Dərslik layihələri ictimai müzakirələrdə
Dərsliklər dünyanın bütün ölkələrində müzakirə obyektində olan olduqca həssas məsələlərdəndir. Bu baxımdan Azərbaycan cəmiyyətində də dərsliklərlə bağlı həmişə müxtəlif fikirlər yürüdülür, məsələ daim geniş müzakirələrə səbəb olur. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi 2016-cı ildən başlayaraq dərslikləri çapa getmədən öncə ictimai müzakirəyə çıxarmağa qərar verdi. Məqsəd dərsliklər çapa getmədən öncə ictimaiyyətin fikrini öyrənmək, cəmiyyətin həssas yanaşdığı məqamları görmək, təklif və rəyləri nəzərə almaqla şagirdlərə daha təkmil dərslik təqdim etmək idi. Bəs, dərsliklərin ictimai müzakirəyə çıxarılması nəyi dəyişdirdi? Ümumiyyətlə, proses necə həyata keçirilir? Müzakirələrdə daha çox kimlər aktivlik nümayiş etdirir? Bu və ya digər suallarımıza cavab tapmaq məqsədilə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva ilə söhbətləşdik.
Vüsalə Əliyeva bizimlə söhbətində bildirdi ki, artıq 5-ci ildir ki, dərsliklər ictimai müzakirəyə buraxılır. Müzakirələrdə aktivlik olduğunu da deyən nazirlik rəsmisi qeyd edib ki, 2019-cu ildə müzakirəyə çıxarılan dərsliklərə çoxsaylı rəylərin daxil olması müşahidə olunub: “Haqlı hesab edilən rəy və təkliflərin hər biri nəzərə alınıb və bundan sonra dərsliklər çapa göndərilib. Prosesin özünü doğrultduğunu düşünürəm. Hazırda I, V və IX sinif dərslikləri ictimai müzakirəyə buraxılıb. Ümid edirəm ki, bu il də müzakirəyə çıxarılan dərsliklərə böyük maraq göstəriləcək”. Nazirlik rəsmisi onu da diqqətə çatdırdı ki, dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya, eyni zamanda xüsusi ayrılmış sahədə rəy və təkliflərini yazaraq prosesə öz töhfələrini verə bilərlər. Rəy və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. V.Əliyeva vurğuladı ki, Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri, bir sözlə, bütün vətəndaşları müzakirəyə çıxarılacaq dərslik layihələrinə dair rəy və təkliflərini bildirməkdə maraqlıdır.
Nazirlik ictimai müzakirədə istənilən qurumla əməkdaşlıq etməyə hazırdır
Vüsalə Əliyeva qeyd edir ki, nazirlik ictimai müzakirədə istənilən qurumla əməkdaşlığa hazırdır: “DİM, AMEA-nın müvafiq profilli institutları, pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri, məktəblər, Təhsil İnstitutu ilə sıx əməkdaşlıq edirik. Ötən il əlavə olaraq Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Dövlət Yol Polisi İdarəsi ilə də bu məsələ ilə bağlı əlaqələrimizi genişləndirmişik”.
“Elə dərsliklər var ki, onlara daha çox rəy və təkliflər gəlir”
V.Əliyeva deyir ki, dərsliklərin ictimai müzakirəsi ilə bağlı statistika da aparılır. O, 2019-cu ildə müzakirəyə çıxarılan IV və VIII sinif dərslik komplektlərində ən çox təklif və rəylərin gəldiyi dərsliklərin adını açıqlayıb: “Elə dərsliklər var ki, onlara daha çox rəy və təkliflər gəlir. Məsələn, ötən il müzakirəyə çıxarılan dərsliklərdən ən çox IV sinif Həyat bilgisi və VIII sinif Azərbaycan tarixi dərsliklərinə rəy və təkliflər gəlib. Sonrakı yerləri IV sinifdən Rus dili (tədris dili) və Azərbaycan dili (tədris dili), VIII sinifdən isə Ümumi tarix və Azərbaycan dili (tədris dili) dərslikləri tutur. Ötənilki müzakirələrdə ən az rəy daxil olan dərsliklər isə IV sinifdən Fransız dili (əsas xarici dil), VIII sinifdən isə Musiqi dərslikləri olub”.
“Bəzi rayonlar var ki, ictimai rəyin öyrənilməsində daha çox aktivlik göstərir”
Vüsalə Əliyeva onu da deyir ki, ictimai rəyin öyrənilməsində istər paytaxtdan, istərsə də respublikamızın bütün bölgələrindən təkliflər alırıq. Lakin bəzi rayonlar var ki, ictimai rəyin öyrənilməsində daha çox aktivlik göstərirlər. Məsələn, 2019-cu ildə keçirilən ictimai müzakirələrdə Naxçıvan MR-nın rayonları, Salyan, Hacıqabul, Qusar və Qax rayonlarından olan müəllimlər digər bölgələrlə müqayisədə daha çox rəy və təkliflər göndərib.
Rəy və təkliflər müəllif və nəşriyyata göndərilir
Daxil olan rəy və təkliflərin nəşriyyat və müəllifə göndərildiyini də deyən nazirlik rəsmisi qeyd edir ki, nəşriyyat tərəfindən hər bir rəyin qəbul edilib-edilməməyi yazılır: “Rəylər müəllif tərəfindən qəbul edilmirsə, onda əsaslandırılmalıdır ki, niyə qəbul edilmir. Təbii ki, bu rəylərə ekspertlər də baxırlar və onların qəbul edilməlidir dediyi, lakin müəllifin isə qəbul etmədiyi məqamlar yarandığı təqdirdə, təkrar müzakirələr aparılır, yekdil qərar qəbul edilir”.
