· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil işçilərinin sentyabr konfranslarında

qarşıda duran məsələlər müzakirə olundu

 

AĞSTAFA

 

Rayonun Heydər Əliyev Mərkəzində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında təhsil şöbəsinin müdiri Labidə Batıyevanın hesabat məruzəsi dinlənilmişdir.

İdarə, müəssisə rəhbərləri, qabaqcıl müəllim və tərbiyəçilərin iştirak etdiyi konfransda qeyd olunmuşdur ki, 2008-2009-cu dərs ilində təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Tədris ili ərzində şəhər 1 nömrəli orta məktəbdə 480, Aşağı Göyçəli kənd orta məktəbi üçün 360 yerlik məktəb binaları tikilmiş, zəruri avadanlıqlarla təchiz edilərək istifadəyə verlmişdir. Məktəb tikintisi ilə yanaşı, şəhər 2 nömrəli, Dağkəsəmən 1 nömrəli, Dağkəsəmən 2 nömrəli orta məktəbləri əsaslı təmir olunmuşdur. İstilik sistemləri yenidən qurulmuş, məktəblərin sayı 7-yə çatmışdır. "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2009-cu il tarixli sərəncamına əsasən Qıraq Kəsəmən kənd orta məktəbi üçün yeni məktəb binasının tikintisinə başlanılmışdır.

Məruzə və çıxışlarda məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilmişdir. Fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində rayonda 3 məktəb binası tikilib istifadəyə verilmişdir.

Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik etmiş və qarşıda duran vəzifələrdən danışmışdır.

 

BƏRDƏ

 

Son vaxtlar Bərdədə təhsil ocaqlarının tikintisinə və əsaslı təmirinə diqqət xeyli artırılıb. Yeni dərs ili ərəfəsində rayonda üç yeni məktəb binası istifadəyə verilmişdir.

Müəllimlərin sentyabr konfransında rayon təhsil şöbəsinn müdiri Rahilə İsmayılova ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsində bu barədə ətraflı söz açmışdır. Qeyd olunmuşdu ki, son illər məktəblərin tikintisi və təmiri üzrə Dövlət Proqramlarına uyğun olaraq 4 yeni məktəb, 4 yardımçı bina inşa olunmuş və 5 məktəb əsaslı təmir olunmuşdur. Rayon icra hakimiyyəti başçısının diqqət və qayğısı sayəsində Xəsilli və Piyadalar kənd əsas məktəbləri təmir olunmuşdur.

Konfransda əldə olunan nailiyyətlər haqqında ətraflı məlumatlar verilmiş və qeyd olunmuşdur ki, ötən dərs ilində 75 ümumtəhsil məktəbində 24500 şagird təhsil almış və onların təlimi ilə 3700 müəllim məşğul olmuşdur. Bu il 668 məzun ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 256 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Beləliklə, məzunların 74 faizi təhsillərini davam etdirmək hüququ qazanmışdır ki, bu da rayonun tarixində ən yüksək göstəricidir.

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsində fəal iştirak edən rayonun təhsil işçiləri yüksək nəticələrə nail olublar. Belə ki, şəhər 2 nömrəli orta məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi" və 3 müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülmüşdür. Əlbəttə, bu, təhsil işçilərinə göstərilən dövlət qayğısının ən gözəl nümunəsidir. ötən dərs ilində möhtərəm Prezidentin sərəncamı ilə rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına, Qaradəmirçi kənd orta məktəbinin müəllimi Nizami Hüseynov "Tərəqqi" medalına layiq görülmüşdür.

Konfransda əminlik ifadə olundu ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təhsil işçiləri tərəfindən böyük razılıqla qarşılanır.

Konfransda təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək təhsil işçilərini  "Bilik günü" münasibətilə təbrik etmiş və qarşıda duran vəzifələrdən danımışdır.

