· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yeni qiymətləndirmə müasir təhsil sistemində mühüm yer tutur

 

Azərbaycan təhsilinin son illər davamlı  inkişafı, dünyanın aparıcı ölkələrinin təhsil sahəsində əldə etdikləri təcrübəsinin  öyrənilərək təhsilimizə tətbiqi, bu sahədə qazanılan nailiyyətlərin hər bir ölkə vətəndaşının sevinclə qarşıladığı ən mühüm hadisələrdən biridir desək, bizcə yanılmarıq. ölkəmizdə təhsil sahəsində aparılan islahatların, əsaslı dəyişikliklərin, həyata keçirilən yeniliklərin bir məqsədi, amalı  var: təhsilin keyfiyyətinin yüksəldilməsi, dünyanın inkişaf etmiş ölkələrinin qəbul edəcəyi mütərəqqi və mükəmməl bir təhsil sisteminin yaradılması. Artıq bu sahədə bir neçə mühüm addım atılmaqdadır.  Təhsil tariximizdə ilk dəfə olaraq həyata keçirilən yeni qiymətləndirmə sistemi də təhsil sahəsində tətbiq edilən yeniliklərdən biridir. Bu haqda ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, filologiya elmləri namizədi Təranə Hacıyevaya bir neçə sualla müraciət etdik.

 

- Təranə xanım, təhsilimizdə tətbiq edilən yeni qiymətləndirmə sistemi haqqında oxucularımıza bir qədər geniş  məlumat verməyinizi xahiş edirik.

- ötən müddət ərzində təhsil sahəsində islahat proqramının ilkin mərhələləri artıq müvəffəqiyyətlə həyata keçirilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  müvafiq qərarları ilə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" və "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" kimi dövlət əhəmiyyətli mühüm sənədlər qəbul olunmuşdur.

Bilirsiniz ki, ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində artıq bir sıra mühüm addımlar atılıb. Təbii ki, ümumi təhsilin məzmununun  yeniləşdirilməsi şagird nailiyyətlərinin qiymətləndirməsi  sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Ənənəvi qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə əsaslanır, şagirdlərdə təlimə marağı azaldır, onlarda məsuliyyət hissinin  artırılmasına tam şəkildə xidmət etmirdi. Həmçinin ənənəvi qiymətləndirmə sistemi şagirdlərin inkişafını sistemli şəkildə izləməyə imkan vermir, onların  nailiyyətləri  keyfiyyət baxımından deyil, kəmiyyət baxımından qiymətləndirilir. Nəticədə şagird bir qayda olaraq, ancaq qiymət xatirinə oxuyur.

Sadalanan bu problemlərin həlli istiqamətində müəyyən əsaslı dəyişikliklərin zəruriliyi nəzərə alınaraq  Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" hazırlandı və qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə  təsdiq edildi.

Yeni qiymətləndirmə müasir təhsil sistemində mühüm yer tutur. Yeni qiymətləndirmə sistemində şagird nailiyyətlərinə kompleks yanaşılır, onun əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır.

Dünyada qəbul olunmuş və artıq tətbiq edilən qiymətləndirmə sistemi indikindən fərqli olaraq 3 komponenti - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edir.

Məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan buraxılış imtahanlarının forma və məzmunca təkmilləşdirilməsi, yeni mexanizmlərin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2005-2006-ci dərs ilindən etibarən mərhələlərlə ölkəmizin ümumtəhsil məktəblərində və peşə liseylərində mərkəzləşdirilmiş qaydada məktəbdaxili summativ qiymətləndirmə və buraxılış imtahanları həyata keçirilməkdədir. Hazırda bu imtahanlar ölkənin bütün ümumtəhsil məktəblərini və peşə liseylərini əhatə etmişdir.

- Elə söz imtahanlardan düşmüşkən, istərdik ki, orta təhsil kursu  üzrə  mərkəzləşdirilmiş qaydada keçirilmiş builki  imtahanlar, onların nəticələri barədə açıqlama verəsiniz.

- 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının coğrafiyası genişlənərək bütün respublikanı əhatə etdi. Biz bu işin olduqca çətin və məsuliyyətli olduğunu bilirdik. Ona görə həmin  məsələyə tələbkarlıqla yanaşaraq, yerlərdə də onun lazımi səviyyədə həyata keçirilməsi üçün bir neçə istiqamətdə iş apardıq.

