OECD: “Təhsil sistemləri bacarıq və istedadların əmək bazarına yönəldilməsində mühüm rol oynaya bilər”


Son illərin müşahidələri göstərir ki, bütün dünyada gənclər əvvəlki nəsillərə nisbətən ali təhsil sahəsini getdikcə daha hazırlıqlı, ixtisaslı mütəxəssislər olaraq tərk edirlər. Ancaq bir çox ölkədə  gənclər bacarıq və maraqlarını əks etdirən yaxşı bir iş tapmaq üçün mübarizə aparmalı olur. Məzunlar uyğun bir iş,  işəgötürənlər isə ehtiyac duyduğu gənc istedadı tapa bilmədikdə, gənclərin iş həyatlarına nə dərəcədə hazır olduqlarına yeni bir nəzər salmaq üçün ciddi səbəblər var.

 

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Təhsil departamentinin rəhbəri Andreas Şleyxer qeyd edir ki, yeniyetmələrin məktəbdən iş həyatına  keçməsi ilə əlaqədar onların karyera istəkləri və işgüzar gələcəkləri sahəsində narahatlıq artır.  Təhsil sistemində uzun bir prosesin iştirakçıları olduqları üçün gənclər “Nəyi öyrənməli”,  “Harada öyrənməli”,  “Necə öyrənməli”  kimi çətin suallara cavab verib, qərar qəbul etməlidirlər.  Avtomatlaşdırma əmək bazarının mahiyyətini sürətlə dəyişdirsə də, gənclərin verdiyi qərarlar nəinki çox deyil, həm də daha çətindir.

 

Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirmə Proqramının (PISA) 2018-ci il üçün test ballarına və yeniyetmələrin gələcək karyeraları ilə bağlı əvvəllər aparılmış test araşdırmalarına nəzər saldıqda görmək olar ki, bir çox ölkədə gənclərin karyera istəkləri əmək bazarındakı real tələblə getdikcə daha az bağlı olur.

 

2000-ci ildəki ilk sorğusundan sonra  PISA gənclərdən 30 yaşında hansı işə başlamaq istədiklərini soruşub. Bugünkü 15 yaşlı uşaqların təxminən yarısı özünü  21-ci əsrin işlərindən daha çox, 19-cu və 20-ci əsrlərin işləri olan və rəqəmsallaşmanın artması ilə bağlı olan 10 fərqli işdə görür. Gənclərin karyera istəkləri çox vaxt dar, qeyri-real, sosial amillər baxımından təhrif olunur. Üstəlik, gənclərin avtomatlaşdırmanın iş yerlərini dəyişdirməsi ehtimalı barədə məlumatlı olmalarına dair şübhələr var.

 

Yeniyetmələrin karyera gözləntiləri azalır

 

OECD-nin  “İş arzuları: yeniyetmələrin karyera istəkləri və gələcək iş” adlı yeni hesabatına əsasən, yeniyetmələrin karyera gözləntiləri iş yerlərinin məhdud dairəsinə qədər daralır. Son 20 ildə əmək dünyasında böyük dəyişikliklər yeniyetmələrin az sayda peşələrə daha çox konsentrasiya olunmuş karyera ilə bağlı gözləntilərinə az təsir göstərib.

 

Hesabatda qeyd olunur ki, 41 ölkədə aparılmış sorğunun nəticələrinə əsasən oğlanların 47%, qızların isə 53%  30 yaşda  ən populyar 10 iş yerindən birində işləməyə iddialıdır. 15 yaşlı yeniyetmələrin PISA proqramı çərçivəsində son tədqiqatının nəticələrinə əsaslanan bu rəqəmlər peşələrlə bağlı gözləntilərin daralmasını nümayiş etdirir. Bu rəqəmlər  PISA tədqiqatının başlanıldığı 2000-ci ildən bu günə kimi oğlanlar üçün 8 faiz, qızlar üçün 4 faiz artıb. Məruzədə deyilir ki, iş seçiminin daralması əhalinin daha aztəminatlı təbəqələrindən, eləcə də  oxu, riyaziyyat və təbiət elmləri üzrə PISA testlərində daha zəif nəticələri olan gənclər  üçün xüsusilə xarakterikdir.

 

Sosial şəbəkələrin yaranması və ya iş yerlərində süni intellekt texnologiyalarının sürətlənməsi dövrünə  qədər, 20-ci və hətta 19-cu əsrin həkim, müəllim, iş menecerləri, mühəndislər və polislər kimi ənənəvi peşələri gənclərin təxəyyülünü cəlb etməkdə davam edir. 

