Bakı Dövlət Universitetində (BDU) Qazaxıstan Respublikasının Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və BDU arasında nüvə tədqiqatlarına dair çoxtərəfli bəynəlxalq əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

 

Rektor Elçin Babayev ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, o cümlədən, BDU-nun beynəlxalq əlaqələrindən bəhs edib. Universitetin  yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrinin daha da təkmilləşdirilməsi sahəsində görüləcək işlərdən danışaraq birgə əməkdaşlığın bu istiqamətdə faydalı olacağını vurğulayıb.

 

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik  Viktor Matveyev Rusiya və Azərbaycan arasında elmi əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. O, imzalanan sazişin əsas istiqamətlərindən birinin də nüvə tədqiqatları sahəsində gələcək çağırışlara və real inkişafa cavab verən elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq olduğunu qeyd edib.

 

Elmi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayan AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidisiplinar xarakter daşıdığını nəzərə alaraq, sazişin elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və tərəflər arasında müxtəlif sahələr üzrə əlaqələrin gücləndirilməsi məsələlərinə müsbət təsir edəcəyini bildirib.

 

Qazaxıstanın Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutunun baş direktoru Erqazi Kenjin ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açaraq,  əməkdaşlıq sazişinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib.

 

Sonra nüvə tədqiqatlarına dair çoxtərəfli bəynəlxalq əməkdaşlıq sazişi imzalanıb.

 

Qeyd edək ki, saziş qarşılqlı əməkdaşlıq şəraitində tərəflərin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, müştərək innovativ tədqiqat layihələrinin işlənib hazırlanması, birgə konfrans, seminar və simpoziumların, elmi-tədqiqat işlərinin və qrant layihələrinin həyata keçirilməsi, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyır.