|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müvafiq tədbirlər həyata keçirilir
2009- 2010 -cu tədris ilində Ağsu rayonunda fəaliyyət göstərəcək 70 ümumtəhsil məktəbində və 4 məktəbdənkənar müəssisədə yeni dərs ilinə hazırlıq işləri artıq başa çatıb. Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasiyevdən aldığımız məlumatda bildirilir ki, Kəndoba orta, Cəfərli, Sanqalan əsas məktəblərində əsaslı təmir, Padarqışlaq orta məktəblərində isə cari təmir işləri aparılıb.Yeni dərs ilində təlim -tərbiyənin səviyyəsini yüksəltmək, əmək intizamını möhkəmləndirmək üçün müvafiq tədbirlər hazırlanmış və həyata keçirilməsinə başlanılıb. Bundan başqa, təhsil şöbəsinin şura iclasında ötən dərs ilinin yekunları ciddi müzakirə olunub və buraxılan nöqsanlar aidiyyəti işçilərin nəzərinə çatdırılıb. Bu il I siniflərdə işləyəcək 75 ibtidai sinif müəllimi üçün 5 günlük öyrədici kurslar təşkil olunmuş, keçirilən treninqlərdə fənn kurikulumlarının struktur və məzmunu, yeni təlim strategiyaları, yeni qiymətlənirmə mexanizmlərinin tətbiqi və s. öyrənilmişdir. Hazırda məktəblərdə şagirdlərin dərsliklərlə təminatı yüksək səviyyədə təşkil olunmuş və rayona təyinatla gəlmiş gənc müəllimlər üçün də hər cür şərait yaradılmışdır.
Yeni kafedralar fəaliyyət göstərəcək
2009-2010-cu tədris ilindən Azərbaycan Dillər Universitetində təlimdə innovasiyalar və əlavə təhsil, ibtidai sinif, rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə yeni kafedralar fəaliyyətə başlayacaq. Artıq Elmi Şuranın qərarı ilə iyundan bu istiqamətdə hazırlıq işlərinə başlanıb. Həm də bu yeniliklər sırasında ADU-nun roman-german filologiyası fakültəsinin adı dəyişdirilərək filologiya fakültəsi adlandırılıb. Şakir CƏFƏROV
ADU-da tərcümə fakültəsi yeniləşib
Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində əsaslı islahatlar aparılıb. 2009-2010-cu tədris ilinə həsr olunmuş ilk iclasda ADU-nun rektoru, professor Səməd Seyidov bildirdi ki, tərcümə fakültəsi və tərcümə ixtisası Azərbaycanın dövlət müstəqilliyini əks etdirən strateji ixtisaslardan biridir. Tərcümə ixtisasına yiyələnmək dövlətin, millətin dilini bütün dünyaya çatdıraraq Azərbaycanı dünyada tanıtmaq və onların mədəniyyətlərini Azərbaycana gətirmək deməkdir. Tərcümə fakültəsində baş verəcək yeniliklər gələcəkdə bütün universiteti, ADU-nun Azərbaycan təhsil sistemində simasını dəyişdirəcək. Tərcümə fakültəsinin yenidən qurulması üçün lazımi şəraitin yaradıldığını söyləyən rektor S.Seyidov nəzərə çatdırdı ki, bu tədris ilində tərcümə fakültəsində auditoriyadankənar saatlar artacaq. 2009-2010-cu tədris ilində eksperimentin hələlik I kurslara şamil ediləcəyini vurğulayan professor S.Seyidov qeyd etdi ki, 2009-2010-cu ildə ADU-nun tərcümə fakültəsinə daxil olan tələbələr tərcümə ixtisası üzrə bizim tələblərimizə uyğun öz fəaliyyətlərini təşkil edəcəklər. S.Seyidov onu da bildirdi ki, Azərbaycanın təhsil sistemində aparılan islahatlar, yeniliklər prosesində ADU öndə gedən ali təhsil müəssisəsinə çevrilib və bu istiqamətdə görülən işlər bütün fakültələrdə aparılır.
|