Sent-Luis Vaşinqton Universiteti (Washington
University in St. Louis) ABŞ-ın Missuri ştatının
Sent-Luis şəhərində yerləşir və ölkənin
nüfuzlu özəl ali təhsil ocaqlarından biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Sent-Luis
Vaşinqton Universiteti 100 ən yaxşı ali məktəb
arasında Nanyanq Texnoloji Universiteti ilə
birgə 73-cü yerdə olub. 2010-cu il üzrə dünyanın
ən nüfuzlu universitetləri arasında Sent-Luis
Vaşinqton Universiteti "Times Higher Education
World University Rankings"in apardığı
araşdırmaya əsasən 38-ci, "QS World University
Rankings"in açıqlamasına görə isə 75-ci yerdə
qərarlaşıb.
Tarixi
XVII
əsrdə Midvest (ABŞ-ın Mərkəzi-Qərbi coğrafi
regionu) ərazisində yerləşən Sent-Luis şəhərinin
iş adamları, siyasətçiləri, dini liderləri və b.
burada ali məktəbin olmamağından narahat idilər.
1853-cü ildə Sent-Luis şəhərində yeni
universitet yaradılır, bu, Missuri ştatının
senatoru Veyman Krounun və Unitarianizm
kilsəsinin başçısı Uilyam Qrinflin Eliotun səyi
nəticəsində (şair Tomas Stern Eliotun babası)
baş tutur. Universitetin ilk kansleri Cozef
Gibson Hoyt təyin edilir. U.Q.Eliot yerli
işgüzar şəxslərdən, eləcə də Sent-Luisin ən
varlı insanlarından olan Con OTfallondan maddi
yardım istəyir, lakin onun səyi nəticəsiz qalır.
Sent-Luis Vaşinqton Universiteti digər ali
məktəblərdən ianə yardımı almamağı ilə
fərqlənir. Hətta yaranmasından xeyli il
keçdikdən sonra da universitet məhz bu səbəbdən
müəyyən çətinliklərlə qarşılaşır.
Yarandığı gündən üç il ərzində universitetin adı
üç dəfə dəyişir. İlkin olaraq ali məktəb "Eliot
Seminariyası" adlandırılır. Lakin Uilyam Eliot
bununla razılaşmır və universiteti təkcə
xristianlığa deyil, dünyanın bütün dinlərinə
hörmətlə yanaşmağı çağırır. 1854-cü ildə
Qəyyumlar Şurası ölkənin ilk prezidenti olmuş
Corc Vaşinqtonun şərəfinə ali məktəbi Vaşinqton
İnstitutu adlandırır. Vətəndaş müharibəsinə 7 il
qalmış ali məktəbin bu adla adlandırılması
təsadüfi deyil. O zaman amerikalılar Vaşinqtonu
milli birlik simvolu və atası hesab edirdilər.
Qəyyumlar Şurasının universiteti bu adla
adlandırmasında məqsəd Missuri ştatında birliyə
nail olmaq idi. 1856-cı ildə institut Vaşinqton
Universiteti adlandırılır. Yalnız 1976-cı ildə
bu ali məktəbi onlarca eyniadlı
universitetlərdən seçmək məqsədilə Qəyyumlar
Şurasının səsverməsi nəticəsində universitetin
adının qarşısına "Sent-Luis" artırılır.
1854-cü
ildən başlayaraq universitetdə axşam məktəbləri
açılır. Həmin vaxtdan burada yeni-yeni məktəb və
fakültələr fəaliyyətə başlayır. 1867-ci ildə
universitetdə Missisipi çayının qərbində bütün
dinləri birləşdirən ilk Hüquq Məktəbi yaradılır.
Artıq 1882-ci ildə universitet genişlənərək
bütün Sent-Luis ərazisində fəaliyyət göstərir.
1891-ci ildə Sent-Luis Tibb Kolleci
universitetin tibb bölməsi kimi fəaliyyətə
başlayır. Kollec 1899-cu ildə Missuri Tibb
Kolleci ilə birləşdirilir. Həmin ildə
universitet yeni kampusun tikintisinə başlayır.