 

GƏNCƏ

 

Gəncə təhsil işçilərinin sentyabr konfransına ictimaiyyətin nümayəndələri, əmək və müharibə veteranları, valideynlər, jurnalistlər dəvət olunmuşdular.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, respublikanın əməkdar müəllimi Mahal Əliyev çıxış edərək respublikamızda, o cümlədən Gəncədə baş verən iqtisadi yüksəlişdən, genişmiqyaslı abadlıq-quruculuq işlərindən, təhsilə, onun inkişafına göstərilən diqqət və qayğıdan danışdı. Natiq buna misal olaraq 13 nömrəli orta məktəbin 960 yerlik yeni binasının tikildiyini, məktəbin hər cür avadanlıqla təchiz edildiyini göstərdi. Bu işdə respublika Prezidentinin, Təhsil Nazirliyinin, şəhər icra hakimiyyətinin böyük qayğısını qeyd etdi. Daha sonra natiq qeyd etdi ki, son illər Gəncənin tarixi-mədəni abidələrinin bərpası,  təhsil, səhiyyə, mədəniyyət obyektlərinin təmiri və təchizatı sahəsində aparılan işlər məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə mümkün olmuşdur.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Ələkbərov öz çıxışında respublika Prezidentinin təhsilimizə göstərdiyi qayğıdan danışaraq qarşıda daha məsul və şərəfli vəzifələr durduğunu dedi.

 Təhsil nazirinin müavini Elmar Qasımov təhsil işçilərini təhsil naziri Misir Mərdanovun və öz adından salamlayaraq müəllimlərin XIII qurultayının irəli sürdüyü vəzifələrdən, bu sahədə hər bir təhsil işçisinin böyük məsuliyyət daşıdığından, qarşıda duran böyük işlərdən danışdı.

Konfransın sonunda ölkə başçısına müraciət qəbul edildi.

 

YEVLAX

 

Heydər Əliyev adına sarayda Yevlax təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransın işində təhsil nazirinin müavini Elmar Qasımov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova, TQDK-nın şöbə müdiri Arzu Bağırov iştirak edirdi. Konfransa ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, mətbuat orqanlarının nümayəndələri, müəllim və tərbiyəçilər, 500 və 600-dən yuxarı bal toplayan məzunlar, Ali Hərbi məktəblərin kursantları dəvət edilmişlər.

Konfrans məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himnini səsləndirməklə öz işinə başladı.

"2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev məruzə etdi. Natiq son illər təhsil sahəsində aparılan məqsədyönlü islahatlar, bu islahatların həyata keçirilməsi sahəsində ölkəmizdə görülmüş işlər, təhsilə və təhsil işçilərinə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun bu sahəyə köməyini xüsusi vurğulayaraq milli təhsilimizin öz yeni inkişaf, tərəqqi dövrünü  yaşadığını qeyd etdi.

Məruzə ətrafında 600-dən çox bal toplayan məzunun valideyni Kəmalə Musayeva, şəhər 7 nömrəli orta məktəbin direktoru Səxavət Bəşirov, şəhər 8 nömrəli orta məktəbin məzunu, 582 balla BDU-ya qəbul olunmuş Ahunə Ağalarova, Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Kamal Əliyev, ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş gənc kadr Nübar Səmədova çıxış etdi.

Konfransda TQDK-nın şöbə müdiri A.Bağırov çıxış edərək bu il ali məktəbə qəbulda rayonun nəticələrini geniş təhlil etdi.

Təhsil nazirinin müavini Elmar Qasımov islahatın tələblərinə uyğun rayonda həyata keçirilən işləri, əldə olunmuş yüksək nəticələri qeyd edərək təhsil sahəsində aparılan əsaslı dəyişikliklərə görə ölkə başçısı İlham Əliyevə təhsil işçiləri adından minnətdarlıq ifadə etdi. Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işləri yüksək dəyərləndirdi. O, Yevlaxda hərbi-vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə olduğunu, məzunların hərbi məktəblərə qəbulunda xeyli dönüş yarandığını bildirdi. Təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və öz tövsiyələrini verdi.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

QUBA

 

Quba rayon təhsil işçilərinin konfransında təhsil nazirinin müavini İradə Hüseynova, rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov, rayonun qabaqcıl müəllim və məktəb rəhbərləri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, mətbuat nümayəndələri iştirak edirdilər.

