Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 3-də Xırdalan şəhərində musiqi məktəbinin
açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış oldu.
Son illərdə ölkədə mədəniyyətin inkişafına göstərilən
diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Bu da
ondan irəli gəlir ki, mədəniyyətin inkişafına göstərilən
qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Həm Prezident İlham Əliyev, həm də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva bu məsələyə xüsusi diqqət və qayğı
göstərirlər. Ölkəmizdə mədəniyyət xadimlərinə diqqət
getdikcə artır, onların sosial rifahının
yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.
Bundan əlavə, zəngin Azərbaycan mədəniyyətinin dünyada
tanıdılması və təbliği ilə bağlı layihələr icra olunur
və bu prosesin önündə Heydər Əliyev Fondu gedir. Son
illərdə paytaxtla yanaşı, bölgələrdə yaradılan
mədəniyyət ocaqları da bu sırada xüsusi yer tutur.
Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən
məktəbin foyesində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı
istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş
etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə
şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər
cür şərait var. Bütün siniflər musiqi alətləri ilə
təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti
yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz
olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin,
konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar
var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət
sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib
hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün
formalaşmasında xüsusi rol oynayacaq.
AzərTAc
|