Kampus tikintisi ilə bağlı elan edilən
müsabiqədə Filadelfiyanın məşhur "Kop &
Stewardson" tikinti şirkəti qalib gəlir. Oksford
və Kembric universitetlərinin kampuslarından
ilhamlanan şirkət oxşar olaraq Sent-Luis
Vaşinqton Universitetinin Denfort kampusunun
tikintisinə başlayır. Kampusun ilk binası
1900-cü ildə tikilmiş Brukinqs Holl olur.
1915-ci ildə universitetin tibb kompleksinin
tikintisi başa çatır. Üç il sonra universitet
ilk qız tələbəsini qəbul edir.
1922-ci ildə Sent-Luis Vaşinqton Universitetinin
gənc professoru Artur Holli Kompton İds Holl
binasının zirzəmisində bir sıra təcrübələrdən
sonra elektromaqnit şüalanma anlayışını daşıyan
hissəcikləri nümayiş etdirir. Beləcə, 1927-ci
ildə "Kompton effekti"nin kəşfinə görə A.Kompton
fizika üzrə Nobel mükafatına layiq görülür. Bir
müddət Çikaqo Universitetində çalışan Kompton
1946-cı ildə Sent-Luisə qayıdır və Sent-Luis
Vaşinqton Universitetinin 9-cu kansleri
vəzifəsini icra etməyə başlayır. 1947-ci ildə
universitetin tibb məktəbinin professoru Certi
Kori fiziologiya və tibb üzrə Nobel mükafatına
layiq görülən ilk amerikalı qadın olur. 1949-cu
ildə universitetin Zənci Tələbələrin Qəbulu üzrə
Komitə tam irqi inteqrasiya uğrunda kampaniyaya
başlayır.
XIX
əsrin ikinci yarısında Sent-Luis Vaşinqton
Universiteti nəhəng elmi-tədqiqat mərkəzinə
çevrilir. 1957-ci ildə Saut-40 müasir yataqxana
kompleksinin tikintisinə başlanılır. 1971-ci
ildə Qəyyumlar Şurası Uilyam Henri Danfortu
universitetin kansleri seçir. 24 il sürən
kanslerliyi dövründə universitetin Tibb Məktəbi
sürətlə inkişaf edir, 70 yeni kafedra açılır,
tələbələrin təqaüdləri üç dəfəyə qədər çoxalır.
1995-ci ildə Massaçusets Texnologiya
İnstitutunun sabiq rektoru Mark Vriqton
Sent-Luis Vaşinqton Universitetinin kansleri
seçilir. Həmin ildən universitetə 190 yeni
professor işə qəbul olunur, incəsənət və dəqiq
elmlər üzrə proqramlara düzəlişlər edilir, ali
məktəbin 30 yeni binası istifadəyə verilir. Ali
məktəb 1983-1987-ci illər ərzində "Sent-Luis
Vaşinqton Universiteti üçün alyans" adlı
kampaniya həyata keçirərək 630500000 ABŞ
dolları, 1998-2004-cü illərdə təşkil olunmuş
"Sent-Luis Vaşinqton Universiteti üçün
kampaniya" çərçivəsində isə 1,55 milyard dollar
vəsait toplayır. Həmin vəsait işçilərin
əməkhaqlarının və tələbələrin təqaüdlərinin
artırılmasına, yeni elmi tədqiqatların
aparılmasına sərf olunur.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu tədris ilində Sent-Luis Vaşinqton
Universitetinin illik gəlirləri 2129951000 ABŞ
dolları olub. Bu məbləğin 272055000-ni təhsil
haqqı və digər yığımlar, 225066000-ni ianə
fondu, 539760000-ni qrant və sazişlər,
724022000-ni universitet xəstəxanalarından əldə
olunan vəsaitlər, qalanlarını isə digər gəlirlər
təşkil edib.