Respublikanın bütün bölgələrində buraxılış siniflərinin şagirdlərini, valideynlərini, məktəb direktorları və fənn müəllimlərini əhatə edən təlimati iclaslar keçirildikdən sonra imtahanların obyektiv və şəffaf aparılması  üçün müvafiq tədbirlər görülmüş, sinifdə imtahan verən 18 şagirdin hər biri üçün ayrı-ayrı (18 variantda) test kitabça hazırlanmış, imtahan rəhbərləri və nəzarətçilər treninqlərə cəlb edilmişlər.

Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanları ölkə üzrə 4 bölgədə 293 mərkəzdə keçirilib.

İmtahanda iştirak etməli olan 99630 şagirddən 96591-i imtahan verib. İmtahanlarda iştiraketmə faizi 96,95 olub, 76825 şagird imtahanlardan müvəffəq qiymət alıb. ölkə üzrə müvəffəqiyyət göstəricisi 77,11 faiz olub. Şəhər və rayonlar arasında ən yüksək göstəricini - 94,31 faiz Sumqayıt əldə edib. Bakı üzrə orta göstərici 90,73 faizdir.

özəl məktəblər üzrə imtahanlarda iştirak faizi 99,07, müvəffəqiyyət göstəricisi 96,26 faizdir. Məcburi köçkün məktəblərinin buraxılış siniflərində müvəffəqiyyət   81,32 faiz olub.

Gördüyünüz kimi, builki imtahanların nəticələri ötən illə müqayisədə yüksəkdir. Sevindirici haldır ki, ölkə ictimaiyyətinin də bu məsələyə münasibəti artıq yaxşılığa doğru dəyişib.

Şagirdlər və valideynlər yeni formada keçirilən imtahanın  üstünlüklərini görürlər.  Orta ümümtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan  imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına  xidmət edir. Artıq şagirdlər tədris olunan fənlərin hamısına eyni səviyyədə münasibət bəsləyirlər. Bu isə çox yaxşı haldır.

- Qiymətləndirmə sisteminin digər 2 komponenti - milli və beynəlxalq qiymətləndirmə ilə bağlı nə kimi işlər həyata keçirilib?

- İlk dəfə olaraq beynəlxalq qiymətləndirmə 2006-cı ildə PISA proqramı çərçivəsində aparılmış və nəticələr 2008-ci ildə elan olunmuşdur. Növbəti keçirilən beynəlxalq şagird qiymətləndirilməsi proqramı - "PISA-2009" layihəsi ümumtəhsil məktəblərində və peşə liseylərində təhsil alan 15 yaşlı şagirdlərin "Yaşamaq üçün öyrənmək" sahəsində qabiliyyətlərinin qiymətləndirilməsini həyata keçirir. Cari dərs ilinin aprel-may aylarında "PISA-2009" üzrə əsas mərhələ imtahanları və sorğuları  həyata keçirilmişdir. Həmin mərhələdə 162 məktəbin 4761 nəfər şagirdi iştirak etmişdir. Hazırda imtahanın nəticələrinin qiymətləndirilməsi və nəticələrdən ibarət məlumatlar bazasının hazırlanması davam edir. Toplanmış məlumatlar emal və təhlil olunmaq üçün  Beynəlxalq Konsorsiuma göndəriləcəkdir.

Onu da əlavə edim ki, Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində kurikulum üzrə beynəlxalq qiymətləndirmənin həyata keçirilməsini təmin etmək üçün TIMSS və PRLS beynəlxalq qiymətləndirmə proqramına qoşulmağı məqsədəuyğun hesab etmiş və hazırda TSİİL ilə birlikdə həmin istiqamətdə hazırlıq işləri aparılır. Bu proqramlar üzrə qiymətləndirmənin əsas mərhələsi 2011-ci ildə başa çatdırılacaqdır.

