· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Ən yaxşı məktəb, ən yaxşı müəllim

Yüksək mükafatın sevinci və məsuliyyəti

 

İki il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında" sərəncam imzalayanda buna ən çox sevinənlərdən biri də Bakının 267 nömrəli məktəb-liseyinin kollektivi olmuşdu. çünki həmin il özünün 25 illiyini qeyd edən bu təhsil ocağında mükafatların və onları almaq üçün keçiriləcək müsabiqələrin təhsil müəssisələri arasında sağlam rəqabət yaradacağına, yenilikçilik uğrunda mübarizəyə güclü təkan verəcəyinə, yaradıcı fəaliyyət üçün stimul rolunu oynayacağına möhkəm inanırdılar.

 

Məhz bu inamla da məktəb-lisey ötən il keçirilən müsabiqədə özünün bir müəllimi ilə iştirak etməyi qərara aldı və ilk təşəbbüs uğurlu alındı: ərəb dili müəllimi Nailə Cəlilova "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən olub mükafat qazandı.

Bu qələbə kollektivin daha keyfiyyətli təhsil naminə səylərini artırdı, özünə inam hissini gücləndirdi və təhsil ocağı bu il öz namizədliyini "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə verdi.

Nəticə, göründüyü kimi, sevindiricidir: 50 ən yaxşı məktəb sırasında 267 nömrəli məktəb-liseyin də adı var.

Qələbələrini böyük sevinc və fərəh hissi, ölkə başçısına minnətdarlıq duyğuları ilə qarşılamış təhsil müəssisəsinin pedaqoji kollektivinin üzvləri mükafatın arxasında həm də yüksək məsuliyyət hissinin durduğunu yaxşı başa düşür və yeni dərs ilinə öz məsuliyyətlərini daha da artırmaq, novatorluq axtarışlarına daha yaxından qoşulmaq, təhsilimizdəki yenilikləri daha fəal müdafiə edib tətbiqinə çalışmaq əzmi ilə başlayırlar.

267 nömrəli məktəb-lisey 1982-ci ildə orta məktəb kimi yaradılıb. Fəaliyyətə başladığı ilk gündən ona təhsil məsələlərini yaxşı bilən, yenilik tərəfdarı, idarəetmə sahəsində kifayət qədər səriştəsi olan Adilə Orucova rəhbərlik edir. ötən müddət ərzində onun səyləri ilə tədris ocağında işgüzar kollektiv, qarşılıqlı səmimiyyətə və tapşırılan iş üçün məsuliyyətə əsaslanan mənəvi-psixoloji iqlim, yaradıcılıq mühiti formalaşmışdır. Bu təhsil ocağında hazırda 1362 şagird təhsil alır. 150 müəllim onların təlim-tərbiyəsi ilə məşğuldur. Müəllim kollektivi öz işinin ustası olan peşəkarlardan formalaşıb. Müəllimlərin 92 faizi ali təhsillidir. Məktəb-liseyin direktoru Adilə Orucova idarəetmə fəaliyyətində demokratik prinsiplərə, kollegiallığa üstünlük verir, məktəb həyatının bir sıra mühüm məsələlərinin həllində pedaqoji kollektiv üzvlərinin, şagird və valideylərin fikirləri, rəy və təklifləri nəzərə alınır.

A.Orucovanın uzunillik və qüsursuz direktorluq fəaliyyəti, təhsilimiz qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş, 2005-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir.

2008-ci ildə əsaslı təmir olunmuş məktəb-liseydə normal təhsil mühiti yaradılmışdır.

Müasir tərtibatlı fənn kabinetləri, zəruri ədəbiyyatla təchiz edilmiş zəngin kitabxana, İnternetə qoşulmuş kompüter sinfi dərslərdə yeni təlim texnologiyalarının, interaktiv təlim üsullarının tətbiqinə imkan verir. Təlimin keyfiyyətini və məzmununu yaxşılaşdırmaq üçün məktəb-liseydə daim iş aparılır, tez-tez "açıq dərs"lər keçirilir, dərslərdə elektron dərsliklərdən, metodik vəsaitlərdən və plakatlardan geniş istifadə olunur, müxtəlif mövzularda "dəyirmi masa"lar, metodistlərlə görüşlər təşkil olunur. 2008-ci ildə məktəb-liseydə BPKİ və Yİ əməkdaşlarının iştirakı ilə "Fitri istedada malik şagirdlərlə pedaqoji iş sistemi", "Yaş psixologiyasının əsas məfhumları" mövzularında seminarlar keçirilmişdir. Müəllimlər müxtəlif mövzularda keçirilən kurslarda da fəal iştirak edirlər.

Milli Kurikulumla əlaqədar məktəb-liseydə intensiv iş aparılır. Yeni fənn kurikulumları ilə işləyən I siniflərin dərsləri daim öyrənilir və müzakirə edilir. Kurikulumla əlaqədar keçirilən kurs və seminarlarda müəllimlərin iştirakı təmin olunur.

267 nömrəli məktəb-lisey müsabiqə üçün əsas götürülən bir çox şərtlər üzrə yaxşı göstəricilərə malikdir. Həmin şərtlərdən biri olan məzunların ali məktəblərə qəbulunda son üç ildə məktəb-liseydə sabit nəticələr əldə olunub. Belə ki, 2006-cı ildə məzunların 40,69, 2007-ci ildə 30, 77, 2008-ci ildə isə 43,6 faizi ali məktəblərə qəbul olunub. Məzunların orta bal göstəricisi isə 2006-cı ildə 249, 753, 2007-ci ildə 246,714, 2008-ci ildə 297,409 olmuşdur. Qəbul imtahanlarında 500-700 bal toplamış məzunların sayı da getdikcə artmış, keçən il 23 faiz olmuşdur. Son 3 ildə məktəb-liseyin ali məktəblərə qəbul olunmuş məzunlarından 11 nəfəri 600-dən çox bal toplamış, 1 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.

Məktəb-liseyin şagirdləri fənn olimpiadalarında, yaradıcılıq müsabiqələrində fəal iştirak edirlər. 2006-cı ildə 3, 2007-ci ildə 8, 2008-ci ildə isə 4 nəfər şagird olimpiadaların şəhər turunun ikinci mərhələsində iştirak etmiş, 2006-cı ildə 1 nəfər şagird - Nihad Mustafayev Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika olimpiadasında II yerə çıxmışdır. XI sinif şagirdi Maya Hümbətova ötən il keçirilmiş "Biz Heydər Əliyev irsini öyrənirik" müsabiqəsinin şəhər mərhələsində ədəbi-bədii layihələr nominasiyası üzrə qalib olmuşdur.

Məktəb-liseyin şagirdlərinin idman göstəriciləri də diqqətçəkəndir. IX "v" sinif şagirdi Murad Əliyev su polosu üzrə beynəlxalq yarışda II yerə çıxmış, X "v" sinif şagirdi Kamran Bağırov cüdo üzrə Bakı birinciliyində I yeri tutmuşdur.

ümumiyyətlə, məktəb-liseydə istedadlı şagirdlərlərlə işə xüsusi fikir verilir. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən, nazirliyin müvafiq əmri ilə 267 nömrəli məktəbin bazasında məktəb-lisey yaradılmışdır.

Məktəb-liseydə tərbiyə işlərinə, xüsusən də hərbi vətənpərvərlik tərbiyəsinə böyük diqqət ayrılır. Son illərdə burada rayon və şəhər səviyyəsində xeyli tədbir keçirilmişdir. Bunlara misal kimi "çiçəklən doğma yurdum, Azərbaycan", "Yaroslavl günləri" mövzularında ədəbi-bədii gecələri, Misir Ərəb Respublikasının, Liviyanın və Səudiyyə Ərəbistanının səfirlikləri ilə birgə keçirilmiş tədbirləri, məktəbin 25 illik yubiley mərasimini, 31 Mart soyqırımı gününə, 2 Fevral - Gənclər gününə həsr olunmuş tədbirləri göstərmək olar. Hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə müharibə veteranları dəvət olunur. Vaxtaşırı olaraq şagirdlərin Fəxri xiyabana, Şəhidlər xiyabanına ekskursiyaları təşkil edilir.

Məktəbin şagirdləri keçirilən hərbi-idman oyunlarında da fəal iştirak edirlər. Təhsil ocağının komandası 2006-cı ildə "Cəsurlar" hərbi-idman oyunlarının finalında III yerə çıxmışdır.

267 nömrəli məktəb-liseyin daim novatorluq axtarışlarında olan pedaqoji kollektivi qazanılan qələbəni qoruyub saxlamaq fikrindədir. Məhz buna görə də mükafat kimi verilmiş vəsaitin məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsinə, innovativ fəaliyyətlərin stimullaşdırılmasına xərclənməsi nəzərdə tutulur.

 

 

 

 

 

"Müsabiqənin obyektiv keçməsindən çox razı qaldım"

 

Azərbaycanın təhsil tarixində Prezident sərəncamı əsasında ikinci dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri bu günlərdə elan olunaraq qaliblər mükafatlandırılıb. 50 ümumtəhsil məktəbinin kollektivi, 100 müəllim hələ də qələbənin gətirdiyi sevinc içərisindədirlər. Yeni dərs ilinin ilk günlərində "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən birinin - Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Xuraman Şabaninin sevincini biz də bölüşdük.