Həmin
tədris ilində universitetin xərcləri 1981401000
ABŞ dolları olub. Vəsaitin 472493000-ni
tədqiqat, 142317000-ni akademik xidmət,
64731000-ni tələbələrə göstərilən xidmətlər,
91487000-ni əlavə müəssisələrə xərclənən
vəsaitlər, qalanlarını isə digər məsrəflər
təşkil edir.
2010-2011-ci tədris ilində Sent-Luis Vaşinqton
Universitetində təhsil haqqı 39400 ABŞ dolları
təşkil edib. Ümumiyyətlə, universitetin kollec
və məktəblərində təhsil haqqı fərqlidir -
İncəsənət və Dəqiq Elmlər Ali Məktəbində 40950,
Braun İctimai Fəaliyyət Məktəbində 32760, Olin
Biznes Məktəbində 46000, Tibb Məktəbində 48800
ABŞ dolları və s.
Tələbələr yataqxanada qalmaq üçün 7982-8828,
qidalanmaq üçün isə 3498-4788 ABŞ dolları
ödəyirlər. Ümumilikdə təhsil haqqı, yataqxana,
qidalanma, nəqliyyat, kitab və dərs
ləvazimatları, geyim və digər xərclər daxil
olmaqla tələbəyə 62000 ABŞ dollarına yaxın
məbləğ lazım gəlir.
Universitet bu gün
Sent-Luis
şəhəri ABŞ-ın 18-ci ən böyük paytaxt şəhəridir.
Müxtəlif dövrlərdə buraya köçmüş immiqrant və
macəraçıların hesabına hazırda şəhər əhalisinin
sayı 3 milyondan çoxdur. Sent-Luis şəhəri
rütubətli kontinental və rütubətli subtropik
iqlimə malikdir. Şəhərin ən məşhur abidəsi böyük
Qapı Arkasıdır. Həmçinin, Sent-Luisdə yerləşən
Baş kilsə, Sent-Luis bədii muzeyləri, simfonik
orkestri, Opera, Edison teatrları, MUNY Meşə
Parkı, Missuri botanika bağı və sairdir. Şəhərdə
təşkil olunmuş festival və sərgilər buraya
turist axınına səbəb olur.
Sent-Luis Vaşinqton Universitetinin kampusları
Sent-Luis şəhərinin müxtəlif hissələrində
yerləşir və ümumilikdə 1 milyon
m²
ərazini əhatə edir. Universitet Denfort, Tibb,
Qərbi, Şimali kampuslardan, Teyson Tədqiqat
Mərkəzindən, 560 nömrəli Musiqi, Luis
mərkəzlərindən ibarətdir.
Denfort kampusu 169 akr (0,7
km²)
ərazidə salınıb və şərqdən Meşə Parkı ilə əhatə
olunub. Kampus ensiklopedik qotik üslubda inşa
edilib və onun binaları Tarixi Yerlərin Milli
Registrinə daxildir. Əvvəlki adı Hilltop olan
kampus 2006-cı ilin sentyabrında rəsmi olaraq
həkim Uilyam Denfortun şərəfinə Denfort
adlandırılıb. Bu kampusda universitetin inzibati
binası Brukinqs Holl, İncəsənət və Dəqiq Elmlər
Kollecinin, Sem Foks Dizayn və İncəsənət, Olin
Biznes, Hüquq, Corc Uorren Braun İctimai
Fəaliyyət məktəblərinin, Tələbə Təşkilatının
binaları, eləcə də tələbə yataqxanaları və böyük
idman kompleksləri yerləşir. Denfort kampusu
universitetin başqa kampusları ilə Siti-Biq-Bend
Universitet və Skinker metro stansiyaları ilə
birləşir.
Tibb kampusu 164 akr (0,77
km²)
ərazidə yerləşir. Kampusda Vaşinqton Tibb
Məktəbi, Barns-Yəhudi, Sent-Luis Uşaq
xəstəxanaları, Karlar üçün Mərkəzi İnstitut,
Sent-Luis Reabilitasiya İnstitutu, Onkoloji,
Həkimlərin İxtisasartırma, Erik Nyuman Təhsil
mərkəzləri fəaliyyət göstərir. Kampusda yerləşən
binaların əksəriyyəti bir-biri ilə koridor və
körpülərlə birləşir. Kampusdakı Spenser Olinin
şərəfinə adlandırılmış Olin Holl yataqxana
kompleksi 200-dən çox tələbə tutumuna malikdir.
