2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ümumi (9 illik) orta təhsil bazasında abituriyentlərin ərizə qəbulu davam edir.

 

Ərizə qəbulu internet vasitəsilə aparılır və martın 11-dək davam edəcək.   

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqədə iştirak etmək üçün hələlik 16587 abituriyent (Azərbaycan bölməsi - 16075; rus bölməsi - 512) ərizəsini təsdiqlədib.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq ad və paroldan istifadə etməklə DİM-in internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiqləyirlər.

 

Bildirilib ki, müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiqləmək üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən təqdim olunur.