Konfransda rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov qeyd etdi ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində son 5 ildə rayonda dövlət vəsaiti hesabına, Heydər Əliyev Fondunun, beynəlxalq təşkilatların dəstəyi və yerli büdcə vəsaiti ilə yeni məktəblərin tikintisi geniş vüsət almışdır. Bu illər ərzində "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Heydər Əliyev Fondu hesabına 2220 şagird yerlik 17, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 280 yerlik 2, yerli vəsait hesabına 980 yerlik 8 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 2009-2010-cu dərs ilində 4 məktəbdə - Xənagah, Güləzi, Təngəaltı, Susay kəndlərində şagirdlər yeni binalarda dərsə başlayacaqlar.

Konfransda bildirildi ki, möhtərəm Prezidentin sərəncamı ilə təsdiq edilmiş 2005-2007-ci illəri əhatə edən "ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı" ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi qiymətləndirilməlidir. Hazırda rayonun ümumtəhsil məktəblərində 570-ə qədər kompüter vardır. 6 məktəbdə kompüterlər İnternetə qoşulmuş, 2 məktəbdə lokal şəbəkə, 1 məktəbdə elektron poçt mövcuddur. Məktəblərə 2713 ədəd elektron disk və testlər paylanmışdır. Təkcə 2009-cu ildə rayonun məktəbləri üçün 34 adda 39174 ədəd dərslik gətirilərək məktəblərə çatdırılmışdır.

Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, şəhər 3 nömrəli və Rustov orta məktəblərinin direktorları Sara Məmmədova və Mehdi Bədəlov, TİAHİ Quba rayon komitəsinin sədri Solmaz Mehdiyeva, gənc müəllim Nailə Həbibova çıxış etdilər.

Konfransda təhsil nazirinin müavini İradə Hüseynova çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və valideynləri təbrik etdi,  ölkə təhsilinin inkişafında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən, habelə 2009-2010-cu dərs ilində rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı.

Axırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edildi.

 

QUSAR

 

Rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında rayon təhsil şöbəsinin müdiri N.Fərzəliyevin məruzəsində qeyd olunmuşdur ki, 2009-2010-cu tədris ilində Qusar rayonunda 13 məktəbəqədər təhsil müəssisəsi, 90 ümumtəhsil məktəbi fəaliyyət göstərəcəkdir. 16 min şagirdin təlim-tərbiyəsi ilə 2000-dən artıq müəllim məşğul olacaqdır.

Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin dərin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi istiqamətində Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində 2005-2009-cu illərdə Qusar rayonunda 15 yeni, müasir tələblərə cavab verən məktəb binası inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir.

Bildirilmişdir ki, 2008-2009-cu tədris ilini başa vurmuş 938 nəfər  məzundan 517 nəfəri ali məktəblərə daxil olmaq üçün ərizə vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən, 92 məzun ali məktəb tələbəsi adını qazanmışdır. Məzunlardan 6 nəfəri 500-dən 600-dək, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir.

Konfransda Qusar RİH başçısı Şair Alxasov çıxış etmişdir.

Təhsil nazirinin müavini İradə Hüseynova  çıxış edərək son illər ölkədə təhsil sahəsində qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən danışmış, qarşıda duran vəzifələrdən bəhs etmişdir. Rayon məktəblərinin problemlərindən danışarkən natiq qeyd etdi ki, şagirdlərin Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənlərinin dərindən öyrənilməsinə diqqət gücləndirilməlidir. Onlar yaşadıqları rayonun, kəndin tarixini, coğrafiyasını, flora və faunasını hərtərəfli öyrənməlidirlər. Bu məqsədlə kütləvi tədbirlərin keçirilməsinə böyük diqqət yetirilməlidir.

Daha sonra natiq qeyd etmişdir ki, rayonun ümumtəhsil məktəblərində dövlət dili olan Azərbaycan dilinin tədrisi vəziyyəti də daim diqqət mərkəzində saxlanılmalıdır. Tədris dilindən asılı olmayaraq bütün məktəblərdə dövlət dilinin öyrənilməsinə birinci dərəcəli əhəmiyyət verilməlidir.

Sonra nazir müavini dərs ilinin başlanması münasibətilə müəllimləri və valideynləri təbrik etmiş, onları maraqlandıran suallara cavab vermişdir.