Tibb kampusundan Mərkəzi Uest-İnd metro xətti
keçir.
Şimali
kampus Sent-Luis şəhərində Delmar Lup istirahət
mərkəzinin yaxınlığındadır. Bu ərazi universitet
tərəfindən 2004-cü ildə əldə olunub.
Hazırda kampusda universitetin bir neçə bölməsi,
Təsviri İncəsənət Departamenti, maliyyə,
nəqliyyat, texniki xidmətləri, Quadranql
yataqxana kompleksi, tələbələri qida ilə təchiz
edən Bon Appetit İdarəetmə Kompaniyası yerləşir.
Kampusda yenidənqurma işləri davam etməkdədir.
Qərbi kampus Denfort kampusundan qərbdə Kleyton
ərazisindədir. 1990-cı ilədək univermaq kimi
fəaliyyət göstərən və sonradan universitet
tərəfindən alınan binada hazırda kitabxana,
arxiv və konfrans mərkəzləri mövcuddur. Bu
kampusda informasiya texnologiyalarının tətbiqi
(CAIT) üzrə işlər aparılır. Qərbi və Şimali
kampuslar daha çox inzibati məqsədlər üçün
istifadə olunur. Hər iki kampusdan Sent-Luis,
Delmar Lup və Forsayt metro xətləri keçir, bu da
tələbələrin şəhər və kampuslararası hərəkətini
təmin edir.
Teyson Tədqiqat Mərkəzi 2000 akr (8
km²)
ərazini əhatə edir. İkinci Dünya müharibəsi
dövründə hərbi sursat saxlanan ərazi 1968-ci
ildə universitet tərəfindən əldə olunub və həmin
ərazidə Teyson Tədqiqat Mərkəzi yaradılıb. Bu
mərkəzdə universitetin tələbə və müəllimləri
ekoloji tədqiqatlar aparır, eləcə də mərkəzdə
fasiləsiz təhsil üzrə kurs və proqramlar təşkil
olunur. Kampusda Vəhşi Kanid Yaşama və
Elmi-Tədqiqat Mərkəzi (Canavar İbadətgahı),
Missuri Mikoloji Cəmiyyəti, Ümumdünya Quş
Sığınacağı yerləşir.
Sent-Luis Vaşinqton Universitetində bakalavr,
magistr və doktorluq səviyyələri üzrə 300-dən
çox proqram və 1900-dən çox kurs təklif edən
İncəsənət və dəqiq elmlər fakültəsi, Corc Uorren
Braun İctimai Fəaliyyət, Mühəndislik və Tətbiqi
Elmlər, Sem Foks Dizayn və Vizual İncəsənət,
Hüquq, Tibb, Olin Biznes məktəbləri fəaliyyət
göstərir.
İncəsənət
və dəqiq elmlər fakültəsi Sent-Luis Vaşinqton
Universitetinin ən böyük müəssisəsidir və üç
hissədən - İncəsənət və Dəqiq Elmlər, İncəsənət
və Dəqiq Elmlər Ali, Universitet kolleclərindən
ibarətdir. İncəsənət və Dəqiq Elmlər Kolleci
humanitar, ictimai, dəqiq elmlər üzrə
proqramlar, dünyanın 15-dən çox dilində kurslar
təklif edir. İncəsənət və Dəqiq Elmlər Ali
Kolleci magistrant və doktorantların hazırlığı
üçün nəzərdə tutulub və 29 departamentdən
ibarətdir. Universitet Kolleci təhsilin davam
etdirilməsi və fasiləsiz təhsil verir. Bu
kollecdə daha çox Sent-Luisdən olan müəllim və
mütəxəssislər təhsil alırlar. Kollecdə gecə və
yay məktəbləri mövcuddur.
