|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Peşə təhsili işçilərinin respublika konfransı
Sentyabrın 11-də 7 nömrəli Bakı peşə liseyində peşə təhsili işçilərinin respublika konfransı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, bir sıra şirkət və təşkilatların nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər. Konfrans iştirakçılarını salamlayan təhsil nazirinin müavini İsgəndər İsgəndərov giriş sözündə ölkəmizdə təhsil sahəsinə daim dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilməsini təqdirəlayiq hal kimi dəyərləndirdi. O xatırlatdı ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ilin avqustunda ilk olaraq təhsil ictimaiyyəti ilə görüşməyi zəruri saymış, bu sahənin problemlərini öyrənmiş və önəmli məsləhətlərini vermişdi. İndi isə ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində təhsil sahəsinin inkişafı istiqamətində mühum tədbirlər həyata keçirilir. Son dövrlərdə təhsilin müxtəlif sahələrində görülən işlərdən bəhs edən İsgəndər İsgəndərov konkret olaraq texniki peşə təhsilinin də diqqətdən kənarda qalmadığını bildirdi. "Azərbaycan Respublikasında texniki peşə təhsilinin mövcud vəziyyəti: problemlər və perspektivlər" mövzusunda məruzə-təqdimatla çıxış edən Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov qeyd etdi ki, hazırkı dövrdə Avropa və beynəlxalq əmək bazarının inkişaf tendensiyasına əsasən cəmiyyət və iqtisadi sistem bu bazanın tələblərinə uyğun işçi qüvvəsi hazırlamağı bacaran peşə təhsili sistemi olmadan mövcud ola bilməz. Belə ki, bu gün hər hansı bir işi yerinə yetirmək üçün sifarişçilər (işə götürənlər) standart əsas biliklər və bacarıqlar tələb edirlər. Bu bilik və bacarıqlar isə peşə təhsili sistemi ilə təmin edilir. Peşə təhsili gənclərə nəinki gələcək işə aid bacarıqlar öyrədir, eyni zamanda xarakterlərinin formalaşmasına xidmət etməklə dünyanı onların üzünə açır. Hazırda respublika üzrə cəmi 108 texniki peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyini deyən Namiq Məmmədov bu sahənin maliyyələşdirilməsi, peşə təhsili müəssisələrinin dislokasiyası, şagirdbaşına ayrılan vəsait və s. məsələlər üzrə göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırdı. Məruzəçi son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsilinin də müasirləşməsi, maddi-texniki bazanın güclənməsi və peşə təhsili sisteminin yeniləşməsi zərurətini yaratdığını bildirərək Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın bu sahənin inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu vurğuladı. Daha sonra natiq Dövlət Proqramının əsas istiqamətləri - texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, texniki peşə təhsilinin məzmunca müasir tələblər səviyyəsində yeniləşdirilməsi, texniki peşə təhsili sistemi üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi və texniki peşə təhsilinin ictimai statusunun yüksəldilməsi üzrə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi və slaydları nümayiş etdirdi. Ayrı-ayrılıqda hər bir istiqamət üzrə mövcud olan problemlər haqqında danışan məruzəçi onların aradan qaldırılması ilə bağlı təkliflərini səsləndirdi və perspektivdə qarşıda duran vəzifələrdən bəhs etdi. Sonra məruzə-təqdimat ətrafında çıxışlar oldu. "Kür" MMC-nin prezidenti Rizvan Osmanov və "Azersun Holdinq"in tədris şöbəsinin rəhbəri Şahnaz Maqat da öz çıxışlarında peşə təhsili müəssisələrinin ayrı-ayrı şirkət və təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasının əhəmiyyətli rolundan bəhs etdilər və təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətindən söz açdılar. Digər çıxışlarda texniki peşə təhsili sahəsinin inkişafı ilə bağlı müxtəlif fikirlər və təkliflər səsləndi. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov verilən hər bir təklifə öz münasibətini bildirdi. Bununla da peşə təhsili işçilərinin respublika konfransı başa çatdı.
Hicran ƏKBƏROVA
|