Konfransın sonunda ölkə başçısına müraciət qəbul olundu.

 

TƏRTƏR

 

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı öz işinə rayon mədəniyyət evində başladı. Konfransda Milli Məclisin deputatı Aynur Quliyeva, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, idarə və təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər və ali məktəbə qəbulda yüksək nəticələr göstərmiş məzunlar iştirak edirdilər.

Konfransda RTŞ-nin müdiri, pedaqoji elmlər namizədi Aydın Qarayev "2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr"  mövzusunda məruzə ilə çıxış etdi.

Məruzəçi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatı proqramının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və bu sahədə respublikada, eləcə də rayonda əldə edilən uğurlardan, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs etdi.

Bildirildi ki, rayonun təhsil sistemində 48 ümumtəhsil məktəbi, 28 məktəbəqədər və 4 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Keçən dərs ilində müəllimlərdən 3 nəfəri "Əməkdar müəllim", 3 nəfəri "Tərəqqi" medalı ilə, 4 nəfər isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşlar.

Tədris ili ərzində təhsilin inkişafı, keyfiyyətinin yaxşılaşdırılması və onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xeyli iş görülmüşdür.

Konfransda Milli Məclisin üzvü Aynur Quliyeva və başqaları çıxış edərək dərs ilinin yekunları ilə əlaqədar əldə edilən uğurlarla yanaşı, arzu və təkliflərini də qeyd etdilər.

Konfransın işini rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev öz tövsiyələri ilə yekunlaşdırdı.

 

İMİŞLİ

 

İmişli  rayon təhsil işçilərinin konfransında Təhsil Nazirliyinin  şöbə müdiri  Faiq Şahbazlı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  şöbə müdiri Mikayıl Nuriyev, rayon icra hakimiyyətinin başçısı  Əbülfəz Ağayev, rayonun qabaqcıl müəllim  və məktəb direktorları  iştirak  edirdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Plenar iclasda "2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda çıxış edən İmişli  RTŞ-nin  müdiri   Ramiz Əmirov bildirdi ki,  hazırda rayonda 63 ümumtəhsil məktəbi, 14 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 18 minə qədər şagirdin təlim-tərbiyəsi ilə 1566 müəllim məşğul olur.

ötən dərs ilində pedaqoji kadrların təminatı üzrə məlum "inkişaf proqrami"nın yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Keçən tədris ilində bir neçə dəfə məktəbəqədər və məktəbdənkənar müəssisələrin hər birində daxili əmək intizamı, iş rejimi, sanitar-gigiyenik vəziyyət, müvafiq normativ sənədlərin tələblərinin yerinə yetirilməsi vəziyyəti öyrənilmiş, aşkara çıxarılan nöqsanlara görə müvafiq intizam tənbehi görülmüş, lazımi metodiki, təlimatı köməkliklər göstərilmişdir. 

Məruzə ətrafında rayonun Aranlı kənd 2 nömrəli orta məktəbinin  direktoru, əməkdar müəllim Malik Qəhrəmanlı, şəhər 5 nömrəli məktəb-liseyin direktoru Validə Zülfüqarova və  şəhər 1 nömrəli məktəb- liseyin gənc müəllimi Səidə Həmidli çıxış etdilər.

Konfransda iştirak edən Təhsil Nazirliyinin  şöbə müdiri Faiq Şahbazlı respublikada 1999-cu ildən başlayan təhsil islahatlarının həyata keçirilməsindən danışdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ikinci dəfə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı  müəllim"  müsabiqələri yaradıcı və innovativ fəaliyyəti ilə fərqlənən məktəb və müəllimlərin aşkara çıxarılmasında əsas mərhələ təşkil etməklə ümumi təhsil sahəsində yeniliklərin və müasir ideyaların reallaşmasına böyük imkanlar yaratmışdır.

Rayon icra hakimiyyətinin başçısı Ə.Ağayev konfransı yekunlaşdırdı.

Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət  qəbul olundu.