Sent-Luis Vaşinqton Universitetinin kitabxana
sistemi universitetin professor-müəllim heyəti,
tələbə və tədqiqatçılar, müstəqil alimlər, ümumi
cəmiyyət üçün zəngin məlumat mənbəyi
funksiyasını daşıyır. Universitetin kitabxana
sisteminə Con Olin (Əsas), İncəsənət və
Memarlıq, Bernard Beker Tibb, Biznes, Kimya,
Rəqəmsal, Yer və Planetar Elmlər, Şərqi Asiya,
Hüquq, Musiqi, Fizika, İctimai Fəaliyyət, Xüsusi
Kolleksiya və Arxivlər, Qərbi Kampus
kitabxanaları daxildir.
Bu kitabxanaların 12-si Denfort, 1-i Tibb, 1-i
isə Qərbi kampusda yerləşir. Universitetin
kitabxana sistemi ümumilikdə 4281213 cild kitab
və digər materiallara malikdir və hər il bu
rəqəm artmaqdadır. 2009-2010-cu tədris ilində
kitabxananın ümumi xərcləri 28230503 ABŞ dolları
təşkil edib. Bu xərclərin böyük hissəsi kitab,
jurnal və digər materialların əldə olunmasına
sərf edilib. Sent-Luis Vaşinqton Universitetinin
kitabxana sistemi Elmi Kitabxanalar
Assosiasiyasının, Elmi-Texniki Kitabxanalar
Mərkəzinin, Böyük Qərbi Kitabxana Alyansının və
digər təşkilatların üzvüdür.
Sent-Luis
Vaşinqton Universitetinin kansleri akademik Mark
Vriqton, rektoru isə professor Edvard Masiasdır.
Ali məktəbin əməkdaşları arasında bu günədək 23
Nobel mükafatı laureatı çalışıb, onlardan 9-u
hazırda bu ali məktəbdə novator elmi tədqiqatlar
həyata keçirməkdədir. Universitetin işçiləri
arasında çoxlu sayda digər mükafatların
laureatları da vardır. Universitetdə çalışan
professor-müəllim heyətinin ümumi sayı 3415
nəfərdir. Professorlardan 23 nəfəri Milli Elmlər
Akademiyasının, 29 nəfəri Tibb İnstitutunun,
29-u Amerika İncəsənət və Elmlər Akademiyasının,
72-si Amerika Qabaqcıl Elmlər Assosiasiyasının,
18-i Elektrik və Elektronika Mühəndisliyi
İnstitutunun, 13 nəfəri Amerika Hüquq
İnstitutunun, 3 nəfəri isə Amerika Fəlsəfə
Cəmiyyətinin üzvüdür.
Universitetdə 14000-ə qədər tələbə təhsil alır.
Ali məktəbdə əyani təhsil alan tələbələrin ümumi
sayı 11834, qiyabi oxuyanların sayı isə 2100
nəfərdir. Burada dünyanın 110 ölkəsindən
minlərlə tələbə oxuyur. 2010-2011-ci tədris
ilində universitetə sənəd verən 24939
abituriyentdən 1632 nəfəri qəbul edilib. Dünya
üzrə universitetin 125334 nəfər məzunu müxtəlif
peşə sahələrində fəaliyyət göstərir.
Sent-Luis Vaşinqton Universitetində tələbələrin
75%-i yataqxanalarda qalır. Universitetin ən
böyük tələbə yataqxanası Denfort kampusunun
cənubunda yerləşən və 160000
m²
ərazini əhatə edən Saut-40 yataqxana
kompleksidir. Saut-40 kompleksinə Robert
Brukinqs, Veyman Krou, Tomas Eliot, Lee, Ligget,
Park Mudd, Uilyam Qrinlif Eliot və s.
yataqxana-kolleclər aiddir. Bu ərazidə eyni
zamanda tibb mərkəzləri, idman kompleksləri,
bank və digər xidmətlər mövcuddur. Denfort
kampusunun şimal-qərb hissəsində Nort-Sayd
tələbə kəndi tələbələrin məskunlaşmaları üçün
çox əlverişli kompleksdir. Tələbə kəndində
kampus daxilində yerləşən 325 nəfərlik Villic
Haus, Lopata Haus və Haus 6 binaları, şərqdə 440
yerlik Millbrok, eləcə də kampusdan kənar 450
yerlik Terras, Rousdeyl, Qrinvey, Voterman Kart
binaları tələbələrin istifadəsinə verilir.
