Bu il 105 min nəfərdən çox 5 yaşlı uşaq ümumtəhsil müəssisələrindəki məktəbəqədər təhsil qruplarından birinci sinfə avtomatik şəkildə qəbul olunacaq.

 

Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov mətbuata bildirib ki,  həmin uşaqların 6,8 faizi tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarında təhsil alır. Ümumilikdə, 7200 uşaq tədrisi digər dillərdə aparılan bölmələr üzrə təhsil alır ki, onların 3500 nəfəri Bakı şəhərinin, qalanları isə regionların payına düşür.

 

E.Kərimovun sözlərinə görə,  hazırda tədrisi digər dillərdə aparılan bölmələrdə təhsil alan uşaqların 1-ci sinfə qəbulu üçün respublika üzrə 50-dək müsahibə komissiyaları fəaliyyət göstərir. Bu müsahibə komissiyaları martın 3-də işini yekunlaşdıracaq.

 

Bildirilib ki, indiyədək müsahibələrdə iştirak edən uşaqların, təxminən 9 faizi qeyri-qənaətbəxş cavab verib.