Fevralın
3-də Azərbaycan Dillər Universitetində universitetin Çin
dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin
kinematoqrafı: keçmişdən bu günümüzə" adlı tədbir
keçirilib.
Tədbiri Çin dili və mədəniyyəti mərkəzinin direktoru,
dosent Rafiq Abbasov açaraq Azərbaycanla Çin arasındakı
mədəni əlaqələrin uğurlu inkişafı, Çində təşkil edilən
beynəlxalq film festivallarında müxtəlif mükafatlara
layiq görülmüş Azərbaycan rejissorları haqqında danışıb.
O, iki ölkə arasında film istehsalında əməkdaşlığın
inkişafı üçün 1994-cü ildə ümummilli lider Heydər
Əliyevin Çinə tarixi səfəri zamanı "Kino, radio və
televiziya sahəsində əməkdaşlıq haqqında protokol"
imzalandığını xüsusi vurğulayıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin tələbələri və müəllimlər milli tarixi, o
cümlədən mental xüsusiyyətləri özündə əks etdirən Çin
kino sənətinin mədəni fenomeni, Çin kinematoqrafiyasının
müxtəlif mərhələlərdə inkişafı, məşhur Çin
rejissorlarının işləri, müasir Çin kinolarında
qəhrəmanların bədii təsviri haqqında danışıblar.
Sonda yeni Çin bədii filmlərindən fraqmentlər nümayiş
etdirilib.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor
Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti
mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan
dillərində çap olunmuş Prezident İlham Əliyevin
2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin
inkişafında verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev
- iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı
kitab qonaqlara hədiyyə edilib.
Qeyd edək ki, Pekin operasının süjet xətti əsasında
çəkilmiş ilk Çin filminin buraxılışının 110 illiyinə
həsr olunan tədbirdə Çin Xalq Respublikasının
Azərbaycandakı səfirliyinin əməkdaşı cənab Qu Min,
ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov,
regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin
dekanı Anar Nağıyev iştirak ediblər.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |