· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

 

"Təhsilimizin uğurlarında pedaqoji kollektivlərin rolu danılmazdır"

 

Şahbuz rayonu Kükü kənd orta məktəbinin yetirməsi Aygül Habil qızı Salahlı

690 bal toplayaraq I ixtisas qrupu üzrə Azərbaycan birincisi oldu

 

Hər bir millətin işıqlı sabahı və xoşbəxt gələcəyi təhsilə olan münasibəti ilə bağlıdır. Xalqımızın xoşbəxtliyi ondadır ki, istər ötən əsrin 70-ci illərinin əvvəllərində, istərsə də müstəqillik dönəmində respublikamızda başlanan təhsil islahatları millətimizin gələcəyini düşünən və onun yolunda hər cür fədakarlığa hazır olan bir tarixi şəxsiyyətin - ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilmişdir. Azərbaycanda elmə, təhsilə həmişə böyük maraq olub. lakin bütün ömrünü xoşbəxt gələcəyinə həsr etdiyi xalqının qarşısında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən ulu öndərin hakimiyyətə gəlişi təhsilə olan marağı daha da artırmışdı.

Ali məktəblərə qəbulda biliyin əsas meyara çevrilməsi, təhsil müəssisələrinin, tələbə yataqxanalarının tikilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən bilikli gənclərin seçilib İttifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi, tədris prosesində Azərbaycan dilinə xüsusi əhəmiyyət verilməsi, müəllim əməyinin əsl qiymətini tapması Azərbaycanın bu gününə  hesablanmış  uğurlu  addımlar idi.

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ölkədə yaranan çətinliklər təhsilimizdə də boşluqlar yaratdı. Bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlərimizin bir çoxu öz sevimli peşələrindən əl çəkmək, heç zaman arzu etmədikləri işlərlə məşğul olmaq məcburiyyətində qaldılar. ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızı bu bəladan da xilas etdi. Təhsilin yenidən dövlətin diqqət və qayğısı ilə əhatə olunması onun inkişafının təməlini qoydu. Tarixin sınaqlarından çıxan Azərbaycan təhsili yeniləşir, daha ciddi uğurlara imza atır. Bütün bunlar hamımızın gözü qarşısında baş verir.

Təhsilimizin uğurları cəmiyyətimizin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır. çünki təhsil elə bir sahədir ki, əhalinin əksər hissəsi bu və ya digər formada təhsillə, məktəblə bağlıdır. Ona görə də bu sahə ilə bağlı hər hansı müzakirəyə, diskussiyaya adamların reaksiyasını, münasibətini çox gözləmək lazım gəlmir. Son zamanlar bəzi özəl televiziya kanallarında təhsillə bağlı aparılan müzakirədə məktəblərimizin ünvanına səsləndirilən əsassız ittihamlar çoxları kimi məni də narahat edir. Məktəblə əlaqəsi olmayan, onun problemlərindən məlumatsız adamların təhsildə aparılan uğurlu islahatların üstünə kölgə salmaq cəhdləri, ömrünü gənc nəslin yolunda şam kimi əridən müəllimlərin əməyini gözdən salmaq istəklərini başa düşmək olmur. Xüsusilə şagirdlərin ali məktəblərə hazırlanmasında məktəbin rolunu danmaq, uğurları yalnız repetitorların adına çıxmaq kökündən yanlışdır.

Təhsildə əldə olunan uğurlar bu sahəyə ildən-ilə artan dövlət qayğısının sayəsində mümkün olmuşdur və bu uğurlarda məktəblərin, pedaqoji kollektivlərin rolu danılmazdır.

Bu gün təhsilimizdə nə qədər böyük uğurlar əldə edilməsini görmək üçün təkcə Naxçıvan Muxtar Respublikasında qazanılan nailiyyətlərə baxmaq kifayətdir. Muxtar respublikada 220 məktəb fəaliyyət göstərir ki, onlardan da 150-dən çoxu yeni tikilən təhsil müəssisələridir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllim və şagirdlərə hərtərəfli şərait yaradılmasına xüsusi əhəmiyyət verilir. Belə ki, bu günədək məktəblərə 2335 ədəd kompüter verilib, 100-dən artıq kompüter İnternet şəbəkəsinə qoşulub, məktəblərdə 22 ədəd ən müasir elektron lövhələrdən istifadə edilir. Son 5 ildə səmərəli pedaqoji fəaliyyətinə görə 34 müəllim Azərbaycan Respublikasının, 26 nəfər Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi" fəxri adlarına layiq görülüb, 37 müəllim "Tərəqqi" medalı alıb. 2009-cu ildə fənn olimpiadalarının respublika turunda məktəblilərdən 6 nəfəri I, 6 nəfəri II, 9 nəfəri III, 22 nəfəri IV yerə layiq görülmüşdür.

ümumtəhsil məktəbləri məzunlarının ali məktəblərə qəbulunun səviyyəsi də ürəkaçan olmuşdur. Muxtar respublikanın məktəblərinin builki 4390 məzunundan 3230-u sənəd qəbulu komissiyalarına ərizə vermiş, 1348 nəfər (41,73 faiz) tələbə adını qazanmışdır. Fərqlənmə attestatı alan 129 nəfərin hamısı ali məktəblərə daxil olmuşdur. Əvvəlki illərlə müqayisədə ali məktəblərə qəbul həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşmışdır. Belə ki, ali məktəblərə qəbul olanlardan 177 nəfəri 500-600, 43 nəfəri 600-650, 12 nəfəri isə 650-700 bal toplamışdır. Xüsusi məktəblərə məzunların qəbuluna da diqqət artırılmışdır. Muxtar respublika üzrə 9 nəfər Milli Təhlükəsizlik Nazirliyi Akademiyasına, 2 nəfər Polis Akademiyasına, 9 nəfər Sərhəd Qoşunları Akademiyasına, 5 nəfər Fövqəladə Hallar Nazirliyi Akademiyasına, 2 nəfər Milli Aviasiya Akademiyasına, 2 nəfər Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur.

Azərbaycanın ucqar dağ rayonlarından olan Şahbuz rayonunda da təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşılır. Rayonda fəaliyyət göstərən 23 orta məktəbdə təlim-tərbiyə işlərinin günün tələbləri səviyyəsində qurulması, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün yeni təlim metodlarına üstünlük verilməsi gündəlik diqqət mərkəzində saxlanılır. Məktəblərdə hər iki istiqamətdə - həm təlim, həm də tərbiyə sahəsində səmərəli iş aparılır. Məqsəd şagirdlərin yaxşı bilik əldə etmələri ilə yanaşı, həm də onları vətənpərvər, geniş dünyagörüşə malik, Azərbaycanımız üçün layiqli vətəndaşlar kimi tərbiyə etməkdən ibarətdir. Təsadüfi deyil ki, onlarca bu cür keyfiyyətlərə malik olan gənc Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Rayonun Mahmudoba kənd orta məktəbinin adını daşıdığı və Qarabağ döyüşlərində böyük fədakarlıq göstərərək şəhid olmuş Hacıyev Afət Əşrəf oğlu kimi olmaq istəyənlərin sayı bu gün məktəblərimizdə yüzlərlədir. Onları bu ruhda tərbiyə edən pedaqoji kollektivlərin əməyi hər hansı repetitor müəllimin əməyindən qat-qat artıqdır. çünki Vətən belə oğulların çiynində ucalır.

Şahbuz rayonunun ümumtəhsil məktəbləri qarşısında duran ən başlıca məqsədlərdən biri də şagirdlərin ali məktəblərə hazırlanmasıdır. Müstəqillik dönəmində dövlətimizin qayğısı ilə rayonun 15 yaşayış məntəqəsində inşa olunan məktəblərdə həm müəllimlər, həm də şagirdlər üçün hərtərəfli şərait yaradılmışdır. Şagirdlərin təlim-tərbiyəsi yolunda göstərilən səylər bu il ali məktəblərə qəbulun nəticələrində də öz əksini tapmışdır.

2008-2009-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 256 nəfər bitirmiş, onlardan 61 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 2 nəfəri isə xarici ölkələrin universitetlərinə qəbul olunmuşdur. Fərəhli haldır ki, ötən il məktəbi qurtaranlardan da 18 nəfəri bu il ali məktəblərdə təhsil alacaqdır. 4 nəfər məzun 600-dən, 7 nəfər isə 500-dən artıq bal toplamışdır. Məzunlardan 10 nəfəri orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ən ucqar dağ kəndi olan, rayon mərkəzindən 30 km məsafədə yerləşən Kükü kənd orta məktəbinin məzunu Aygül Habil qızı Salahlı I ixtisas qrupunda 690 bal toplayaraq həmin ixtisas qrupu üzrə Azərbaycan birincisi olmuşdur.

Torpaqlarımızın hələ də 20 faizi düşmən tapdağında olduğundan məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi əhəmiyyət verilir. Bu il 19 nəfər şagirdimiz Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseyə qəbul olmuşdur. ötən tədris ilində 1 müəllimimiz Azərbaycan Respublikasının, 1 müəllimimiz isə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. 1 nəfər müəllimimiz "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Bu günlərdə isə daha bir müəllimimiz - rayonun Biçənək kənd orta məktəbinin müəllimi Camal Hüseyn oğlu Abbasov "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazanmışdır. Fənn olimpiadalarının respublika turunda Şahbuz şəhər orta məktəbinin X sinif şagirdi Məhərrəm Mübariz oğlu Hüseynli riyaziyyat fənni üzrə I yeri tutmuş, 2 şagirdimiz IV yerə layiq görülmüşdür.

Məktəblilərimizin şeir, mahnı, rəsm, inşa yazı müsabiqələrində, müxtəlif idman yarışlarında da nəticələri sevindirici olmuşdur. "Heydər Əliyevi düşünərkən..." mövzusunda keçirilən inşa yazı müsabiqəsində 1 nəfər şagirdimiz I mükafata layiq görülmüşdür. "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə yarışlarda rayonun məktəblilərdən ibarət komandası Naxçıvan MR-də birinci yeri tutaraq Azərbaycanda muxtar respublikanı təmsil etmişdir. Qax şəhərində keçirilən həmin yarışda məktəblilərimiz komanda hesabında III olmuşdur.

Faktları sadalamaqla məqsədim heç də muxtar respublikanın, eləcə də Şahbuz rayonunun təhsil sahəsində heç bir problem olmadığını demək, yaxud bu bölgədə təhsilə fərqli bir yanaşma olduğunu göstərməkdən ibarət deyil. Ancaq bəzi məktəblərdə müxtəlif fondlar adı ilə uşaqlardan pul yığılmasından, müxtəlif hədiyyələr alınmasından danışıldığı halda, bu regionda belə halların olmaması, muxtar respublika məktəblərinin bir neçə il bundan əvvəl məktəbli formasına keçməsi, hər ay V-XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada sınaq testlərinin keçirilməsi, hətta müəllimlərin belə vahid formada məktəblərə gəlməsi, məktəblilərin bilik səviyyəsini yüksəltmək üçün repetitorları əvəz edə biləcək müəllimlərin məşğələlərə cəlb edilməsi həllini tapıbsa və bütün bunlar təhsillə bağlı olan insanlarda xoş əhvali-ruhiyyə yaradıbsa, bunlardan niyə söz açmayasan ki...

Artıq yeni dərs ili başlanıb. Dərslik, uşaqlar üçün pal-paltar axtarmaq qayğısından neçə illərdir ki, uzaq olan valideynlər "Bilik günü"nü böyük sevinclə qarşılamışlar. Geniş, işıqlı sinif otaqlarında oxuyacaq övladları üçün onlar daha narahatçılıq keçirmirlər. çünki bu uşaqların təlim və tərbiyəsi ilə məşğul olacaq kifayət qədər savadlı, vicdanlı, qayğıkeş müəllimlər vardır.

 

Xanlar SƏFƏRƏLİYEV,

Şahbuz Rayon Təhsil

Şöbəsinin kadr işləri

üzrə məsləhətçisi