|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bölgələrdə yeni məktəb binaları istifadəyə verilib
Sentyabrın 16-da Qax rayonunun Almalı kəndində 480, Baydarlı kəndində isə 360 şagird yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Hər iki təhsil ocağı dövlət vəsaiti hesabına inşa edilmişdir. Müasir standartlara uyğun inşa edilmiş ikimərtəbəli yeni məktəb binalarında sinif otaqları və fənn kabinetləri ilə yanaşı, kompüter otağı, laboratoriya, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Binalarda müasir istilik sistemi quraşdırılmışdır. Məktəblər Təhsil Nazirliyi tərəfindən yeni inventarlarla təchiz edilmişdir. Yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Milli Məclisin deputatı Azər Kərimli, rayon icra hakimiyyətinin başçısı Telman Quliyev, təhsil şöbəsinin müdiri Məmməd Xasıyev ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəblərin müəllim və şagird kollektivlərinə yeni dərs ilində böyük nailiyyətlər arzulamışlar. Ziyalılar, pedaqoji kollektivlərin üzvləri çıxış edərək ucqar kəndlərdə yeni məktəb binaları və digər sosial obyektlərin tikilməsinin ölkəmizin artan iqtisadi qüdrətinin bariz nümunəsi olduğunu qeyd etmiş, təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. *** Sentyabrın 16-da Lənkəran rayonunun dağlıq ərazisində, dəniz səviyyəsindən 1450 metr hündürlükdə və rayon mərkəzindən 48 kilometr məsafədə yerləşən Tüado kəndində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində inşa edilmiş 10 sinif otağından ibarət 100 şagird yerlik orta məktəb binası istifadəyə verilmişdir. Binanın açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Rəmzi qırmızı lent kəsildikdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və qonaqlar yeni məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar. Tədbirdə məktəbin I-IV sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çantalar və məktəbli ləvazimatları verilmişdir. *** Dəvəçinin Gəndob kəndindəki orta məktəb əsaslı təmirdən sonra yenidən müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Açılış mərasimində çıxış edən Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son bir neçə ildə rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə 4, Təhsil Nazirliyinin sifarişi ilə 5 məktəb binasının tikilərək istifadəyə verildiyini vurğulamışdır. Milli Məclisin deputatı Tahir Süleymanov dövlətin təhsilə xüsusi qayğısı barədə danışmışdır. Orta məktəb yeni tədris avadanlığı və istilik sistemi ilə təchiz olunmuşdur.
AzərTAc
|