 

İlin ən yaxşı müəllimi bizimlə söhbətə təhsilə, təhsil işçilərinə həmişə böyük diqqət və qayğı göstərən, onların çətin, şərəfli əməyini yüksək dəyərləndirən, müsabiqələrin keçirilməsi barədə verdiyi sərəncamlarla ölkə təhsilinin inkişafına təkan verən rəqabət mühiti yaratdığına, müəllimlərə öz bilik və bacarıqlarını nümayiş etdirməyə imkan açdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, müsabiqənin təşkilati işlərinin yüksək səviyyədə həyata keçirilməsindəki, yarışmada obyektivliyin və şəffaflığın təmin olunmasındakı zəhmətinə görə Təhsil Nazirliyinə, nazirə və müsabiqə komissiyasının üzvlərinə minnətdarlığını bildirməklə başladı. Müsabiqənin onda necə təəssürat yaratması barədəki sualımızın cavabında isə Xuraman Şabani: "Müsabiqənin obyektiv keçirilməsindən onda iştirak edən bütün həmkarlarım kimi mən də çox razı qaldım. Müsabiqədə əsl müəllimlər qalib adını qazanıb", - deyə cavablandırdı. Bir anlığa xəyala daldı. Gözü yol çəkə-çəkə: "Məktəb illərində "Böyüyəndə kim olacaqsan" mövzusunda inşa yazarkən "Müəllim olacağımı yazmışdım" - dedi və əlavə etdi: "Uşaqlara olan hədsiz istəyim məni ibtidai sinif müəllimi olmağa sövq edirdi".

Budur, artıq neçə illərdir ki, o, arzusuna qovuşub. çox sevdiyi uşaqlara əlifbanı öyrədir, əllərindən tutub elmin çətin yollarında ilk addımlarını atdırır. Xuraman müəllimin fikrincə, ibtidai sinif müəllimliyi olduqca çətin və məsuliyyətli peşədir. İbtidai sinifdə uşaqların təhsilinin təməli qoyulur. Bu bünövrə elə möhkəm olmalıdır ki, uşaqlar gələcəkdə alacaqları biliklə bu təməlin üzərində bir elm məbədgahı tikə bilsinlər.

Əvvəldən arzusu  ibtidai sinif müəllimi olmaq olsa da, tale elə gətirib ki, əvvəlcə ADPU-nun riyaziyyat fakültəsini bitirib. Sonra ikinci ali təhsil alaraq ibtidai sinif müəllimi ixtisasına yiyələnib. Müsabiqədə qələbəsi bu seçimin düzgün olduğunu, Xuraman müəllimin məhz ibtidai sinif müəllimi kimi özünü artıq təsdiq etdiyini, ölkənin ən yaxşı müəllimləri sırasına çıxdığını sübut etdi. X.Şabani dərslərində ancaq yeni təlim üsullarından, fəal dərsin interaktiv təlim metodlarından istifadə edir. Onun fikrincə, bu metodlar şagirdlərin təlimə marağını artırır, onların idrakını, təfəkkürünü inkişaf etdirir,  onlara  sərbəst rəy söyləmək bacarığı aşılayır.

"Necə oldu ki, müsabiqəyə qoşuldunuz" sualıma o, belə cavab verdi: "Keçirdiyim hər "açıq dərs"in sonunda məktəbimizin direktoru, dərslərimdə iştirak edən digər müəllimlər mənə müsabiqədə iştirak etməyi tövsiyə edirdilər. Mən həyəcanla deyirdim, bəlkə hələ tezdir. Lakin içimdə bir qüvvə müsabiqəyə hazır olduğumu deyirdi. Müsabiqənin şərtləri ilə tanış oldum və sənədlərimi hazırlayıb təqdim etdim.

üç mərhələdən ibarət müsabiqənin II turu xüsusilə maraqlı idi. Bu turda indiyədək dərs demədiyimiz uşaqlara dərs keçməli idik. Bu isə müəllimdən olduqca böyük ustalıq və məharət tələb edir. Möhkəm həyəcanlanmışdım.

Bütün bunlara baxmayaraq, dərsimi normal dedim və o, bəyənildi. üç mərhələnin nəticəsinə görə 20,56 balla 100 müəllim arasında 13-cü yeri tutmuşam. Müsabiqədə iştirak etmək çox çətin və maraqlı idi".

"Ən yaxşı müəllim" müsabiqəsinin digər qalibləri kimi X.Şabani də möhtərəm Prezidentimizin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 5000 manat məbləğində pul mükafatı ilə mükafatlandırılıb. Qalib müəllim həmin pulun hamısını sinfinin tərtibatına, proyektor almağa sərf etmək fikrindədir.

 

Y.ƏLİYEV