 

Yüksək nailiyyətlər heç də həmişə potensialın reallaşdırılmasına yönəldilmir

 

Adıçəkilən hesabatın əsas nəticələrinin müzakirə edildiyi Davos İqtisadi Forumunda çıxış edən  OECD-nin Təhsil departamentinin direktoru Andreas Şleyxer  bildirib: “Gənclərin əksəriyyətinin öz gələcək iş yerlərini daha çox müəllimlər, hüquqşünaslar və ya biznes menecerləri kimi ən məşhur, ənənəvi peşələrin kiçik bir siyahısından  seçməsi  narahatlıq doğurur. Sorğular göstərir ki, çox sayda yeniyetmə, xüsusilə də rəqəmsallaşdırma nəticəsində ortaya çıxan yeni iş növlərinə məhəl qoymur və ya onunla  tanış deyil”.

 

Sənəddə peşəkar mütəxəssis hazırlığı ilə məşğul olan ölkələrdə yeniyetmələrin karyera arzularının daha geniş spektrindən bəhs olunur. Məsələn, Almaniya və İsveçrədə 10 gəncdən ən azı 4-ü  10 iş yerinə maraq göstərir. İndoneziyada oğlanların  42%  müəssisə rəhbəri, müəllim, hərbi qulluqçu, qızların 52%  həkim peşələrini seçir. Almaniyalı yeniyetmələr karyera maraqlarının daha geniş spektrini nümayiş etdirirlər ki, bu da əmək bazarında tələbatın real qanunauyğunluqlarını daha yaxşı əks etdirir.

 

Gender amili güclü təsir göstərməkdə davam edir. PISA testlərində yüksək qiymət alan tələbələr arasında, əksər hallarda elm və texnologiya sahələrində işləməyi hədəfləyən oğlanlar üstünlük təşkil edir. Bu məlumatlar da göstərir ki, yüksək nailiyyətlər  heç də həmişə potensialın reallaşdırılmasına yönəldilmir. Cəmiyyətin ən həssas təbəqələrindən olan yüksək hazırlıqlı gənclər ən imtiyazlı sosial qatlardan olan və  PISA tədqiqatlarında yüksək ballara malik olanlarla müqayisədə orta hesabla dörd dəfə daha az ambisiyalıdır.

 

Məruzədə gənclərin karyera arzularının təhsil və ixtisas səviyyələrinə  tez-tez uyğun gəlmədiyi qeyd olunur. Bu problemin həlli iş dünyası ilə sıx qarşılıqlı əlaqədə effektiv peşə rəhbərliyi sistemlərinin təmin olunmasını tələb edir.

 

Hesabatda gənclərin karyera qurma seçimində və istəklərində sosial və ailə vəziyyətinin əhəmiyyəti, həmçinin əmək bazarının ehtiyacları ilə bağlı aydın siqnallara ehtiyac olduğu bildirilir.

 

Tələbələrin karyera gözləntiləri bacarıqlarına uyğun gəlirmi?

 

OECD-nin məruzəsində qeyd olunur ki,  yeniyetməlik insanların yetkin yaşa hazırlaşmağa başladığı dövrdür. Yeniyetmələr gələcək iş həyatları ilə əlaqədar vacib qərarlar qəbul etməlidirlər, məsələn, hansı təhsil sahəsi və ya təhsil növü ilə məşğul olacaqlar. Bununla birlikdə, gənclər çox vaxt özlərinə açıq olan məşğulluq və karyera imkanlarının genişliyi barədə kifayət qədər məlumat əldə etmirlər; onların karyera və təhsil istəkləri əksər hallarda şəxsi keyfiyyətləri ilə daha çox müəyyən edilir. Bu, əmək bazarındakı mövcud bərabərsizlikləri qorumaqla yanaşı, həmin tələbələrin tezliklə daxil olacağı, xüsusən sürətli texnoloji tərəqqi şəraitində əmək bazarının ehtiyaclarına uyğun gəlməyəcək gözləntilərə səbəb ola bilər. Əmək bazarının tələbləri ilə potensial işçilərin bacarıq dəsti arasındakı boşluq böyüdükcə ölkələr iqtisadi çiçəklənməni təmin etmək və heç kimin geridə qalmaması üçün bacarıq tədarükünü uyğunlaşdırmalıdırlar. Təhsil sistemləri bacarıq və istedadların əmək bazarına yönəldilməsi istiqamətində həlledici rol oynaya və gənclərə öz imkanlarını  düzgün qiymətləndirməyə kömək edə bilər.

 

Oruc MUSTAFAYEV