Sent-Luis Vaşinqton Universitetində 200-ə qədər
tələbə təşkilatı fəaliyyət göstərir. Təşkilata
üzv olmaq tələbələrə yataqxana ilə təmin
olunmaqda, asudə vaxtın səmərəli təşkilində
böyük köməklik göstərir. Universitetdə idmana
xüsusi yer ayrılır. Tələbələrdən ibarət
universitet komandası "Ayılar" adlanır. "Ayılar"
2008-ci ildə oğlanlar arasında tennis üzrə
keçirilən yarışlarda, 1998, 2001, 2010-cu
illərdə basketbol üzrə, 1989, 1991-1996, 2003,
2007, 2009-cu illərdə qadınlar arasında voleybol
üzrə keçirilmiş yarışlarda birincilik əldə edib.
Universitetin idman klubu tələbə təşkilatı
tərəfindən maliyyələşir. Universitetin Frensis
meydançası 1904-cü ildə keçirilmiş Olimpiya yay
oyunlarına sahiblik edib. Frensis meydançası ali
məktəbin futbol və yüngül atletika üzrə
komandalarının məşq yeridir.
Sent-Luis Vaşinqton Universiteti dəyişən,
multi-mədəni cəmiyyətdə yeni bilik və dərin
anlayış axtarışında olan müasir elmi tədqiqat
mərkəzidir. Sent-Luis şəhərinin, eləcə də ABŞ-ın
inkişafında Sent-Luis Vaşinqton Universitetinin
danılmaz xidmətləri var. Bu ali təhsil ocağının
məqsədi mədəniyyət, incəsənət, yaradıcılıq, elm
və digər sahələr üzrə əldə olunmuş nəticələrin
üzərinə yeni əlavələr etmək, səhiyyənin
inkişafında əhəmiyyətli nailiyyətlər qazanmaq və
cəmiyyətə layiqli xidmət göstərməkdir.
Universitetin məşhur məzunları
|
Klark Klifford |
ABŞ-ın sabiq müdafiə naziri |
|
|
Devid Frensis |
ABŞ-ın sabiq daxili işlər naziri |
|
|
Uilliam Vebste |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 14-cü,
Federal Təhlükəsizlik Bürosunun 6-cı
direktoru |
|
|
Luis Susman |
ABŞ-ın
Böyük Britaniyadakı səfiri |
|
|
Sem Foks |
ABŞ-ın Belçikadakı sabiq səfiri |
|
|
Edvard Kranç Eliot |
Amerika Hüquqşünaslar Assosiasiyasının
sabiq prezidenti |
|
|
Fibi Kouzins |
ABŞ-ın ilk qadın marşalı |
|
|
Yasna Matik |
Serbiya Telekommunikasiya və İnformasiya
Cəmiyyətinin sabiq naziri |
|
|
Henri Kolfrid |
Missuri ştatının sabiq qubernatoru |
|
|
Aleksandr Monro |
Missuri ştatının sabiq qubernatoru |
|
|
Çen Zanqlianq |
Çinin Quansi ərazisinin
vitse-qubernatoru |
|
Universitetin
Nobel mükafatı laureatları
|
Artur Kompton |
fizika
üzrə Nobel mükafatı laureatı |
|
|
Luis Leloir |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Pol Berq |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Aaron Ciechanover |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Duqlas Nort |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Edvard Doysi |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Jozef Erlanger |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Herbert Gesser |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Karl Kori |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Certi Kori |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Artur Kornberq |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Severo Oçoa |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Alfred Herşi |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Earl Saterlend |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Kristian de Duve |
tibb
və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Deniyel Natans |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Hamilton Smit |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Corc Snell |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Stenli Koen |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Edvin Krebs |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Robert Furchgott |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|