 

SAATLI

 

Rayon təhsil işçilərinin  keçirilən konfransında Saatlı Rayon  Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin məruzəsində qeyd olundu ki, ölkə  Prezidentinin sərəncamı ilə  təsdiq  edilmiş "ümumtəhsil məktəblərinin İKT ilə təminatı  Proqramı" ümumi təhsilin inkişafına  böyük  təkan vermişdir. Rayonun ümumtəhsil məktəblərinə 229  ədəd  kompüter  və ona  uyğun İKT avadanlığı  verilmişdir. Beləliklə, ümumtəhsil  məktəblərinin V-XI  siniflərində hər 29  şagirdə 1  kompüter nisbəti artıq reallaşmaq üzrədir.

Diqqətə çatdırıldı ki, 2005-ci ildən  etibarən  respublikada  bütün  şagirdlərin  dərsliklərlə  təminatı  pulsuzdur.  Artıq  yeni  dərs  ilinə  42660 ədəd  dərslik  gətirilərək  məktəblərə verilmişdir.

2008-2009-cu tədris ilində rayonun orta  ümumtəhsil  məktəblərini bitirən  məzunların  ali  məktəblərə  qəbulu  sahəsində də müəyyən  nəticələr əldə  olunmuşdur. Cari  tədris ilində  attestat almış 643 nəfər məzundan 331 nəfəri ali məktəblərə qəbul ücün sənəd  vermiş  və onlardan  TQDK  xətti ilə 58 nəfər respublikanın  müxtəlif  ali məktəblərinə qəbul  olunmuşdur.

Eyni zamanda 2009-cu il  məzunlarından 6 nəfər respublikadan kənar -  Türkiyə  Respublikasının müxtəlif ali  məktəblərində təhsil almaq hüququ qazanmışdır.

Konfransda Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı görülən işlər, əldə olunan nailiyyətlərlə  bərabər, bir sıra problem və çatışmazlıqların olmasını da qeyd etdi .Təhsil islahatlarının həyata keçirilməsi ilə əlaqədar müəllimlərin qarşısında duran vəzifələrdən danışdı.

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev yeni dərs ili ilə əlaqədar müəllimləri təbrik etdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

SABİRABAD

 

Sabirabad  rayonunda təhsil işçilərinin konfransı öz işinə başlamazdan əvvəl təhsil şöbəsinə məxsus yeni inzibati binanın açılışı oldu.

Sonra konfrans işinə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Konfransda Sabirabad  Rayon Təhsil Şöbəsinin müdiri Məleykə Həsənova qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar proqramı müvəffəqiyyətlə həyata keçirilir. Hazırda Sabirabad rayonunda 85 ümumtəhsil məktəbi, o cümlədən 64 orta, 16 əsas, 5 ibtidai ümumtəhsil məktəbi, 5 məktəbdənkənar müəssisə, 22 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir.

Rayonun ümumtəhsil məktəblərində 28460 şagird təhsil alır. Bu şagirdlərin təhsili və tərbiyəsi ilə 2381 nəfər pedaqoji işçi məşğul olur.

ötən dərs ilində 11-ci sinifləri bitirən məzunlardan 585 nəfəri sənəd vermiş, onlardan 128 nəfəri ali məktəblərə qəbul olunmuşdur. 10 nəfər şagirdimiz 500-dən yuxarı bal toplamışdır.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində də rayonda müəyyən işlər görülmüşdür.

Həyata keçirilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində rayonun ümumtəhsil məktəblərinə 614 ədəd kompüter, 14 ədəd noutbuk və proyektor alınıb verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli, 103 nömrəli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması ilə əlaqədar rayonun təlim-tərbiyə müəssisələrində müxtəlif tədbirlər həyata keçirilmişdir.

Konfransda çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı bildirdi ki, Azərbaycan MDB məkanında yeganə ölkədir ki, orta məktəb şagirdlərini pulsuz dərsliklərlə təmin edir. Milli Kurikulum əsasında hazırlanan dərsliklərin vəziyyətindən danışan natiq respublikada ümumtəhsil məktəblərinin dərsliklərlə təminatında heç bir problemin olmamasını qeyd etdi və təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı.

Sabirabad  Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəfadar Bağırov konfransı yekunlaşdırdı.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olundu.

 

Malik NOVRUZOV,

Şakir CƏFƏROV