Fürsətdən istifadə edib ictimai müzakirələrdə aktivlik göstərən müəllimlər, ictimaiyyət nümayəndələri ilə də söhbətləşdik.
“İradlarım obyektiv şəkildə araşdırıldı və nəzərə alındı”
Abşeron rayon Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov bir neçə ildir ki, ictimai rəyin öyrənilməsində yaxından iştirak etdiyini deyir. O, ötən il müzakirələrdə 8-ci sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinə bir sıra təklif və rəylər yazdığını belə şərh edir: “VIII sinif Azərbaycan tarixi dərsliyinin 139-cu səhifəsində 4-cü abzasda “Xanlıqlarda vergilərin toplanması üçün xüsusi qayda yox idi” cümləsi dəqiq deyildi. Vergilər hər xanlıqda müəyyən qayda və uzun müddət formalaşmış adətə əsasən yığılırdı. Məsələn, malcəhət vergisi, demək olar ki, əksər xanlıqlarda eyni cür, yəni məhsulun onda biri həcmində yığılırdı. Bu düzəlişi öz qeydlərimdə bildirdim. Bundan başqa, Ümumi tarix dərsliyində də bir sıra rəy və təkliflərim var idi. Təkliflərim obyektiv şəkildə araşdırıldı və nəzərə alındı”.
“Bu proses mükəmməl dərsliyin ərsəyə gəlməsinə rəvac verir”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində baş müəllim vəzifəsində çalışan Ravil Rzayev də müzakirələrdə fəal iştirak edir. O, bizimlə söhbətində bildirir ki, bir təhsil adamı olaraq müzakirələrdə iştirak etmək çox vacibdir. Müzakirələrdə haqlı rəy və təkliflərin dərhal nəzərə alındığını deyən Ravil müəllim onu da qeyd edir ki, bu proses mükəmməl dərsliyin ərsəyə gəlməsinə rəvac verir: “İctimai rəydə bəlkə də 200-300 təklif göndərilir, müzakirə olunur, qənaətbəxş hesab olunanlar nəzərə alınır. Məsələn, mən rəylərimdə 8-ci sinif Fizika dərsliyi səhifə 119-da İşin gedişində 3-də əvvələ “Kürələrə əlinizlə toxunub onları elektriksizləşdirin.” cümləsinin əlavə edilməsini məqsədəuyğun hesab etmişdim. Bundan başqa, 8-ci sinif Fizika dərsliyində səhifə 10-da “Məsələdə” qeyd olunmuşdur ki,: “L, M və N suqızdırıcılarına başlanğıc temperaturu 18oC olan müxtəlif miqdarda su doldurulmuşdur (d).” Bu cümlənin aşağıdakı kimi verilməsini məqsədəuyğun hesab etmişdim. “L, M və N suqızdırıcılarında başlanğıc temperaturu 18oC, kütlələri müxtəlif olan su var (d).”. Əsaslandırmam isə belə idi: “Miqdar yazmaqla hansı fiziki kəmiyyətdən söhbət getdiyini dəqiq vurğulamırıq deyə, cümlənin verilmiş şəkli şagird üçün anlaşıqsız olacaq. Odur ki, miqdar əvəzinə kütlə yazmaq daha dolğun olar”. Qeyd etdiyim rəy və təkliflərdən başqa da misallar çəkə bilərəm. Sevindirici hal odur ki, rəy və təkliflərə heç bir qərəz olmadan yenidən baxılır”.
“Müzakirələrdə iştirak etməyi özümə borc bilirəm”
Müxtəlif şirkətlərdə akademik və professional məqsədlər üçün ingilis dili proqramını tədris edən, Honq-Konq Universitetində magistr təhsili alan Aynur Dadaşova da müzakirələrdə aktiv iştirak edənlərdəndir. O, hazırda heç bir təhsil müəssisəsində çalışmadığını, lakin buna baxmayaraq vətəndaş mövqeyi nümayiş etdirərək dərsliklərin müzakirəsində iştirak etməyi özünə borc bildiyini deyir: “Mən bir keçmiş orta məktəb müəllimi olaraq 8-ci sinif ingilis dili fənni dərsliyi üzərində araşdırma apardım. Əvvəla onu deyim ki, dərsliyin ingilis dilində tərtib olunması müsbət dəyişiklikdir. Çünki əvvəlki ingilis dili dərsliklərində mətnlərdə işlənən sözlərin Azərbaycan dilində tərcümələri verilirdi. İndi isə birbaşa ingilis dilində izahı verilir. Təkliflərim çox olub. Misal üçün deyə bilərəm ki, 8-ci sinif ingilis dili dərsliyində dinləmə tapşırıqları daxil edilmişdir. Amma oxu materialları daha çox və mətnlərin həcmi çox böyük idi. Təklif etdim ki, 8-ci sinif şagirdi üçün 45 dəqiqəlik dərs prosesində mətnlər çox ağırdır və çox zaman aparır. Buna görə də müəllim vəziyyəti yüngülləşdirmək üçün Azərbaycan dilinə tərcümə etmək üsuluna əl atır. Nəticədə ingilis dili dərsində Azərbaycan dilində danışmaq mühiti yaranır. Bunun qarşısını almaq üçün mətnlərin həcmini azaltmağı tövsiyə etdim. Bundan başqa, dərsliklərdə gender bərabərliyi məsələləri haqqında da öz fikirlərimi yazdım. Toxunduğum məsələlərin əksəriyyəti nəzərə alındı”.
İstər nazirlik rəsmisinin, istərsə də müzakirələrdə fəal iştirak edənlərin dediklərindən bu qənaətə gəldik ki, ictimai rəylərin öyrənilməsi dərsliklərin şagirdlərə daha mükəmməl şəkildə təqdim olunmasına səbəb olur.
Niyazi RƏHİMOV