Züleyxa
İsmayıl qızı Hüseynova 1924-cü ildə Bakıda anadan olub.
Özünəməxsus ənənələri olan 132 nömrəli orta məktəbi
bitirib. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun
neft-mexanika fakültəsinə qəbul olunub, ali təhsilini
başa vurduqdan sonra Yesman adına Energetika
İnstitutunun aspiranturasında oxuyub.
1953-cü ildə namizədlik dissertasiyası müdafiə edib,
sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər
Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris
müəssisələri şöbəsinin müdir müavini təyin edilib.
Respublikada ali və orta ixtisas təhsili müəssisələrini
özündə birləşdirən Ali və Orta İxtisas Təhsili
Nazirliyinin yaradılması üçün ardıcıl çalışan
ziyalılardan biri olub. Dəfələrlə Moskvada SSRİ Ali və
Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə
görüşərək müttəfiq respublikalarda müvafiq qurumun
yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışıb.
Beləliklə, Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas
Təhsili Komitəsi yaradılıb, o, komitə sədrinin müavini
təyin olunub (1961), 1963-cü ildə isə komitənin sədri
vəzifəsinə layiq görülüb.
1965-ci ilin iyulunda komitə Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyinə çevrilib, Züleyxa Hüseynova
nazir təyin edilib. Onun nazir kimi fəaliyyəti dövründə
respublikada ali təhsil şəbəkəsinin genişləndirilməsi,
məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində sanballı işlər görülüb. Belə ki,
Azərbaycan Neft və Kimya İnstitutu nəzdində 4
yataqxananın, xarici tələbələr üçün tədris korpusunun
inşası onun təşəbbüsü və köməyi ilə reallaşdırılıb.
Ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtda Azərbaycan
Neft və Kimya İnstitutunun filialı açılıb (həmin
filialın bazası əsasında hazırda Sumqayıt Dövlət
Universiteti fəaliyyət göstərir).
Kirovabad (indiki Gəncə) Texniki İnstitutu da onun
təşəbbüsü ilə yaradılıb. Daim gənclərə qayğı göstərib,
ali məktəblərə qəbul zamanı imtahanların şəffaf
keçirilməsi ücün xüsusi nəzarət komissiyaları yaradıb.
Onun müzakirə etdiyi məsələlər və çıxardığı qərarlar
respublika rəhbərliyi tərəfindən həmişə bəyənilib və
dəstəklənib.
1965-1970-ci illərdə ali və orta ixtisas təhsili naziri
vəzifəsində uğurla çalışan Züleyxa Hüseynova 1970-ci
ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqı Şurasının
sədri vəzifəsinə seçilib.
1981-ci ildən təqaüdə çıxanadək Azərbaycan SSR Nazirlər
Sovetində Elm, texnika və təhsil müəssisələri şöbəsinin
müdiri olub. Bir çox elmi məqalə və metodik işləri nəşr
olunub. "Avtomobillər və traktorlar" adlı orijinal ali
məktəb dərsliyinin həmmüəlliflərindəndir.
Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq
Züleyxa Hüseynova zəhmətsevərliyi, ədalətliliyi və
insani keyfiyyətləri ilə fərqlənib. İşlədiyi sahələrdə
böyük zəhmət sərf edib, dəfələrlə nümayəndə heyətlərinin
başçısı kimi bir sıra xarici ölkələrdə olub,
Azərbaycanın maarif və təhsil nailiyyətlərini hər yerdə
təbliğ edib. Təqaüdə çıxandan sonra Azərbaycan Texniki
Universitetində daxiliyanma mühərrikləri kafedrasında
məsləhətçi-professor işləyib.
SSRİ Ali Sovetinə (VII-X çağırış) deputat seçilib, Ali
Sovetin daimi komissiyasının sədr müavini və sədri,
Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsi sədrinin
müavini olub.
Züleyxa Hüseynovanın əməyi yüksək qiymətləndirilib. "Oktyabr
inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenləri, bir sıra
medal və fəxri fərmanlarla təltif edilib.
Züleyxa Hüseynova 1996-cı ilin mayında dünyasını dəyişib. |