Bu ilin mayında isə respublikanın 52 rayonunun 216 məktəbində 12960 nəfər IV və IX sinif şagirdini əhatə edən milli qiymətləndirmə həyata keçirilmişdir. Mən milli və beynəlxalq qiymətləndirmə ilə bağlı bir qədər açıqlama vermək istərdim. Milli və beynəlxalq qiymətləndirmələr şagirdin nailiyyətlərinə, yaxud onun dövlət sənədi (şəhadətnamə, attestat) almasına təsir etməyən qiymətləndirmədir. Milli və beynəlxalq qiymətləndirmənin nəticələri rəsmi sənəd kimi jurnallarda, məktəb sənədlərində qeyd edilmir. Milli qiymətləndirmə  təhsilə, məktəblərin fəaliyyətinə qiymət verməklə yanaşı, həm də təhsilə təsir edən amilləri öyrənir, təhsildəki proqnozlaşdırmaya, perspektivlərin  müəyyənləşdirilməsinə xidmət edir. Ona görə də bu qiymətləndirməni imtahan kimi deyil, sırf diaqnostik, belə deyək ki, tədqiqat xarakterli qiymətləndirmə kimi səciyyələndirmək lazımdır. Həmin məqsədlə şagirdlər üçün ana dili və riyaziyyat fənlərindən test imtahan kitabçaları, müəllimlər, şagirdlər, valideynlər və məktəb rəhbərləri üçün sorğu kitabçaları hazırlanmışdır.

İmtahan və sorğuların aparılmasına imtahan rəhbərləri cəlb olunmuş, onlarla treninqlər aparılmışdır. Hazırda imtahan və sorğunun nəticələrindən ibarət məlumatlar  bazası hazırlanır, yaxın müddətdə onların emalı və təhlili həyata keçiriləcəkdir.  Bununla bağlı hazırlanacaq analitik təhlil təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaqdır. Milli qiymətləndirmənin nəticələrindən yeni fənn kurikulumlarının hazırlanmasında istifadə olunması nəzərdə tutulur.

Məlumat üçün bildirim ki, 2011-ci ildə ölkənin bütün məktəblərində milli qiymətləndirmənin keçiriləcəyini nəzərə alaraq,  2010- cu ildə həmin işə hazırlıq gedəcək.

-  Yeni tədris ilində bizi hansı yeniliklər gözləyir? 

- Bu il əsas təhsil kursu  üzrə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi reallaşacaq. İmtahanların ana dili və riyaziyyat fənləri üzrə aparılması nəzərdə tutulur.

Orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının aparılması   ilə bağlı artıq kifayət qədər təcrübəmiz var və biz bu işi davam etdirəcəyik. Təbii ki, zəruriyyət yaranarsa, texniki dəyişikliklərin  edilməsi də istisna deyil, məzmun dəyişikliyi isə gözlənilmir.

Keçən il olduğu kimi, cari dərs ilində də şagird, valideyn, məktəb direktorları və fənn müəllimlərini əhatə edən təlimati işlər davam etdiriləcəkdir.

Bütün bunlarla yanaşı, yeni qiymətləndirmə siyasətinə uyğun olaraq ibtidai təhsil pilləsində qiymətləndirmə üsul və vasitələri, ayrı-ayrı fənlər üzrə məktəbdaxili qiymətləndirmə nümunələri hazırlanmış və bu layihələr ictimaiyyətin diqqətinə təqdim edilib.

Görüləsi işlər çoxdur. Qiymətləndirmə yalnız nəticələrin statistik baxımdan elan edilməsi ilə işini bitirmir. Buraxılış imtahanlarının nəticələri gələn ay  kollegiya iclasında  geniş müzakirə ediləcək və bununla bağlı müvafiq qərar qəbul olunacaq. Müzakirələr bununla bitməyəcək. İmtahanların nəticələri bir neçə istiqamətdən ətraflı  təhlil olunaraq, TSİİL-lə birgə keçiriləcək seminarlarda ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda 2009-2010-cu dərs ilində istifadəsi nəzərdə tutulan yeni formalı və yeni məzmunlu testlərin (açıq sualların) daxil edildiyi test kitabçaları çap olunub təhsil müəssisələrinə çatdırılacaqdır.

Qiymətləndirmə  ilə bağlı görəcəyimiz işlər bununla bitmir. Təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" bundan sonra qiymətləndirmə sahəsində həyata keçiriləcək tədbirlər üçün çərçivə sənədidir. Konsepsiya ölkədə yaxın illər ərzində təhsildə qiymətləndirmə məsələləri ilə bağlı  tədbirləri idarə etmək üçün nəzərdə tutulmuşdur. Yeni dərs ilindən bu istiqamətdə  bir sıra işlər həyata keçiriləcəkdir.

 

Müsahibəni apardı:

Samirə KƏRİMOVA