə görüşünü xatırladan Akademiya rəhbəri italyan dilinə tərcümə edilərək yayılacaq kitabların İtaliya oxucularında Azərbaycanın siyasi həyatı ilə yanaşı, elmi və ədəbiyyatı haqqında da geniş təəssürat yaradacağını nəzərə çatdırıb.

 

İtaliyanın Azərbaycandakı  səfiri Auqusto Massari iki ölkə arasında mövcud münasibətlərin tarixindən bəhs edib. Azərbaycanın elmi-tədqiqat qurumları ilə qarşılıqlı əlaqələrin genişləndiriləcəyinə əminliyini bildirən səfir elmi əməkdaşlıq haqqında nəzərdə tutulan protokolun əhəmiyyətindən danışıb və sənədin detallarını diqqətə çatdırıb.